Ombudsman: Ermənistanın işğaldan azad edilmiş ərazilərimizə terrorçu-diversant qüvvələri yerləşdirməsini qəti şəkildə pisləyirik

A- A A+

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı işğaldan azad edilmiş ərazilərimizə Ermənistan tərəfindən qəsdən və məqsədyönlü şəkildə terrorçu-diversant qüvvələrin yerləşdirilməsi, onların törətdikləri cinayət əməlləri ilə bağlı məlumat yayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan məlumatda deyilir:

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu ölkəmizin müvafiq dövlət orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Bununla əlaqədar qeyd etməliyik ki, həmin ərazilərdə qarşı tərəfə məxsus qanunsuz silahlı birləşmələrin mövcudluğu kobud hüquq pozuntusu olmaqla, insan və vətəndaş hüquqlarına ciddi təhdiddir. Bu cür qanunsuz silahlı dəstə üzvlərinin həbs edilməsi etnik mənsubiyyətindən və vətəndaşlığından asılı olmayaraq, həmin ərazilərdə yerləşən hər bir kəsin başda yaşamaq hüququ olmaqla, hüquq və azadlıqlarının təminatına, ölkə ərazisində real terror və cinayət hallarının qarşısının alınmasına xidmət edir.

Atəşkəs əldə edildikdən sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə göndərilmiş həmin şəxslərin törətdikləri terror əməlləri nəticəsində hərbi quluqçularımız və mülki vətəndaşlarımız arasında həyatını itirən və yaralananlar olub.

Azərbaycan Respublikasının Ombudsman təsisatı olaraq işğaldan azad edilmiş ərazilərimizə Ermənistan tərəfindən qəsdən və məqsədyönlü şəkildə terrorçu-diversant qüvvələrin yerləşdirilməsini, onların törətdikləri cinayət əməllərini qəti şəkildə pisləyirik.

Xüsusilə vurğulamalıyıq ki, beynəlxalq humanitar hüququn normalarına, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər.

Cinayət xarakterli əməllər törətdiklərinə görə saxlanılan erməni terrorçu-diversant qrupunun üzvləri beynəlxalq humanitar hüququn və ölkəmizin milli qanunvericiliyinin tələblərinə əsasən birmənalı olaraq hərbi əsir statusu daşımır və bu statusa iddia edilməsinin heç bir hüquqi əsası yoxdur.

Bu baxımdan, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatın qüvvəyə minməsi ilə hərbi əməliyyatların dayandırılmasından sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə silahlı diversant dəstələrinin göndərilməsi həmin bəyanatın pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda, terrorçu-diversant qrupunun insan təlafatına səbəb olan təxribat və terror xarakterli əməlləri açıq-aşkar cinayət hesab olunduğundan onlar barəsində ölkəmizin cinayət qanunvericiliyinə uyğun məsuliyyət tədbirlərinin tətbiqi anlayışla qəbul edilməlidir.

Azərbaycanın Silahlı Qüvvələrinin, dinc əhalisinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan Ermənistanın ölkəmizə qarşı bu kimi təxribatları insanların təkcə fiziki və maddi cəhətdən deyil, mənəvi-psixoloji baxımdan da ağır və riskli vəziyyətdə qalmalarına, yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq və digər fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olduğundan bu cinayət əməllərinə qeyd-şərtsiz son qoyulmalıdır.

Bir daha Ermənistan tərəfini 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın tələblərinə riayət etməyə, dinc insanların həyatına təhdid yaradan, hüquq və azadlıqlarının pozulmasına yönəlik təxribatçı əməllərdən çəkinməyə, beynəlxalq hüquq normalarını yalnız tövsif etməklə siyasi manipulyasiyaya yol verməməyə çağırırıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: