Uşaq əməyinin istismarının hüquqi müdafiəsi

A- A A+

Uşaqların qlobal səviyyədə qəbul olunmuş hüquqları çox da uzaq olmayan keçmişə təsadüf edir. Belə ki, XX əsr insan hüquq və azadlıqlarının və eləcə də onun tərkib hissəsi olan uşaq hüquqlarının tanınması və qorunması istiqamətində mühüm rol oynayır. Hələ əsrin əvvəllərində qəbul edilmiş “Uşaq Hüquqları üzrə Cenevrə Bəyannaməsi”ni bu sahəni tənzimləyən ilk əhəmiyyətli sənəd olaraq qəbul etmək olar. Daha sonra 1989-cu ildə BMT-nin qəbul etdiyi və dünyanın əksər ölkələri tərəfindən təsdiqlənən “Uşaq Hüquqları Konvensiyası” dünyanın hər yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edən ümumbəşəri və uşaq hüquqlarına dair bütün məsələləri özündə cəmləşdirən ən böyük sənəd olub.

Müstəqillik əldə etdikdən sonra dünya qlobal məkanına hər sahə üzrə qısa zamanda inteqrasiya edən ölkəmiz hüquqi sferada da bu işin öhdəsindən layiqincə gəlib. Azərbaycanda uşaq hüquqları ilə bağlı siyasətin əsası da məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyətin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib. Bu cür beynəlxalq konvensiyaların prinsipləri milli qanunvericilikdə də əksini tapıb. 1998-ci ildə isə ölkəmizdə “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. İstər beynəlxalq, istərsə də yerli qanunvericiliyimizdə qəbul edilmiş hər bir sənəddə uşaqların doğulduğu andan sahib olduqları ailədə yaşamaq, təhsil almaq, sağlamlıq, fiziki və psixoloji istismara qarşı qorunmaq və digər hüquqları öz əksini tapıb. Bunlardan biri də uşaqların əmək hüquqlarıdır. Azərbaycan qanunvericiliyində uşaqların yaşına, səhhətinə, ümumi təhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququnun olması göstərilir. Lakin uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri qadağan olunur. Azərbaycan  Respublikası Konstitusiyasına və Əmək qanunvericiliyinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi isə etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz. Həmçinin qanunvericilikdə göstərilir ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi də qanunla qadağan edilib. Məcəllədə, həmçinin yaşı 18-dən az olan işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və digər əlavə təminatlar, güzəştlər də əksini tapır.

Bu gün ölkəmizdə sosial və hüquqi sahədə aparılan işlər nəticəsində uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimum səviyyəyə endirilib. Uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görülməklə yanaşı, bu istiqamətdə maarifləndirici tədbirlər də xüsusilə əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi, ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək  layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir. Ölkə rəhbərinin təsdiq etdiyi dövlət proqramlarına əsasən uşaq əməyinin istismarının baş verməməsi məqsədilə ölkə üzrə müvafiq təbliğat və maarifləndirmə işləri aparılır. Bu istiqamət üzrə görülən işlər muxtar respublikamızda da diqqətdə saxlanılır. Həm aidiyyəti dövlət qurumları, həm də ictimai təşkilatların apardığı maarifləndirmə və hüquqi tədbirlərin nəticəsi olaraq uşaq əməyindən qeyri-qanuni istifadə hallarına muxtar respublikamızda rast gəlinmir.

Uşaq əməyi tarixin ilk vaxtlarından bəri mövcud olan və dünya ölkələrinin hər yerində rast gəlinən hadisədir. Ancaq bu hadisə onların psixoloji, fiziki və sosial yöndən formalaşmalarına mənfi təsir etməməlidir. Uşaq əməyindən qanununvericiliyin tələblərinə uyğun istifadə olunması təkcə dövlətin nəzarətində deyil, həm də cəmiyyətin hər bir fərdinin həssaslıqla yanaşaraq diqqətdə saxlamalı olduğu bir sahədir. Çünki uşaqlar bəşəriyyətin gələcəyidir və bu gələcəyin düzgün təməllər üzərində qurulması cəmiyyətin əlindədir.

                                                          Ələkbər Hüseynov

                          Ədliyyə Nazirliyinin əməkdaşı, I dərəcəli ədliyyə qulluqçusu

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: