“Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri: Xəritələr” kitabının təqdimatı oldu - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində baş tutan təqdimat mərasimində Təhsil naziri Rəhman Məmmədov bildirib ki, hazırda muxtar respublikada 3 ali, 4 orta ixtisas, 212 orta, 5 peşə, 20 məktəbdənkənar təhsil müəssisəsi, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Göstərilən diqqət və qayğı sayəsində ötən müddət ərzində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilib istifadəyə verilib.
Vurğulanıb ki, muxtar respublikada yeni tipli təhsil müəssisələrinin yaradılması da diqqətdə saxlanılır. 1992-ci ildən Naxçıvan Qızlar Liseyi, 2004-cü ildən isə Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan orta məktəb fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey, 4 avqust 2020-ci il tarixli Sərəncamı ilə isə Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Lisey yaradılıb.
Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Təhsil Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən hazırlanan kitab bələdçi rolunu oynamaqla, eyni zamanda təhsil müəssisələrinin mövcud vəziyyəti ilə də bağlı ilkin informasiya əldə olunması baxımından əhəmiyyətlidir. Kitabın əhəmiyyəti nəzərə alınaraq elektron versiyası Təhsil Nazirliyinin saytına da yerləşdirilib.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə bildirib ki, yeni hazırlanan muxtar respublikanın təhsil müəssisələrinin xəritələri toplusu qiymətli informasiya mənbəyi olmaqla kartoqrafik nəşrlərin zənginləşdirilməsinə xidmət edir.
Sonda slaydlar vasitəsi ilə kitab barədə ətraflı məlumat verilib. Bildirib ki, Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində nəfis şəkildə nəşr olunan kitab 7 bölmə, 63 səhifədən ibarətdir. Kitabda muxtar respublikanın təhsil və tədris müəssisələrini əks etdirən 15 xəritə, 163 fotoşəkil yerləşdirilib.
Novruz Məmmədov