Dünyanın bir çox ölkəsində koronavirus əleyhinə vaksinasiya kampaniyasına start verilməsinə baxmayaraq, bu il hər hansısa bir ölkədə virusa qarşı kollektiv immunitetin formalaşması və bu yolla əhalinin əsas etibarilə yoluxmaya qarşı qorunması mümkün olmayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi tədqiqatlar üzrə əsas səlahiyyətli nümayəndəsi Soumya Svaminatan bu il ərzində əhali immuniteti və ya kollektiv immunitetin hansısa bir mərhələsinə nail olmağı qeyri-mümkün hesab edib.
S.Svaminatan öz açıqlamasında COVID-19-a qarşı eyni zamanda bir neçə etibarlı və təhlükəsiz peyvənd maddəsinin hazırlanması və kütləvi istehsalına başlanmasını inanılmaz tərəqqi kimi təqdir edib. Lakin eyni zamanda qeyd edilib ki, bütün dünyada tələb olunan milyardlarla doza peyvəndin istehsalı və çatdırılması üçün zamana ehtiyac var. Buna görə də insanlar qarşıdakı dövrdə səbirli olmalı və təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər.