Azərbaycan ordusu tarix yazdı

A- A A+

Təxminən 2 min illik dövlətçilik ənənəsi olan Azərbaycan bu illər boyu müxtəlif çətinliklərlə üzləşib, lakin həmişə hərbi-siyasi liderlər tərəfindən onun öncəki gücü özünə qaytarılıbdır. Azərbaycan tarixinə diqqətlə nəzər saldıqda müxtəlif dövrlərdə bu tarixin dəfələrlə təkrar olunduğunu görmək mümkündür. Azərbaycan dövlətçiliyi tarixində şanlı, var olmağımızın müqəddiməsinə çevrilən günlər çox olubdur. Atabəylər, Səfəvilər dövründə qazanılmış qələbələr, sərhədlərimizin şimaldan cənuba, şərqdən qərbə doğru genişlənməsi bizi qürurlandırıb, Babəkin, Şah İsmayıl Xətayinin, Qızıl Arslanın fatehlik yürüşləri bayrağımızı ucaldıb, xalqımızın qələbə ruhunu formalaşdırıbdır.

Tarixi qədim, oğulları igid olan yurdumuz daim yağılara qarşı mübarizə aparıb, torpaqlarımız, sərhədlərimiz müqəddəs hesab olunubdur. Sözsüz ki, müasir tariximizin ən unudulmaz və şərəfli dövrünü yaşayırıq. Ali Baş Komandanın rəhbərliyi ilə son 200 illik tarixdə ilk dəfə itirilən torpaqlarımızı geri qaytarıb, sərhədlərimizi bərpa edib, bayrağımızı ucaltmışıq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə hər günü, hər saatı, hər anı qızıl hərflərlə yazılmış tarixə çevrilən 44 günlük Vətən müharibəmiz 1990-cı illərin əvvəlində itirdiyimiz torpaqlarımızın qaytarılması, işğala son qoyulmasıyla nəticələndi. Günbəgün qazanılan uğurlar, cəbhədən gələn qələbə xəbərləri bizi inamla Qarabağın işğaldan azad olunmasına qovuşdurdu. Artıq ilk günlərdən müjdələr gəlibdi. Ard-arda qazanılan qələbələr, kənd və qəsəbələrin azad olunması, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarında yenidən Azərbaycan bayrağının dalğalanması artıq diqqətləri Şuşaya - mədəniyyət və sivilizasiya beşiyimizə yönəldibdi. Müzəffər Azərbaycan ordusu inamla və məhz türkçülüyə  məxsus olan hərbi-döyüş taktikası ilə Şuşaya doğru irəliləyirdi. Xalq bu müjdəni gözləyirdi...

Gün gəldi və 8 noyabrda Qarabağın mərkəzi, ürəyi olan Şuşa mənfur ermənilərin işğalından azad olundu. Ali Baş Komandan bu xəbəri də xalqımıza özünəməxsus qətiyyət və yeni mesajlarla çatdırdı. Çıxışlarında və müsahibələrində “Şuşasız işimiz yarım qalar” deyən Prezidentimiz o müqəddəs torpağı yenidən xalqımıza qaytardı.

Vahid amal uğrunda, dini, etnik, regional, siyasi və sosial mənsubiyyətindən asılı olmayaq bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərib Vətən naminə, Qələbə naminə Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək həmrəylik və milli birliyimizi dünyaya sübut etdi. Xalqın həmrəyliyinin və əzminin nəticəsində güclü ordumuzun  formalaşması, qələbə yanğısı uğurlarımızın əsasını təşkil etdi. Bu gün müasir Azərbaycan tarixində ən unudulmaz gün olacaq. Çünki artıq Qarabağ döyüşləri  xalqımızın qələbəsi ilə başa çatdı.

Elə bilirəm ki, digər tarixi ərazilərimiz işğaldan azad olunub, tam Qələbə qazansaq, yenə də 8 noyabr 2020-ci il tarixi xalqımızın yaddaşında əsl Qələbənin başlanğıcı kimi xüsusi tarix olacaq. Sanki bütün Azərbaycan xalqı Qələbənin əsasını Şuşanın işğaldan azad olunmasında görürdü, hamı məhz Şuşanın tarixi məkanlarında - qala üzərində bayrağın ucalmasını, müqəddəs Gövhər ağa məscidinin minarələrindən azan səsinin eşidilməsini gözləyirdi. Gün gəldi... O günü xalqımıza yaşatdığınız üçün  var olun, Ali Baş Komandan, var olun, Azərbaycan əsgəri!

Bu sətirləri qeyd etdikdən 2 gün sonra, Şuşa qələbəsi haqda deyilənlərin, alınmaz qalanın qaytarılmasının düşmənin belini qıracağı xəbərlərinin nə qədər həqiqət olduğu bilindi. Hərb dərsliklərinə düşəcək və tarixdə uzun müddət qalacaq Şuşa döyüşləri Vətən müharibəsində qələbəmizin rəmzi oldu. Düşmən daha böyük itkilərdən qorxaraq, kapitulyasiya aktına imza atdı. 10 noyabrda Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı, Vətən müharibəsində qələbəmiz rəsmi olaraq təsdiqləndi, sazişin bəndlərinə əsasən, Ağdam, Laçın və Kəlbəcər müharibəsiz düşməndən təmizləndi. 30 illik həsrətdən sonra şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda müqəddəs bayrağımızı qaldırdı, dağıdılmış, viran qoyulmuş ərazilərimizdə azan səsi ucaldı.

Ərazilər azad olunarkən bir daha erməni vəhşiliyinin, vandalizminin şahidi olduq. Mədəniyyət abidələrimiz, müqəddəs məbədlərimiz - məscidlər, tarixi qalalar dağıdılıb və ya erməniləşdirilməyə məruz qalıbdır. Mənfur düşmən özünün olmayan hər şeyə qarşı barbar kimi davranıb, şəhərləri, kəndləri xarabalığa çeviribdi. Cənab Prezident, müzəffər Ali Baş Komandan erməni vəhşiliyi, vandalizmi barədə dünyaya, Ermənistanı dəstəkləyən  dövlətlərə bu haqda əyani və çox tutarlı mesajlar verdi. Dünyanı bu həqiqətləri görməyə çağırdı. Haqlı olaraq Vətən müharibəmizdəki qələbəmizi ədalətin zəfər çalması, xeyirin şər üzərindəki qələbəsi kimi xarakterizə etdi. Azərbaycan işğalçı vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edəcək, Qarabağın dağıdılmış bütün dini tarixi-mədəni abidələri dövlətin himayəsi altında olacaq, Qarabağ yenidən Vətənimizin gur inkişaf edən dilbər guşəsinə çevriləcək. Azərbaycan xalqı döyüş meydanlarında olduğu kimi, quruculuq sahəsində də bir daha öz böyüklüyünü göstərəcək.

Qələbəyə aparan yol isə şərəfli olduğu qədər ağır idi. Ali Baş Komandan, cənab Prezident hakimiyyətə gəldiyi ilk gündən “güclü iqtisadiyyat, güclü ordu” konsepsiyasını əsas  tutub, bu haqda hüquqi baza və şəraitin formalaşması üçün səy göstərib, Cənubi Qafqazda güclü iqtisadiyyat, yenilməz orduya malik Azərbaycan dövləti formalaşdırıbdır. İşğal altındakı torpaqların azad olunması məqsədilə ordunun maddi texniki bazası gücləndirilib, şəxsi heyətin peşəkarlığı artırılıb və bilikli, qorxmaz zabit heyəti ilə komplektləşdirilibdir.

I Qarabağ müharibəsi iştirakçısı kimi deyə bilərəm ki, güclü maddi-texniki təchizat, ən müasir texnologiyalarla və peşəkar zabit-gizir və yenilməz şəxsi heyətlə təmin olunması ordunun son sözünü deməsində, qələbənin əldə olunmasında böyük rol oynayır. İşğaldan sonra doğulub, Qarabağ torpaqlarını görməyən gənclərin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar hələ uzun müddət tarixdən, yaddaşlardan silinməyəcək, tədqiq olunacaq.

Bu bir daha “Ordunun döyüş ruhunun yüksək olması, ən müasir texnika və texnologiyadan üstündür” fikrini təsdiqləyir. Azərbaycan ordusunda Vətən yanğısı,  torpaqların işğaldan azad olunması istəyi ən üst səviyyədədir və  Vətən müharibəsindəki qəhrəmanlıq  və rəşadət dolu anlar bunun bir daha təzahürüdür. Yaralı yoldaşlarını çiynində daşıyan, komandirləri və əsgər yoldaşları üçün canından keçən gənclərimiz zaman-zaman aparılan ideoloji vətənpərvərlik tərbiyəsindən bəhrələnib, əsl peşəkar, Vətəni sevən hərbçilər kimi yetişiblər.

Bizim Təşkilat üzvləri də həmişə gənclərlə görüşlərində bu fikri onların diqqətinə çatdırır, I Qarabağ müharibəsinin qəhrəmanları haqda təbliğat xarakterli söhbətlər aparırıq. Bundan sonra isə bu görüşlər daha çox keçiriləcək, yeniyetmə və gənclərimizə müzəffər Ali Baş Komandanın başçılığı altında şanlı ordumuzun  qəhrəmanlıqlarını çatdıracağıq. Müharibə bitsə də, zəfər qazansaq da, daim ayıq-sayıq olmalı, sərhədlərimizi göz bəbəyimiz kimi qorumalı və doğma Qarabağı qurub yaratmaqla cənnətə çevirməliyik. Mənfur düşmənə gözdağı olacaq yeni Qarabağı dünyaya qədim Azərbaycan yurdu kimi təqdim edəcəyik.

Mirməcid Seyidov

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: