Cəhri qəsəbəsindəki Heydərxanlı məscidi yenidən inşa olunur

A- A A+

Qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvanda tarixi keçmişimizi əyani şəkildə əks etdirən abidələrin qorunması, yaşadılması istiqamətində hər il genişmiqyaslı işlər görülür, tarixi tikililər, türbələr, məscid və ziyarətgahlar bərpa olunur, onlara ikinci həyat verilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi Heydərxanlı məscidi də özünün orijinal layihəsi əsasında yenidən inşa olunur. İbadət ocağı ikimərtəbəli olacaq. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr olacaq və burada axund otağı da yaradılacaq.

Qeyd edək ki, Cəhri qəsəbəsində yerləşən və el arasında Heydərxanlı məscidi kimi tanınan ibadət ocağı Naxçıvanda orta əsrlərdə yaradılan məscidlərdən biridir. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvanın məscid və ziyarətgahları” kitabında həmin məscid barədə yazıb: “Heydərxanlı məhəlləsində yerləşən bu məscidin divarları kvadrat formalı çiy kərpicdən inşa olunub, fasadı bişmiş kərpiclə üzlənib. Məscid qoşamehrablıdır. Qeyd etmək lazımdır ki, Naxçıvan bölgəsində qoşamehrablı məscidlərə, demək olar ki, nadir hallarda rast gəlinir. Xüsusi memarlığa, qədim tarixə malik olan məscid hazırda yarımuçuq vəziyyətdədir”.

Həmin nəşrdə müəllif qeyd edir ki, XV əsrə aid olan ibadət ocağı sovet hakimiyyəti illərində təsərrüfat məqsədilə anbar kimi istifadə olunub. Məqsəd ondan ibarət idi ki, xalqımız milli və dini dəyərlərimizdən uzaq düşsün. Beləliklə, Heydərxanlı məscidi həmin dövrdə baxımsızlıq ucbatından güclü aşınmaya məruz qalıb, divarları və dam örtüyü uçub dağılıb.

Bu gün Cəhri qəsəbəsində 6 məscid və son dövrlərdə tikilən 2 mərasim evi var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: