Böyük Qələbəyə bir neçə saat qalmış şəhid olan baş leytenant İlkin Muradlı - VİDEO

A- A A+

Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur. Vətən müharibəsində bu zirvəyə ucalan, müqəddəs amallar uğrunda döyüşən, qorxunun nə olduğunu bilmədən Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də Şahbuz rayonundan olan İlkin Muradlıdır. Böyük Qələbəyə saatlar qalmış gəncliyini, ömrünü vətənə fəda edən İlkin adını heç zaman unudulmayacaq qəhrəmanlarımızın sırasına yazıb.

İlk təhsilini Şahbuz şəhər tam orta məktəbində alan İlkin Muradlı riyaziyyat fənnini daha yaxşı oxusa da, uşaq yaşlarından zabit olmaq arzusu ilə böyüdü. Məktəb illərində onu riyaziyyat fənni üzrə bacarığının ardınca həvəsləndirməyə çalışsalar da, nə valideynləri, nə də müəllimi onun sevdiyi peşədən, hərbçi olmaq arzusundan döndərə bilmədi. 

Zabitlik peşəsinin arxasınca gedən igid İlkin  əvvəlcə Naxçıvanda  Heydər Əliyev adına  Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir, çalışqan kursant və nümunəvi hərbçi kimi ad qazanır.                                                

Qəhrəmanımız 2017-ci ildə təhsilini bitirdikdən sonra Gəncə şəhərindəki hərbi hissələrin birində kəşfiyyat tağım komandiri vəzifəsinə təyin olunur. Bu vəzifədə öz hərbi bacarıqlarını daha da təkmilləşdirir, peşəkar bir zabit kimi formalaşır. Sonralar Ağsu və Tovuz rayonlarında xidmətini davam etdirən cəsur döyüşçü 3 il ard-arda “İlin ən yaxşı kəşfiyyatçısı” seçilir, "Azərbaycan Ordusunun 100 illiyi yubileyi" medalı ilə təltif olunur.

İlkin Muradlı minlərlə qəhrəman hərbçilərimizdən biri kimi Vətənin haqq səsinin ardınca ötən il sentyabrın 27-də odlu-alovlu cəbhəyə atılır. Murovdağın çətinliklərlə dolu yüksəkliklərində, Hadrut və Şuşa əməliyyatlarında ağır döyüşlərdə iştirak edir.

O, arzusunda olduğu Qələbəni xalqımıza yaşadanlardan olsa da, özü bu zəfərin canlı şahidi ola bilmir. Noyabrın 9-da qələbəyə bir neçə saat qalmış Laçın dəhlizi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Son zəngi zamanı qardaşının doğum gününə Qarabağı hədiyyə edəcəyini vəd edir və canı bahasına bu vədə əməl edir.

Yaxınları onu daim cəsur, ailəcanlı, dostcanlı, mehriban, yüksək mədəni və əxlaqi dəyərlərə malik vətənpərvər bir övlad kimi xatırlayacaq.

Bakı şəhərində yaşayan qohumları İlkinin vətənpərvərliyindən söhbət açaraq bildirirlər ki, o məzuniyyətə gələndə birinci Şəhidlər xiyabanını ziyarət edər, şəhidlərimizin qanını yerdə qoymayacağına söz verərdi. 

Ailənin ikinci övladı Heydər Muradlı da İlkinin təkidi ilə zabitlik peşəsini seçir. Qardaşı ilə çiyin-çiyinə vuruşan Heydər Muradlı ölkə başçısının sərəncamı ilə “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilir.

Qeyd edək ki, şəhid baş leytenant İlkin Muradlı Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “ Kəlbəcərin azad olunmasına görə”  medalları  ilə təltif edilib. Azadlığa qovuşan Qarabağ İlkin Muradlı kimi oğullarımızın qəhrəmanlıq dastanına şahidlik edən müqəddəs torpaqlarımızdır.

Naxçıvan televiziyasının əməkdaşları şəhid baş leytenant İlkin Muradlı ilə bağlı reportaj hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin reportajı təqdim edir:

 

                                 Novruz Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: