Ali Baş Komandan: Şuşaya qələbə yolu ilə gəlmişəm

A- A A+

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdu gümanım.

Ay qız, bu nə qaş, göz, bu nə tel,

Ölərəm dərdindən, onu bil,

Danışmasan da balam, barı gül.

 

 Əziz Şuşa, sən azadsan

28 il əsirlikdə qalan Şuşa barədə danışanda Xan Şuşinskinin bu ifası qəlbimizi yaraladı. 28 il bircə bu mahnı bizim oldu, başqa heç nə. Nə Şuşanın dağı, nə aranı, nə Cıdır düzü, nə də İsa bulağı. Dığaların Şuşadan çəkdikləri kadrlara həsrətlə baxdıq və beləcə, 28 il Şuşasız ürəyimizin “yağı əridi”. 28 illik zənciri Azərbaycan Ordusu qırdı. Dünya böyük qələbənin xəbərini elə BÖYÜK LİDERin özündən öyrəndi. 2020-ci ilin bir payız günündə – noyabrın 8-də müzəffər Ali Baş Komandan Şuşanın işğaldan azad olunması xəbərini verən zaman sanki, bütün ölkə ayağa qalxdı. Qələbəni, tarixi zəfəri qeyd etmək üçün.

Bir ana düşünün. 28 il öz övladından ayrı düşür. Onu oxşayıb əzizləyə bilmir, qoxusunu içinə çəkə bilmir, varlığını duymur. Vüsalın, həsrətin sona yetdiyi gün ana hansı hissləri yaşayarsa, Azərbaycan xalqı da noyabrın 8-də həmin hissləri yaşadı. Qalib əsgər Şuşanın dağlarındakı dumanı, səmasındakı qara buludları dağıtdı, sinəsinə ox kimi sancılan yad cismin yerinə gözəlliyini göylərdən alan üçrəngli qələbə bayrağını asdı.

Adı cəmi dörd hərfdən ibarət, mənası dörd qat daha dərində, qayıtmasını dörd gözlə gözlədiyimiz şəhər, biz sənsiz keçən 28 il ərzində bir an belə səni unutmadıq. Sənə qovuşacağımız günü həsrətlə gözlədik. Təkcə gözləmədik, həm də gücləndik. Bilirsən, indi dünyada güc amili hər şeyi həll edir. Ona görə də bu zaman çərçivəsində dövlətimizi, iqtisadiyyatımızı, ordumuzu gücləndirdik. Biz ordumuza, Ali Baş Komandanımıza inandıq, onun ətrafında sıx birləşib dəmir yumruq yaratdıq.

Əziz Şuşa, bu gün sabahı sənin qoynunda açıb, axşamı da orada yola salan qalib əsgər səni azad etmək üçün 28 il təlimlərdə tər tökdü, peşəkarlığını, bacarığını artırdı. Və nəhayət, dünya hərb tarixində görünməmiş döyüş planını həyata keçirərək səni əbədi azadlığa qovuşdurdu. Şəhid oldular, yaralandılar, amma Şuşa sevgisindən dönmədilər. Dağları, dərələri aşaraq, düşmənin tankına, topuna, artilleriya vasitələrinə qarşı sadə döyüş vasitlərindən istifadə edərək səni yenidən anamız Azərbaycana qovuşdurdular.

Əziz Şuşa, biz səni dirçəldəcəyik

Əziz Şuşa, 28 il sonra, ilk dəfə müzəffər Ali Baş Komandan səninlə görüşə gəlir. Özü də qələbə yolu ilə. Hansı ki, bu yol heç vaxt olmayıb. İndi şəxsən özü Füzuli-Şuşa avtomobil yolunun təməlini ataraq böyük qayıdışın irimiqyaslı planların, layihələrin başlandığını elan edir. Hələ bu harasıdır... Füzulidə inşa olunacaq Beynəlxalq Hava Limanına da xeyir-dua verir. Bu, Qarabağın inkişafına hesablanmış ən mütərəqqi addımdır. Ali Baş Komandanın da dediyi kimi: “Hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir”.

Digər bir tərəfdən Azərbaycan işğaldan azad olunmuş yerlərdə böyük tikinti işlərinə başlayır. O yerləri yenidən qurmaq-yaratmaq üçün tələb olunan tikinti materialları əlavə vaxt sərf etmədən tez bir zamanda hava yolu ilə Qarabağa daşınacaq. Artıq ilkin işlərə start verilib. Ölkə başçısının tapşırığına əsasən, Şuşanın su və elektrik infrastrukturu yenidən qurulub, 28 il sonra Şuşadakı məscidlərdə işıq yanır. Mütəxəssislər tərəfindən yenidənqurma işləri üçün şəhərdə yerləşən inzibati və yaşayış binalarının, tarixi abidələrin, məscidlərin, karvasarayların baş planı hazırlanıb. Görüləcək işlər Şuşa uğuru qədər əzəmətli, möhtəşəm olacaq.

QALİB SƏRKƏRDƏ Azərbaycan bayrağını Şuşa səmasına qaldırdıqdan sonra çox mühüm bir məqama toxunaraq dedi: “Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib”.

Bizdə yaxşı bir deyim var: heç vaxt başından böyük danışma. Bu cür sərsəm bəyanat verənlər gərək vaxtında götür-qoy edərdilər, papaqlarını qarşılarına qoyub yaxşı düşünərdilər. Dərk edərdilər ki, gəmidə oturub gəmiçi ilə dava etmək olmaz. Bu torpaq özgənindir və bir gün həqiqi sahibləri geri qayıdacaq. Başqasının himayəsinə, qılığına girməklə yaşamaq, müstəqil siyasət yürütmək olmaz. İşğalçılıq siyasətinə son qoymaq lazımdır. Onlar nəinki bunu düşünmədilər, üstəgəl, həyasızcasına yeni ərazi iddiaları irəli sürdülər. Bax onda dəmir yumruq düşmənin başını əzdi, belini qırdı, ona yerini göstərdi.  Ali Baş Komandan Azərbaycanın dövlət bayrağını Şuşa göylərinə qaldırmaqla tarixi ədalətin bərpa olunduğunu göstərdi.

Əziz Şuşa, Ali Baş Komandan 28 il sonra əsirlikdən azad edilmiş məscidlərini ziyarət edir, bir müsəlman kimi, hər birinə böyük ehtiram və diqqət nümayiş etdirir, müqəddəs Məkkə şəhərindən gətirdiyi “Qurani-Şərif” bağışlayır. Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidləri öz həqiqi sahiblərinin nəfəsini duyur, duasını eşidir. Biz hər zaman multikultural dəyərlərə hörmətlə yanaşmışıq, müxtəlif dinin nümayəndələri ilə birgə yaşamağı bacarmışıq. Amma vandal düşmən məscidlərimizi tarixi abidələrimizi dağıtmaqla, onları təhqir etməklə islamofob xüsusiyyətini addımbaşı nümayiş etdirir. Şuşada, eləcə də işğaldan azad edilmiş bütün bölgələrdəki dini abidələr Azərbaycan dövlətinin gücü və qayğısı hesabına yenidən bərpa olunacaq.

Şuşa: Azərbaycan musiqinin beşiyi, Qafqazın sənət məbədi, Zaqafqaziyanın konservatoriyası.

Şuşa: Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Həmidə xanım Cavanşir, Əhməd bəy Ağaoğlu.

Şuşa: tar, kamança, ud, muzey, məktəb, kitabxana... Və nəhayət...

Şuşa: Azərbaycanın mədəniyyət paytaxtı. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, Şuşada “Xarıbülbül festivalı” bərpa olunacaq, “Vaqif poeziya günləri” yenidən keçiriləcək. Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstlərini yenidən Şuşaya qaytaran, Molla Pənah Vaqifin düşmən tərəfindən dağıdılmış məqbərəsini, Natəvan sarayını, Bülbülün ev muzeyini  ziyarət edən Ali Baş Komandan Şuşanın ölkənin mədəni həyatındakı yerini və rolunu bir daha dünyaya çatdırdı.

Cıdır düzündə “Çay dəstgahı”

“Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü. Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq”. 

Əziz Şuşa, qalib Ali Baş Komandanın bu bəyanatını eşitmək üçün bizim kimi sən də 28 il gözlədin. Düşmən Cıdır düzündə sərxoş vəziyyətdə Azərbaycan xalqının heysiyyətinə toxunub yallı gedəndə bəlkə də ən çox sən acı çəkmişdin. Yəqin dilin olsaydı, “gəlin, məni bu xainlərin əlindən xilas edin”,– deyərdin. Əziz Şuşa, eşidirsən, biz qayıtmışıq.  Əlimizdə bayraq, qəlbimizdə bitib-tükənməyən Vətən, Şuşa sevgisi ilə. Biz qayıtmışıq, Cıdır düzündə bayram tonqalını qalamaq, muğam festivalı, cıdır yarışları təşkil etmək üçün. 28 il sonra ilk dəfə Azərbaycan Prezidenti sənin torpağında gecələdi, sabahı Cıdır düzündə açdı, armudu stəkanda paxlava ilə çay içdi. Ali Baş Komandanın bu mesajı ilə dostlar sevindi, düşmənlərin gözü çıxdı.

Əsası üç əsr bundan əvvəl qoyulan təbii qala, gözəl Şuşa. XXI əsr tarixinin ən gözəl vaxtı – 2021-ci il dirçəlişinin miladı, başlanğıcı olacaq. Daşın, torpağın doğma xalqının vəfasını görəcək, sıldırım qayaların, ağacların muğamın ahənginə qovuşacaq. Məscidlərin, karvansarayların, muzeylərin qapısı dünyanın üzünə açılacaq. Hamı tanıyacaq xarıbülbülü, Gövhər ağa məscdini biləcək hər kəs. Dörd hərfdən ibarət adın dünyanın dörd tərəfinə yayılacaq. Dörd nəsil bundan sonra dörd fəsil səndən danışacağıq.

                                                     Muxtar Rzazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: