Azərbaycan xalqı tarixin müxtəlif səhifələrində öz müstəqilliyi, azadlığı uğrunda, zülmə-istibdada qarşı mübarizə aparıb. Təbii ki, bu da asan olmayıb, xalqın azadlıq uğrunda mücadiləsi, haqsızlığa qarşı etiraz səsinin qan içərisində boğulmasına cəhdlər edilib. Məhz XX əsrdə rus işğalı nəticəsində istiqlaliyyətimiz süqut etdi, xalqımıza qarşı azadlıq mübarizəsi boğuldu, bir neçə dəfə soyqırım və genosidlər törədildi. 1990-cı il 20 yanvarda baş verənlər isə xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna təcavüz cəhdi idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar hadisələri eyni zamanda tariximizin qəhrəmanlıq səhifəsidir.
Biz 20 Yanvar tarixini milli matəm, hüzn günü kimi yox, milli iftixar hissi ilə yad edirik. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin azərbaycanlılara qarşı törətdiyi bu qanlı cinayət xalqı daha sıx birləşdirdi, onun mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edildi. 20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Bu il üstündən 31 il keçməsinə baxmayaraq xalqımız azaldığımızın ilk qaranquşları olan 20 Yanvar şəhidlərini ehtiramla yad edir, müstəqilliyimizin ilk carçılarını fəxrlə anırlar.
O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyev vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən irəli gələn cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Ulu öndər yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandırdı. 20 Yanvar hadisələrinə əsl siyasi qiymətin verilməsi, terrorun günahkarlarının aşkara çıxarılmasıyla bağlı işçi qrupunun yaradılması da məhz Ümummilli liderin adıyla bağlıdır. Həmçinin Ulu öndər hadisələrin ertəsi günü həyatını təhlükəyə ataraq Moskvada Daimi Nümayəndəliyə gedərək bu terrora, hərbi təcavüzə qarşı öz etiraz səsini ucaltdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dahi rəhbərin təşəbbüsü ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı il 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri araşdırıldı, 1994-cü ildə 20 Yanvar faciəsinə hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymət verildi.
20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyirik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq illər keçir. Müstəqil Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində öz yerini tutub və bütün dünyaya sübut edib ki, müstəqilliyimiz əbədidir, dönməzdir.
20 Yanvar, eləcə də Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələri tam dövlət qayğısı ilə əhatə olunub. Eyni zamanda 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətin diqqətindədir. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Ulu öndərimizin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, onların sosial reabilitasiyası ilə bağlı hüquqi baza yaradılıbdır. Bu işlər bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Muxtar respublikamızda da 20 Yanvar və ümumiyyətlə, şəhidlərimizin xatirəsi həmişə uca tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərində yerləşən Şəhidlər Xiyabanı əsaslı təmir olunaraq muxtar respublika sakinlərini ziyarətgahına çevrilib. Xatirə Muzeyində bu insanlar haqqında məlumat və şəxsi əşyaları saxlanılır ki, bu da yeniyetmə və gənclərə bu irsin öyrənilməsi üçün məlumat verir, onların milli vətənpərvərlik hisslərinin formalaşmasına təsir göstərir.
20 Yanvar şəhidlərinin rəşadəti həm də böyük mənəvi təsir qüvvəsinə malikdir. Bu faciə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ağır təcavüz və cinayət olmaqla yanaşı, həm də Azərbaycanın milli azadlığı uğrunda xalqımızın qan yaddaşına qəhrəmanlıq təcəssümü kimi həkk edilib. Bu qəhrəmanlıq salnaməsi gənclərimizin milli vətənpərvərlik ruhunda formalaşmasında böyük əhəmiyyət kəsb edir. Əgər xalqımızda yüksək vətənpərvərlik hissi olmasa idi, əliyalın yurddaşlarımız 1990-cı ilin 20 yanvar gecəsi sinələrini düşmən tankları önündə polad sipərə döndərməzdilər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz Vətən övladlarının qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Muxtar respublikamızda da hər il 20 Yanvar hadisələrinin ildönümü dərin ehtiramla qeyd edilir, igid övladlarımızın fədakarlığı bir daha xatırlanır, onların əziz xatirəsi yad olunur. Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində Vətən şəhidlərinə xatirə kompleksləri ucaldılıb, küçələrə, təhsil ocaqlarına onların adları verilib. Bu gün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanı naxçıvanlıların müqəddəs and yerinə, müqəddəs məkanına çevrilib.
Doğma diyarımızda müharibə veteranlarının, şəhid ailələrinin və əlillərinin problemlərinin dövlət səviyyəsində həlli mühüm vəzifələrdən biridir. Muxtar respublikamızda hər il bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı da 20 Yanvar hadisələrinin və zaman-zaman xalqımıza qarşı törədilən ağlasığmaz cinayətlərin gənc nəslə çatdırılması, onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edir, milli qəhrəmanlarımız və şəhidlərimiz gənclər arasında geniş təbliğ olunur. Orta ümumtəhsil məktəblərində müharibə iştirakçıları ilə vaxtaşırı görüşlər keçirilir. Gənclərin vətənpərvərlik tərbiyəsinə diqqət göstərilir, bu sahədə layihələr icra olunur.
1990-cı il 20 Yanvar qanlı faciəsini, həmin gün şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar. Çünki bir millət kimi sınmadığımızın, əyilmədiyimizin, məğlub olmadığımızın, ümummilli mənafelər uğrunda birləşə bildiyimizin, azadlığımızı və müstəqilliyimizi qanımızla və canımızla əldə etdiyimizin sübutu olan 20 Yanvar qan yaddaşımıza yazılmış faciəli tariximiz, eyni zamanda qəhrəmanlıq salnaməmizdir. Bu tarixi yazanların və bu tarixin hüquqi, siyasi və tarixi qiymətini verənlərin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. 20 Yanvar tarixi qürur və şərəf tariximizdir!
Azərbaycan tarixində məhz igid oğullar Vətənimizin azadlığı, bütövlüyü uğrunda daim mübarizə aparmış, torpaqlarımızın, sərhədlərimizin qorunması, ölkəmizin azad, suveren bir dövlət olması üçün öz canlarından, qanlarından keçiblər. Bu gün müasir tariximizin ən unudulmaz və şərəfli dövrünü yaşayırıq. Ali Baş Komandanın rəhbərliyi ilə son 200 ildə ilk dəfə itirilən torpaqlarımızı geri qaytarıb, sərhədlərimizi bərpa edib, bayrağımızı ucaltmışıq.
Belə ki, sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycanın düşmən üzərində həlledici qələbəsi ilə nəticələndi və 2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük davam edən İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin uzaq görən siyasəti əsasında başa çatdı. 4 rayonun, o cümlədən Şuşa şəhərinin döyüş yolu ilə işğaldan azad olunması Azərbaycanın möhtəşəm hərbi zəfəri kimi tariximizi şərəfləndirdi, Vətən müharibəsində Azərbaycanın hərbi qələbəsinin zirvəsi oldu. Noyabrın 10-da Ermənistanın baş naziri tərəfindən imzalanan kapitulyasiya aktının bəndləri artıq yerinə yetirilib. Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan işğaldan azad edilməsi ordumuzun döyüş meydanlarındakı şanlı qələbələrinin nəticəsidir, böyük şücaətidir. İndi bu torpaqlarda Azərbaycan bayrağı ucalır. Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu müharibədən qalib çıxan xalqımız öz haqqı uğrunda əvvəldən-axıra kimi ləyaqətlə, inamla mübarizə apardı. Bu qələbə respublikamızın nəinki Cənubi Qafqazda, həmçinin bütün dünyada mövqelərini daha da möhkəmləndirdi, nüfuzunu yüksəltdi. Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan öz maraqlarını qətiyyətlə təmin edərək regionun lider dövlətinə çevrilib. Vətən müharibəsində Azərbaycanın parlaq hərbi qələbəsi nəinki ölkəmizin tarixinin, bütövlükdə dünyanın ən mühüm hadisələrindən biri oldu.
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Vətən Müharibəsində də məhz öz canları qanları bahasına döyüşən əsgər və zabitlərimiz məhz, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş oğul və qızlarımızın qanını yerdə qoymadı. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Artıq şəhidlərimizin ruhu şaddır. Çünki Şuşanın dağlarının başında duman yoxdu, artıq bütün Qarabağın üzərində günəş öz şəfəqlərini saçır və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.
Mirməcid Seyidov
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri