Ötən il Naxçıvanda 296 nəfər aztəminatlı və sağlamlıq imkanları məhdud ailənin üzvü olan qadın peşə kurslarına cəlb olunub
Muxtar respublikada əhalinin, xüsusən də qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili dövlətin ali məqsədlərindən biridir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əmək bazarının tələbinə uyğun milli və xalq tətbiqi sənəti növləri üzrə peşə kurslarının təşkili istiqamətində, ümumilikdə 296 nəfər aztəminatlı və sağlamlıq imkanları məhdud ailənin üzvü olan qadının peşə kurslarına cəlb olunması üçün məlumatları aid dövlət orqanlarına göndərilib.
Həmçinin hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasında “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi icra olunub. Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” və “Öz biznesinə başla və onu inkişaf etdir” adı altında 12 təlim keçirilib, təlimlərin sonunda uğurlu biznes planı ilə seçilən 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilib.
Bundan əlavə, “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransı keçirilib.
Konfransda layihə iştirakçısı olan qadınların hazırladığı əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi-satış təşkil olunmuşdur. Sərgidə 17 ailə təsərrüfatçısı qadının 513 adda müxtəlif növdə ailə təsərrüfatı məhsulları və 19 istedadlı qadının 1119 adda əl işi və ailə təsərrüfatı məhsulları sərgilənib. Ümumilikdə, isə sərgidə 24 qadının 1017 manat dəyərində 327 əl işi və istehsal etdiyi məhsulları satılaraq məbləği qadınlara ödənilib.
Sosialyönümlü layihələrin davamı olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyası və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları MilliKonfederasiyası tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsi çərçivəsində Virtual Sahibkarlar Yarmarkası həyata keçirilib.
Ümumilikdə Proqramın icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və evdar qadınların məşğulluqlarını təmin etmək məqsədilə məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət 23 sərgi-satış, 5 festival, 1 virtual yarmarka və 1 təlim keçirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul olunub.