Bugünlərdə ölkənin elmi-mədəni ictimaiyyəti Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi İsmayıl Hacıyevin anadan olmasının 70 illiyini qədirbilənliklə qeyd edir, görkəmli alimə səmimi təbriklərini və xoş arzularını çatdırır.
Akademik İsmayıl Hacıyev Azərbaycan tarixşünaslığının və ictimai fikrinin inkişafında seçilən, xüsusi yeri olan, orijinal və ciddi axtarışları ilə milli tarix elmimizə samballı töhfələr verən görkəmli alimlərimizdəndir. Tanınmış tədqiqatçının elmi araşdırmaları tarix elmimizin daha da inkişaf etdirilməsinə, ictimai fikrin əsas problemlərinin araşdırılıb ümumiləşdirilməsinə uğurla xidmət edir.
İsmayıl Muxtar oğlu Hacıyev 1951-ci il yanvarın 21-də Culfa rayonunun Xanağa kəndində (indiki Xanəgah kəndi) müəllim ailəsində anadan olmuşdur. Xanağa kənd və Göydərə kənd məktəblərində orta təhsil almış gələcəyin alimi 1974- cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İsmayıl Hacıyev 1974-1977-ci illərdə doğma rayonunun Xanağa və Xoşkeşin kənd məktəblərində müəllim işləmişdir. Gənc tarixçi 1978-ci ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətə başlayaraq müəllim, baş müəllim, dosent, dekan müavini, dekan olmuş, sonrakı illərdə elmi işlər üzrə prorektor və tədris işləri üzrə prorektor vəzifələrində uğurla çalışmışdır.
1986-cı ildən Azərbaycan SSR EA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı olmuş, 1992-ci ildə “Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı (1941--1945-ci illər)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Doktorluq dissertasiyası kimi müdafiə etdiyi “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində” (1999) adlı tədqiqat işi tarix elmimizin mühüm nailiyyətlərindən biri sayılır.
Fədakar alimin Naxçıvanın Azərbaycanın dövlətçilik tarixindəki yeri ilə bağlı olan “Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi” (1999), “Tarixdə və günümüzdə Naxçıvan” (1998), “Mustafa Kamal Atatürk və Naxçıvan” (2007), “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” (2016) və başqa əsərləri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafik tədqiqatı (2018) təkcə İsmayıl Hacıyevin yox, bütövlükdə Azərbaycanda tarixşünaslıq elminin mühüm nailiyyətlərindən biri olan samballı elmi əsərdir.
Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın rolunu ilk dəfə tədqiqata cəlb edən İsmayıl müəllim Naxçıvan ərazisində insanların məskunlaşmasının Alt paleolit dövrünə, təxminən 500-300 min il bundan əvvələ aid olmasını göstərmişdir. O haqlı olaraq bu fikirdədir ki, Naxçıvan bölgəsi Azərbaycanda qədim dövlətlərin formalaşdığı ilk regionlardan biri olmuşdur.
İsmayıl Hacıyev Naxçıvan ərazisində ilkin şəhər mədəniyyətinə aydınlıq gətirmişdir. Tədqiqatçı qeyd edir ki, Naxçıvan ərazisində ilkin şəhər mədəniyyəti e.ə. III minillikdə meydana gəlməyə başlamışdır. Alim ilk dəfə olaraq Azərbaycanın qədim və orta əsr dövlətlərinin Naxçıvanla əlaqələrini tədqiq etmiş və bunları sistemli şəkildə ortaya çıxarmışdır. O, Naxçıvanın Manna dövrü siyasi proseslərinə aydınlıq gətirmiş və qeyd etmişdir ki, “Naxçıvanın Manna dövlətinin tərkibinə daxil edilməsi e.ə. VIII əsrin sonları – VII əsrin əvvəllərinə aid oluna bilər”.
Akademik İsmayıl Hacıyev Naxçıvanın Midiya və Əhəməni imperiyaları, Makedoniyalı İsgəndərin imperiyası, Atropatena və Parfiya Arşakiləri ilə əlaqələrini də ciddi araşdırmışdır. Alim sübut etmişdir ki, Ərəb xilafətinin meydana gəlməsi ilə əlaqədar Naxçıvan da müqavilə ilə bu imperiyanın tərkibinə daxil olmuşdur. Ərəb xilafətinin süqutundan sonra Naxçıvan yeni müstəqil dövlətlərin yaranması və inkişafında iştirak etmişdir.
Atabəylər dövləti haqqında tarixşünaslıqda tədqiqatlar olsa da, Naxçıvanın bu dövlətdəki rolu geniş və sistemli araşdırılmamışdır. İsmayıl Hacıyev tədqiqatında haqlı olaraq göstərir ki, Naxçıvan Səlcuq əmirlərinin iqamətgahı olmuş, səlcuq sultanlarından I Məlik şah, Məhəmməd Tapar, sultan Məsud, Toğrul imperiyanın bu mühüm bölgəsində fəaliyyət göstərmişdir. Naxçıvan 1146--1175-cı illərdə Atabəylər dövlətinin mərkəzi kimi inkişaf etmiş, dövlətçilikdə öz yeri və mövqeyi ilə tanınmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin araşdırılması, xüsusilə onun Naxçıvanla əlaqələri alimin tədqiqatlarında xüsusi yer tutur. İlk dəfə olaraq İsmayıl Hacıyev bu əlaqələri tədqiqat obyektinə çevirmiş, Naxçıvan diyarının 1918--1924-cü illər tarixinə dəfələrlə müraciət etmiş və samballı kitab və monoqrafiyalar nəşr etdirmişdir. Yuxarıda haqqında bəhs olunan “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyasının beşinci və altıncı fəsilləri bu məsələlərə həsr edilmişdir. Həmin əsər bütövlükdə monoqrafiya kimi Sankt-Peterburqda çap olunmuşdur (2020).
İsmayıl Hacıyevin tədqiqatlarında Naxçıvan diyarının etnik və siyasi tarixi araşdırılmış və erməni iddialarına tutarlı və obyektiv cavablar verilmiş, ermənilərin iddialarının əsassızlığı göstərilmiş və onların 1828-ci ildən bu ərazilərə köçürülməsi qaynaqlar əsasında verilmişdir. Erməni millətçilərinin qədim Azərbaycan torpağı olan İrəvan və onun ətrafındakı azərbaycanlıları kütləvi soyqırıma məruz qoymaları tarixi faktlarla əsaslandırılmış, Naxçıvan ərazisində isə əhalinin 38 faizə qədərinin belə soyqırıma məruz qalmaları sübut olunmuşdur. Azərbaycan tarixşünaslığında Naxçıvanın muxtariyyət əldə etməsi ideoloji təsirlər mövqeyindən yazılmışdır. İsmayıl Hacıyevin tədqiqatlarından aydın olur ki, Naxçıvan diyarının muxtariyyət əldə etməsi Zəngəzurun Ermənistana verilməsindən sonra ortaya çıxmış və bu siyasi amillərlə bağlıdır. 1921-ci ilin ümumxalq səsverməsi (referendumu) Naxçıvan diyarının Azərbaycanın tərkibində qalmasını əsaslandırmışdır. Tarixçi alimin “Naxçıvan və naxçıvanlılar” kitabı (2001, Ş.Məmmədovla müştərək) Naxçıvan Muxtar Respublikasının tarixinə və diyarın görkəmli yetirmələrinə həsr edilmiş samballı və əhəmiyyətli əsərlərdən biridir. İsmayıl Hacıyevin elmi yaradıcılığında Naxçıvan mövzusu, onun inkişaf tarixi, xüsusilə XX əsrin 80--90-cı illərində baş vermiş ictimai-siyasi və hərbi hadisələr də mühüm yer tutur. Bu istiqamətdə onun “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991--2011-ci illər)”, “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı (1995--2019-cu illər)” monoqrafiyaları və başqa kitabları çap edilmişdir.
Akademik İsmayıl Hacıyevin tədqiqatlarında Naxçıvan Muxtar Respublikasının tarix və mədəniyyət abidələrinin tarixinin araşdırılması mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamından sonra muxtar respublika ərazisində 1216 tarix və mədəniyyət abidəsi pasportlaşdırılmış, 70-dən artıq abidənin bərpası həyata keçirilmişdir.
Akademik İsmayıl Hacıyevin məsul redaktorluğu və müəllifliyi ilə AMEA Naxçıvan bölməsində bir sıra atlaslar, ensiklopediyalar və ümumiləşdirici əsərlər hazırlanaraq nəşr edilmişdir. Onun ali məktəbdə müəllim kimi fəaliyyət göstərməsi, “Azərbaycanın tarixi coğrafiyası”, “XVIII-XX əsrlər Azərbaycan tarixi” fənlərindən uzun illər mühazirələr oxuması onun bir sıra dərs və tədris vəsaitləri, metodik bələdçiləri yazıb nəşr etdirməsinə imkan yaratmışdır.
Yubiliyar alimin Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan haqqındakı tədqiqatları, ilkin şəhər mədəniyyətinin yaranması və formalaşması haqqındakı fikir və mülahizələri sivilizasiyaların tarixinə həsr edilmiş qiymətli elmi mənbədir. “Naxçıvan Şərq sivilizasiyaları ilə sıx bağlı olan diyar” adlı 3 dildə buraxılan kitab (2014) alimin ilkin insan məskunlaşması, Naxçıvan diyarının Şərqin sivilizasiyaları ilə sıx əlaqədə inkişafına və erkən şəhər mədəniyyətinə dair maraqlı elmi-tədqiqat əsəridir.
Ciddi və təşəbbüskar alim-pedaqoq kimi İsmayıl Hacıyevin təşkilatçılıq bacarığı, insanlarla işləmək qabiliyyəti Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri olduğu illərdə son 8 ildə özünü daha qabarıq göstərmişdir. Bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi, struktur sahələrinin yaradılması, elmi mühitin canlandırılması və potensialın artırılması, elmi mərkəz kimi özünü təsdiq etməsi bilavasitə bölmənin sədri İsmayıl Hacıyevin yorulmaz fəaliyyəti, əzmi və xeyirxahlığı ilə bağlıdır.
AMEA Naxçıvan Bölməsinin fəaliyyəti akademik İsmayıl Hacıyevin fəal işinin hesabına akademiya sisteminin ən qabaqcıl, ən seçilən elmi müəssisəsinə çevrilmişdir. İsmayıl Hacıyev elm xadimi kimi ölkəmizdə olduğu kimi, beynəlxalq miqyasda da yaxşı tanınır. O, bir sıra xarici dövlətlərdə keçirilən elmi tədbirlərdə ölkəmizi layiqincə təmsil etmişdir. Onun əsərləri ingilis, ispan, italyan, türk, rus, fransız, ərəb, çex, koreya, qazax, türkmən, qırğız dillərində də çap olunmuşdur.
Akademik İsmayıl Hacıyev Azərbaycan Respublikası Dövlət Mükafatı Komissiyasının və Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. Alimin baş redaktorluğu ilə “AMEA Naxçıvan Bölməsinin Elmi əsərləri” (iki seriyada) jurnalının 60-dən artıq sayı işıq üzü görmüşdür. Bölmədə “Axtarışlar” jurnalı da nəşr olunur. O, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri kimi AMEA Rəyasət Heyətinin üzvüdür. İsmayıl Hacıyev 2000--2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. O, çoxcəhətli və səmərəli fəaliyyətinə görə “Əməkdar elm xadimi” (2009) fəxri adına layiq görülmüş, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik Xatirə medalı” (2020) ilə təltif olunmuşdur. Naxçıvan Muxtar Respublikası mükafatına və “Qızıl xatirə” medalına layiq görülən alimə bir sıra xarici ölkələrin mükafatları da verilmişdir.
İsmayıl Hacıyev 14 monoqrafik əsərin, 40-a yaxın kitab, tərtib kitabı və broşuranın, 700-ə yaxın elmi və elmikütləvi məqalənin müəllifidir. Naxçıvanda yaşayıb yaradan alimlər içərisində öz elmi məktəbini yaradan görkəmli alim kimi, onu bilavasitə rəhbərliyi ilə 9 nəfər elmlər doktoru, 20 nəfər fəlsəfə doktoru hazırlanmışdır. Tarixçi alimin 3 monoqrafiyası və 1 kitabı, 80-ə yaxın elmi məqaləsi xarici ölkələrdə və xarici dillərdə nəşr olunmuşdur.
Azərbaycan dövlətçiliyinə yüksək səviyyədə sədaqəti ilə seçilən akademik İsmayıl Hacıyev bu gün də böyük həvəs, enerji və fədakarlıqla çalışaraq, ölkəmizdə azərbaycançılıq ideologiyasının təbliği, ictimai və humanitar elmlərin, o cümlədən tarixşünaslıq elmimizin, tarixi və ictimai fikrimizin, müasir Azərbaycan cəmiyyətinin inkişafına şərəflə və məsuliyyətlə xidmət edir. Fəxrəddin SƏFƏRLİ, AMEA-nın müxbir üzvü, professor Vəli BAXŞƏLİYEV, AMEA-nın müxbir üzvü, professor