2020-ci ildə Babək rayonu ərazisində əkin sahələrinin genişləndirilməsi, torpaqların su təminatının yaxşılaşdırılması, suvarılan ərazilərin şoranlaşmasının qarşısının alınması, əhalinin içməli suya olan tələbatının etibarlı şəkildə ödənilməsi üçün tədbirlər davam etdirilib. Bu dövrdə əkin sahələrinə 70,9 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla 63 min 553 hektar torpaq sahəsi suvarılıb.
Rayon ərazisində yerləşən su anbarlarına 69,9 milyon kubmetr su ehtiyatı toplanıb. İl ərzində 20,4 kilometr beton və torpaq kanal, 37 kilometr ara arxlar, 11 kilometr kollektor lildən təmizlənib, 14,6 kilometr yeni suvarma boru xətti, 16,8 kilometr yeni içməli su xətti çəkilib, 3 yeni subartezian quyusu qazılıb. Ötən il melioratorlar tərəfindən şoranlaşmanın qarşısını almaq üçün tədbirlər görülüb, sahələrə suvarma normaları daxilində suvarma suyu verilib, qrunt sularının səviyyəsini aşağı salmaq məqsədilə açıq və qapalı drenajlarda, kollektorlarda lildən təmizlənmə işləri yerinə yetirilib, yeni açıq və qapalı drenaj xətləri çəkilib. Nəticədə, 431,9 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Hesabat dövrü ərzində torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə rayon ərazisindəki Cəhriçay, Naxçıvançay vadilərində, Payız və Qahab selovlarında il ərzində 4 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib. 2020-ci ildə əkin sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə Heydər Əliyev Su Anbarından başlayan Yeni Sağ Sahil magistral kanalında təmir işləri başa çatdırılıb. Uzunoba Su Anbarının yaxınlığında olan təpədə meyvə ağaclarının əkilməsi üçün 2,7 hektar sahəni əhatə edən 7 terras hazırlanıb. Bu dövrdə əhalinin içməli su təminatının və kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər də davam etdirilib. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Nehrəm qəsəbəsi və Araz kəndində 50,8 kilometr içməli su, 48,4 kilometr kanalizasiya xətti çəkilib, 311 evin içməli su, 219 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti
“Şərqin səhəri” qəzeti