Onlar bu Vətəndə silinməz bir iz - Şəhid leytenant Elşən Məmmədov - VİDEO

A- A A+

Vətən müharibəsində, Qarabağ zəfərində canını fəda edən hər bir şəhid  qəhrəmanlığı ilə adını bu xalqın qəlbinə yazdı. Bu gün torpaq uğrunda canından keçən daha bir qəhrəmanımızı tanıyacağıq -  şəhid leytenant Elşən Məmmədovu.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda üç şəhid verdi Şərur rayonunun Danyeri kəndi.  Əli Babayev, Vüsal Tahirov, Elşən Məmmədov.

İki dost, iki şəhid.  Eyni kənddə, eyni ildə doğulub böyüdülər, eyni sinifdə oxudular. İkisi də hərbçi olmaq istədi, bu şərəfli peşəni seçdi. Hər ikisi Vətən müharibəsində şəhid oldu. Şəhid leytenant Əli Babayev və Elşən Məmmədov  cəmi 21 il sürən ömürlərində  elə  şərəfli bir həyat yaşadılar ki, üstündən 21 əsr də keçsə, unudulmayacaq.

Orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra hər iki dost  Heydər Əliyev adına Hərbi Liseydə, daha sonra isə Azərbaycan Ali Hərbi məktəbində təhsillərini davam etdirdilər. 2020-ci ilin  iyul ayında Elşən Füzulidə, Əli isə Beyləqanda hərbçi kimi şərəfli  xidmətinə başladı. Sonuncu dəfə döyüşlərdən bir həftə əvvəl,  sentyabrın 20-də görüşdülər.

Elşənin vətən uğrunda  sentyabrın 27-də başlayan döyüş yolu oktyabrın 21-dək davam etdi. Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşdu, Füzulinin Kürdlər kəndi uğrunda gedən döyüşlərdə düşmən snayperin atəşinə tuş gəldi.

Qəhrəman oğlum hərbçi peşəsini öz istəyi ilə seçdi, deyir Mələk xanım.  O, mələk kimi bir övlad böyüdüb, vətənə, torpağa mərd bir oğul pay verib.  Oğlunun yoxluğu qəlbində fırtınalar qopartsa da, qürurludur qəhrəman şəhid anası.

Çox diqqətcil, qohumcanlı biri idi Elşən. Doğmalarının  xoş günündə zəng vurmağı unutmazdı. Amma oktyabrın 21-i anasının ad gününü təbrik edə bilmədi . Mələk xanımın  doğum gününə tabutu ilə gəldi, anasına şəhadətini  hədiyyə etdi.

Şuşanın işğaldan azad olunması xəbərini Elşəndən eşitməyi çox  istəyirdi  Əziz kişi. Oğlunun ölümündən ata kimi kədərlənsə də,  şükürlər olsun ki, onun qanı yerdə qalmadı, deyir.                                                       

Azərbaycanın ən yeni tarixini qanları ilə, canları ilə yazdı şəhidlər. Ölkə başçısının sərəncamı ilə Qarabağ torpağında göstərdiyi igidliyinə görə ölümündən sonra üç medalla - Füzulinin, Xocavəndin işğaldan azad olunmasına görə və “Vətən uğrunda” medalları ilə təltif olunub şəhid  leytenant Elşən Məmmədov.

Şairlik təbi də var idi onda.  Bu  şeiri  hələ kursant olanda yazıb.  Bəlkə də,  o an  özünün də nə vaxtsa bu uca məqama yüksələcəyini hiss etmişdi.

Şəhidlər həmişə olur yaddaşda,

Onlar yaddaşlarda silinməz bir iz.

Şəhidlik zirvəsi həmişə başda,

Onlar bu vətəndə tükənməz bir iz.

Elşənin qisasını alan dostu Nurlan İbrahimov Şuşadan torpaq gətirib onun Şərur Şəhidlər xiyabanındakı əbədi məkanına səpməyə. Axı Şuşa torpağına ayaq basmaq, Şuşanı azad görmək Elşənin ən böyük arzusu, amalı idi.

Torpağın, vətənin nə olduğunu onlar bir daha xatırlatdılar bizə.  Bu gün ruhun şaddır, şəhidim. Çünki cisminin çata bilmədiyi Şuşa torpağına şəhadətin, ruhun qovuşdu. 

Gülərkən gözlərinin içi gülən, düşməni gülərək məhv edən, son nəfəsində də  gülərək əsgərlərinə narahat olmayın mən yaxşıyam deyən şəhid leytenant Elşən Məmmədov 21 qış, 21 bahar, 21 yay,  21 payız yaşadı. Aprelin 21-də doğuldu, oktyabrın 21-də 21 yaşında  vidalaşdı bu həyatla.  2021-ci ildə isə Qarabağ Elşən kimi oğulların qəhrəmanlığı ilə azadlığının xoş günlərinə başladı.

Zaman ötəcək, dəqiqələr saatlara, günlər həftələrə, həftələr aylara, aylar illərə, illər qərinələrə, əsrlərə calanacaq, çox şey dəyişiləcək, çox şey unudulacaq  bu həyatda. Dəyişməyən sizin qəhrəmanlığınız, unudulmayan  adınız olacaq, Ölümsüzlər!

Naxçıvan televiziyasının əməkdaşları şəhid şəhid leytenant Elşən Məmmədovla bağlı reportaj hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin reportajı təqdim edir:

                                                                                      Türkanə Əmoyeva

                                                                                          

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: