Akademik İsmayıl Hacıyevin kitabı rus dilində nəşr edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində bölmənin sədri, akademik İsmayıl Hacıyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində rus dilində nəşr edilən “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Təqdimat mərasimində AMEA Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, giriş, səkkiz fəsil, nəticə, biblioqrafiya, əlavələr və adlar göstəricisindən ibarət olan mono­qrafiyada Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində rolu, qədim və orta əsrlər dövründə burada mövcud olan dövlətlərlə əlaqələri, Naxçıvan xanlığının tarixi, onun Rusiya imperiyası tərəfindən işğalı məsələləri tədqiq edilib.

Xanlığın işğalından sonra çarizmin yaratdığı inzibati-ərazi bölgü sistemi, həyata keçirdiyi köçürmə siyasəti, ermənilərin Naxçıvan ərazisində yerləşdirilməsi, irəli sürülən əsassız ərazi iddiaları, həmin iddiaların reallaşdırılması üçün ermənilərin dinc əhaliyə qarşı törətdikləri qırğınlar tarixi faktlar əsasında oxuculara təqdim edilib. Bununla yanaşı, müəllifin Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvandakı ictimai-siyasi vəziyyət, Araz-Türk Respublikasının yaradılması, Naxçıvanın muxtariyyət statusu ilə bağlı apardığı uzunmüddətli tədqiqatların nəticələri də burada öz əksini tapıb.

Qeyd edilib ki, əsərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasında Naxçıvanın yeri və rolu, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, ərazinin yeni statusunun təsbit edilməsi ilə bağlı məsələlər ətraflı və sistemli şəkildə araşdırılıb, Naxçıvanın yeni Konstitusiyasının qəbul edilməsi, muxtar dövlətin əsas inkişaf istiqamətləri və qazanılan nailiyyətlər tədqiqata cəlb olunub.

Bildirilib ki, kitabın elmi redaktorları Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsinin Yaxın Şərq ölkələri tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Nikolay Dyakov və universitetin Türk filologiyası kafedrasının dosenti, tarix elmləri namizədi Akif Fərzəliyevdir. Nəşrin redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev, rəyçilər isə AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli və Musa Qasımlıdır.

Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev,  həmin  institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev və AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev monoqrafiyada yer alan mövzular barədə ətraflı məlumat veriblər.

Sonda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək muxtar respublikada elm adamlarına  göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlığını bildirib. Qeyd edib ki, kitab tarixçilər, tədqiqatçılar, eləcə də Azərbaycanın dövlətçilik tarixi ilə maraqlananlar üçün nəzərdə tutulan kitabın rus dilində də nəşr olunması Naxçıvan tarixinin beynəlxalq müstəvidə daha geniş təbliğinə imkanlar açacaq, rusdilli tədqiqatçılar üçün dəyərli mənbə olacaqdır.

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: