Bizə nəfəs qədər yaxın olan təhlükə!

A- A A+

Bu gün dünyanın hər yerində insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması məqsədilə mavi yanacaqdan geniş istifadə olunur. Ancaq bəzi hallarda vətəndaşlar qaz təsərrüfatından düzgün istifadə etmədikdə öz həyatları üçün ciddi təhlükə yaradırlar. Təhlükəsizlik tələblərinin pozulması səbəbindən bir sıra partlayış və yanğın hadisələri, həmçinin qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınır. Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur. Bu cür zəhərlənmə halları baş verdikdə və vaxtında lazımi tibbi yardım göstərilmədikdə sonluq arzuolunmaz hadisələrlə nəticələnə bilir. Müəyyən olunub ki, belə hadisələrin əksəriyyəti obyektlərdə və yaşayış sahələrində müxtəlif növ məişət qaz cihazlarının quraşdırılması və istismarı zamanı vətəndaşlar tərəfindən texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməməsi səbəbindən baş verir.

Yaşayış sahələrində dəm qazı ilə bağlı təhlükəsizliyi necə təmin etmək olar? Vətəndaşların dəm qazından zəhərlənməməsi üçün qabaqcadan hansı tədbirlər görülməlidir?

Evlərin xoşagəlməz qonağı olan, "ayaqucunda səssiz-səmirsiz gələn ölüm", yəni dəm qazı (CO) təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan, qıcıqlandırıcı xüsusiyyətləri olmayan qazdır. Adətən, dəm qazının atmosferdə konsentrasiyası 0,001 %-dən aşağı olur, lakin şəhər ərazilərində və ya qapalı mühitlərdə bundan yüksək ola bilər. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Belə ki, yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilir və tüstü boruları vasitəsilə xaric olunur.

Dəm qazı orqanizmə nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. Zəhərlənmənin ən təhlükəli tərəfi insanın sızmanı hiss etməməsi və asanlıqla huşunu itirməsidir. Oksigenlə müqayisədə dəm qazı (CO) hemoqlobinlə daha möhkəm birləşərək, karboksihemoqlobin əmələ gətirir (COHb), nəticədə oksigenin nəqli və sərfinin zəifləməsi baş verir. Nəticədə orqanizmin ayrı-ayrı üzv və toxumalarının oksigenlə təchizatı pozulur. Mərkəzi sinir sistemi, ürək, həmçinin böyrək və qara ciyərin toxumaları oksigen çatışmazlığına xüsusilə həssasdır. Dəm qazı eyni zamanda orqanizmdə iltihablanmanı da sürətləndirdiyi üçün mərkəzi sinir sistemində lipidlərin peroksidləşməsi və gecikmiş nevroloji fəsadlara səbəb olur.

İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Havada dəm qazının miqdarı 0,08% olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı havada 0,32% olduqda 30 dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs almadan sonra) ölüm baş verir. Azyaşlı uşaqlar, qoca, ahıl və xəstə insanlar cüzi miqdarda dəm qazından hətta həyatlarını da itirə bilərlər. Çünki dəm qazının ilk qurbanı immuniteti zəif olan insanlar olur.

Vətəndaşlarımızın qış mövsümündə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarını pozması bir çox hallarda dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün qaz cihazı saz və standartlara uyğun olmalı, qaz cihazının quraşdırıldığı otağın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, mənzillərdə havaçəkmə kanalları işlək vəziyyətdə olmalı, nəfəslik mütəmadi açıq vəziyyətdə saxlanılmalı, vanna otağında hava axını yaratmaq üçün ventilyator quraşdırılmalı, qapının aşağısında dəliklər açılmalıdır, isitmə mövsümü başlamazdan əvvəl tüstü bacaları təmizlənməlidir.

Qeyd etdiklərimizlə yanaşı, avtomobilin qarajda 10 dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər

Təəssüf ki, təhlükəsizlik tədbirləri yerinə yetirilmədikdə zəhərlənmə halları qaçınılmaz olur. Bəs vətəndaşlarımız rəngsiz, iysiz və dadsız olan dəm qazını hansı əlamətlərinə görə təyin edə bilərlər? Ümumiyyətlə, orqanizmə hər hansı yad bir maddə, cisim daxil olduqda orqanizmdə ona qarşı reaksiya, əlamətlər müşahidə olunur. Dəm qazından zəhərlənmə halları insan orqanizmində özünü 3 formada göstərir: yüngül, orta ağır  və ağır dərəcədə.

Yüngül dərəcədə küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyatı, təngnəfəslik, quru öskürək, gözdən yaş axma və müvazinətin itməsi, sinə və boğaz nahiyəsində ağrı, öyümə, qusma, görmə və eşitmə halusinasiyaları, dəri və selikli qişaların hipermiyası (qızarması), ürək döyüntüsü, qan təzyiqinin artması halları, orta ağır dərəcədə yuxululuq və hərəkətin məhdudlaşması, ağır dərəcədə isə huşun itməsi, qıcolmalar, psixomotor oyanmalar, tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması nəticəsində ölüm halları müşahidə olunur.

Dəm qazının qısa müddətdə orqanizmə təsirini nəzərə alaraq vətəndaşların ölüm halının baş verməməsi üçün müəyyən ilk yardım qaydalarını bilməsi vacibdir. Hər kəs bilməlidir ki, oksigen çatışmazlığı dəm qazına səbəb olduğu kimi, oksigen bolluğu zəhərlənmiş şəxsə ilk yardımın əsasıdır. Yəni, oksigen bizim dəm qazından müdafiəmiz üçün əsas silahımızdır. Belə vəziyyətlə üzləşəndə zəhərlənmiş xəstənin huşu özündədirsə, onu təmiz havaya çıxarmaq vacibdir. Zəhərlənmə nəticəsində bədən temperaturu düşdüyü üçün xəstənin üstünü örtmək, ona isti içki (şirin çay, şərbət) verilməli, sonra mütləq həkimə müraciət edilməlidir. Əgər zərərçəkənin huşu özündə deyilsə, dərhal onu qapalı mühitdən çıxarmaq, arxası üstə uzadıb yaxasını açmaq, mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək, başına və sinəsinə soyuq kompress qoymaq, burnuna naşatır spirti yaxud sirkədə isladılmış pambıq yaxınlaşdırmaq, təcili yardım gələnə kimi zərərçəkmişə süni tənəffüs vermək və ürəyin qapalı masajını sintezli şəkildə həyata keçirmək lazımdır ki, huşu özünə gəlsin. Zəhərlənmiş şəxs göstərilən ilk yardımdan sonra özünü yaxşı hiss etsə belə, 24 saat müddətində həkim nəzarətində olmalıdır. Çünki orqanizmdə dəm qazı qaldıqda iflicə səbəb ola bilər.

Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal “103” təcili yardım xidmətini çağırın! Dəm qazı ilə zəhərlənmənin növbəti qurbanlarının olmaması üçün “112” qaynar xəttinə zəng vurmaqla mütəxəssislər tərfindən evə və ya mənzilə baxış keçirilməli, zəhərlənmənin səbəbləri araşdırılıb qarşısı alınmalıdır.

Hər bir vətəndaş təhlükəsizliyini təmin etməklə qış mövsümünü təhlükəsiz başa vurması üçün müəyyən qaydalara əməl etməlidir. Mətbəxdə, mənzildə, vanna otağında, pilləkən qəfəsində, zirzəmi və yarımzirzəmilərdə qaz iyi və ya sizə tanış olmayan iy hiss edirsinizsə, qarlı havada qarın üzərində sarımtıl və boz ləkələr, yağışlı havalarda gölməçələrdə su qabarcıqları nəzərinizə çarpırsa, bu qaz sızmasına işarədir. Bu halda açıq oddan istifadə etməməli, cihazları elektrik şəbəkəsinə qoşub  ayırmamalı, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və Qaz İstismar Xidmətinin “104” Qaz Qəza Xidmətinə xəbər verilməlidir.

Əziz vətəndaşlar! Unutmayaq ki, qaz cihazlarından düzgün istifadə etmədikdə, dəm qazı bizə nəfəs qədər yaxındır...

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: