Vətən müharibəsinin Ənvər paşası – şəhid leytenant Ənvər Əliyev - FOTOLAR
Qarşımda bir şəkil var. Zahiri görünüşcə sakit təbiətli, daxilən isə çılğın, qorxmaz, cəsur bir obraz boylanır o şəkildən… Vətən müharibəsinin qəhrəman oğlu, şəhid leytenant Ənvər Əliyev…
Atası ona türk hərb tarixində böyük rol oynamış hərbçi və siyasi xadim, şəhid Ənvər Paşanın adını qoyubmuş. Oğluna fəxrlə bu adı qoyanda ata heç ağlına da gətirməzdi ki, oğlu böyüyəcək, elə Ənvər Paşa kimi bir qəhrəman olacaq. Oğlu ilə bağlı arzuları çox idi Nizami Əliyevin. Ənvərin oğluna da Nuru Paşanın adını verəcəkdi. Amma nə biləydi ki, Ənvər ömrünün bahar çağında canını vətənə pay verməklə atasına, elinə qürur yaşadacaq.
Qəhrəman bir ailədə doğulmuşdu Ənvər. Babası Həsən kişi 1941-1945-ci illər müharibəsinin qəhrəmanı, nənəsi Sona xanım isə o illərdə arxa cəbhə veteranı olmuşdu. Həsən kişi oğullarının hərbçi olmağını istəsə də, onun bu arzusunu nəvəsi Ənvər reallaşdırdı.
Kəmalə Hüseynova vaxtilə Ənvərə dərs deyib. Bəlkə də hamıdan yaxşı tanıyıb o vaxt sinifin ən boyca kiçik şagirdi olan, bu gün isə Vətənin ən böyük oğullarından biri olan, elinə baş ucalığı gətirən Ənvəri. “40 illik pedaqoji fəaliyyətim dövründə Ənvər kimi ikinci bir şagirdə rast gəlmədim. Ənvər Mirzə İbrahimovun “Azad” hekayəsindəki Azad obrazı idi mənim üçün. Ənvərin təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmək istədiyini eşidəndə inana bilmədim ki, bu qədər sakit təbiətli bir insan necə olar ki, hərbçi olmaq istəsin. Sonralar gördüm ki, onun daxilində nə böyük bir təlatüm var imiş. Ənvər bu gün əməli ilə özünü təsdiqlədi. Ənvərin şəhidlik xəbərini eşidəndə bir daha inandım ki, Tanrı bu zirvəyə hər kəsi layiq bilmir”.
Oxumağa olan həvəsi onu vaxtından 1 il tez məktəbli etmişdi. Özündən yaşca böyük qardaşı Əkrəmlə bir sinifdə oxumuşdular. Təkcə qardaş yox, yoldaş, sirdaş olmuşdular bir-birilərinə. Hələ məktəbli ikən qardaşını qoruyan, dərslərində ona həmişə kömək edən Ənvər şəhidliyi ilə də qürur yaşatdı qardaşına.
Hərbi geyimə, hərbçi peşəsinə sevgi körpə yaşlarından baş qaldırmışdı Ənvərin qəlbində. Məhz bu istəyi onu 2012-ci ildə oxuduğu Axaməd kənd orta məktəbindən Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə apardı. Ənvər Hərbi Liseydə oxuduğu illərdə də dərslərində fəallığı, davranışı, vətənpərvərliyi, mənəvi keyfiyyətləri ilə seçilən kursant oldu, neçə-neçə fəxri fərmanlara, medallara, təşəkkürnamələrə, “ilin ən yaşı kursantı” adına layiq görüldü. 2015-ci ildə buradakı təhsilini nümunəvi attestatla bitirəndə yaxşı oxuduğu üçün Türkiyə Respublikasının Ankara şəhərində Quru Qoşunlarına göndərildi. Orada oxuduğu dövrdə müəllimləri elə Ənvər paşa dedilər ona. 2016-cı ildə Vətənə qayıdaraq təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirən Ənvər Əliyev 2020-ci ilin 1 iyul tarixində Tərtər rayonunda hərbçi kimi şərəfli xidmətinə başladı. Vətən müharibəsində Talış kəndi və Suqovuşan uğrunda gedən döyüşlərdə elə Ənvər paşa kimi bir qəhrəman olduğunu təsdiqlədi. Oktyabrın 14-ü isə Talış yüksəkliyində 2 əsgəri ilə birgə top mərmisindən şəhidlik məqamına ucaldı.
Ənvər lap 10 yaşında da 50 yaşında insan kimi hərəkət edirdi. Oğuldan oğul, dostdan dost idi. Evinin son beşiyi, elinin qəhrəmanı ilə fəxr edən Nizami Əliyev “kimin belə oğlu var?”,- deyir. Oğlunun təhsilindəki uğurlarından, vətənə xidmətindən qürurla söz açır, beli bükülsə də, başını dik tutan ata. Oğlu üçün burnunun ucu göynəyən, sadəcə cansız şəkillərinə baxaraq ovunan, “oğlumun işğaldan azad etdiyi, uğrunda canını fəda etdiyi o torpaqlara tezliklə gedəcəm”,- deyən ata Ənvərin təhsilindəki uğurlarından söz açdıqca düşünürsən ki, təhsilində bu qədər uğurlar əldə edən bir leytenant Ənvər Əliyev yaşasaydı, vətənə xidmətini davam etdirsə idi, yəqin ki, daha böyük uğurlar qazanacaqdı, daha böyük rütbələr alacaqdı. Kim bilir? Bəlkə də general olacaqdı. Amma hər halda bütün bu uğurlardan üstün oldu onun Qarabağa ayaq basması, o torpaqlar uğrunda vuruşması və bir ulduza dönməsi, şəhidlik məqamına yüksəlməsi. Bu dünyada ölümsüzlük qazanan Ənvər seçilən bir oğul oldu. İstər təhsilindəki, istərsə də xidmətindəki hər bir uğurunun sevincini ilk dəfə anası ilə bölüşdü. O uca məqama yüksələcəyini hiss edəndə də anasına zəng vurdu. “Sən qəhrəman anasan”,- dedi Gövhər xanıma, - bir də dekabrın 20–i gələcəyəm”. Amma dekabrın 20-si yox, oktyabrın 18-i Müstəqillik Günündə al bayrağa bürünmüş tabutu ilə, şan ilə, şərəflə gəldi evinə, elinə… Ana və vətən sözləri qoşa çəkilsə də, ana sevgisi vətən sevgisinə bərabər tutulsa da, Ənvər də yüzlərlə oğul kimi vətəni anadan da üstün tutdu. Bildi ki, qansız, qadasız olmur Vətən. Uğrunda qan tökməli, can verməli, onu qorumalısan, yaşatmalısan.
Ölümündən sonra Azərbaycan Respublikasının sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülən, fədakar, qəhrəman Gövhər ananın böyütdüyü Ənvərin qısa, amma şərəfli bir ömür yolu oldu. Hələ övladının çiçək açmayan çox arzuları yarımçıq qaldı, hələ xidmətini davam etdirəcək, sevdiyi qızı anasına gəlin gətirəcəkdi. Amma o, milyonlarla insanı “Qarabağa getmək arzusuna” qovuşdurmağı öz arzularından üstün tutdu… 30 il Qarabağlıyam deyəndə utanan, narahat olan, vətən həsrəti ilə göz yaşları selə dönən insanları Ənvər kimi minlərlə oğullar yenidən Qarabağlı etdilər, yenidən Qarabağa qaytardılar. Onlar minlərlə anaları övladsız, övladları atasız qoydular, ancaq vətənsiz qoymadılar.
Ənvər hələ orta məktəbin 9-cu sinfində oxuyarkən sinif rəhbərləri Kəmalə müəllimin səyi ilə bir inşa yazırlar: “Torpaq, uğrunda ölən varsa, vətəndir”.
“Torpaq onu sevənin və qoruyanındır” cümləsi ilə başlayan o inşanın sonu belə bitir: “Qarabağdan toy-düyün səsi gəlsin, igidlərimiz Cıdır düzündə at yarışdırsınlar!” İllər əvvəl bir arzu olaraq yazılan bu fikir Ənvər kimi qəhrəman oğulların hünəri ilə gerçək oldu.
23 yaşında bu həyatla vidalaşdı Ənvər. Vətən müharibəsinin Ənvər paşası oldu. Adını tarixdən aldı, tarixə yazdı. Həlim gülüşü, sakit təbiəti, vətənə olan sevgisi, bir də qəhrəman adı ilə qaldı yaddaşlarda.
Ənvərin 23 illik ömründən çox xatirə qaldı doğmalarına... İndi evlərinin bir küncündə boy atan limon ağacını da öz əli ilə əkib becərmişdi bir neçə il əvvəl..
Bir ovuc qara torpaq… Onu qoruyursansa, uğrunda canını fəda edirsənsə, dönüb Vətən olur. Araz sahilində yerləşən Axaməd kəndinin üçüncü şəhidi olan Ənvər sələflərinin-1990-cı illərdə Sədərək döyüşlərində şəhid olan Sədi Əsgərovun, 2016-cı ildə Tərtərdə şəhid olan kapitan Elnur Cəfərovun o müqəddəs yolu ilə getdi... Vətən üçün yaşayan, vətən üçün canından keçən belə oğulların sayəsində qara torpaq müqəddəs vətənə, gülüstana döndü.
Türkanə Əmoyeva
“NUHÇIXAN”