Akademik İsmayıl Hacıyevin 70 illik yubileyi qeyd edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu il yanvarın 12-də “AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə Tədbirlər Planı”nı təsdiq edib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirlər Planına uyğun olaraq AMEA Naxçıvan bölməsində “İsmayıl Hacıyev alim və ictimai xadim kimi” mövzusunda tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli çıxış edərək İsmayıl Hacıyevin Azərbaycan elmində özünəməxsus yeri olduğunu vurğulayıb, akademikin elmi-pedaqoji fəaliyyətinin üstün cəhətlərindən geniş danışıb. O, İsmayıl Hacıyevin qiymətli əsərləri ilə Azərbaycan tarix elminin inkişafına layiqli töhfələr verdiyini bildirib. Vurğulanıb ki, akademik Naxçıvan tarixilə bağlı bir sıra mübahisəli məsələyə elmi aydınlıq gətirib, habelə qədim tarixi keçmişə malik Azərbaycana və onun ayrılmaz parçası Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edən ermənilərə rus, ingilis dillərində əsərləri və məqalələri ilə tutarlı cavablar verib, ümumiyyətlə elmi fəaliyyətində Azərbaycanşünaslığa çox böyük diqqət və məsuliyyətlə yanaşıb.
Qeyd olunub ki, İsmayıl Hacıyev Azərbaycan tarix elminin inkişafına göstərdiyi xidmətlərinin qarşılığında, yorulmaz fəaliyyətinin müqabilində dövlətimiz tərəfindən yüksək qiymətə layiq görülüb. Qeyd olunan Tədbirlər Planına uyğun olaraq elmi konfrans, açıq dərs keçiriləcək və akademikin əsərlərindən ibarət sərgi təşkil olunacaq.
YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli qeyd edib ki, akademikin elmi fəaliyyətində ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri və rolu, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqəsi, Araz-Türk Respublikasının tarixi, 1941-1945-ci illər müharibəsində Azərbaycanın ictimai-siyasi və mədəni həyatı, Naxçıvan bölgəsinin ərazi taleyi, sosial-iqtisadi tarixi, mədəni inkişafı, görkəmli yetirmələri, Azərbaycanın itirilmiş tarixi torpaqları kimi məsələlər mühüm yer tutur. Bildirilib ki, İsmayıl Hacıyevin kadr hazırlığında xüsusi xidmətləri var. Onun rəhbərliyi ilə bir çox doktorluq, namizədlik, magistr dissertasiyası müdafiə edilib. Akademik 54 kitab, monoqrafiya, kitabça, dərs və tədris vəsaitinin, 700-ə yaxın elmi və elmi-kütləvi məqalənin müəllifidir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin əməkdaşları tarix elmləri doktoru Sevinc Abbasova “Azərbaycan tarixinin öyrənilməsində akademik İsmayıl Hacıyevin rolu”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Akademik İsmayıl Hacıyevin araşdırmalarında Naxçıvan tarixi məslələri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Akademik İsmayıl Hacıyevin elmi tədqiqatlarının əsas istiqamətləri” mövzularında çıxış edərək görkəmli alimin xidmətlərindən, elmi kadrların yetişməsindəki xüsusi əməyindən danışıblar.
Yubilyar öz çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm, təhsil, mədəniyyət, incəsənət sahəsinə, elm adamlarına, ziyalılara böyük diqqət və qayğı ənənəsinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini önə çəkib. Akademik AMEA Naxçıvan Bölməsinə daim qayğı ilə yanaşıldığını məmnunluq və minnətdarlıqla dilə gətirib, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
Qeyd edək ki, tədbir müddətində akademikin ictimai-siyasi fəaliyyəti ilə bağlı slaydlar nümayiş etdirilib.
Turab Hacızadə