"Vətən uğrunda" medalı ilə təltif edilən qəhrəman şəhid leytenant İbrahim Əliyev - VİDEO

A- A A+

Vətən uğrunda can verən qəhrəmanlar ölməyib, onlar fəxarət ünvanı, müstəqil Azərbaycanın şanlı tarixidirlər.

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,

Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.

Sənin öz dövlətin, öz millətin, öz cəddin var

Vətən uğrunda ölənlər ölümündən doğular.

Əliyev İbrahim Mustafa oğlu  1997-ci ildə Kəngərli rayonunun Qabıllı kəndində dünyaya göz açıb. Əliyevlər ailəsinin sonbeşiyi babasının adını daşıdığından ona İbrahim yox, “ata” deyə müraciət edib, hər zaman “adınla böyü” deyiblər. Böyüyür İbrahim, tarix dərslərində vaxtilə mənfur düşmənlərin xalqımızın başına açdığı müsibətləri öyrənib qəlbində bir qisas hissi ilə böyüyür.  Bununla da 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə yol alır, 2018-ci ildə Ali hərbi məktəbi fərqlənmə diplomu ilə bitirib leytenant kimi şərəfli xidmətinə başlayır. Xidməti zamanı da bir çox müvəffəqiyyətlərə imza atır. “Azərbaycan Ordusunun yaranmasının 100 illiyi” medalına, diplom və sertifikatlara layiq görülür. 2020-ci ildə Türkiyədə keçirilən xüsusi kəşfiyyat kursunu da uğurla tamamlayıb Vətənə qayıdır. 

Sentyabrın 26-sı illərdir içində bəslədiyi qisas hissinin məqamının yetişdiyini öyrənir. Şərəfli zabit və qeyrətli oğul kimi haqq savaşına qatılacağını eşidəndə çox sevinir,  əvvəlcə yaşadığı evi üçrəngli bayrağımızla bəzəyir, daha sonra atasına zəng vuraraq halallıq istəyir.

İbrahim sentyabrın 30-u Suqovuşan istiqamətində şəhidlik zirvəsinə yüksəlsə də, nəşi 70 gün sonra tapılır, dekabrın 7-də göz açdığı doğma Qabıllı kəndində  torpağa tapşırılır. 70 gün boyunca bir ümidlə xəbər gözləyən ana ürəyi üçün oğlunu itirmək  nə qədər çətin olsa da, onun igidliyini fəxrlə qarşılayır Xəzəngül ana.

Ayrılıq rəmzi olduğu inancını daşıyan ana bir zamanlar oğlunun bir şəklini belə böyütdürmək istəməyib. İndi isə İbrahimdən geriyə qəhrəman oğlunun  fotoşəkillərindən ibarət guşə və üçrəngli bayrağa bürünmüş yatağı qaldı. Həmin bayraq ki, onun tabutuna bürünmüşdü. Anası deyir ki, oğluna toy edəcəkdi, amma İbrahim düşmənə toy tutdu, onları qovdu torpaqlarımızdan, əbədiyyətə qovuşdu. 

Şəhidimiz 3 bacının bir qardaşı idi. O, şəhadəti ilə bacılarına Şəhid bacısı olmağın qürurunu yaşatdı. İndi bacılarının da qəlbində və dilində  yalnız fəxarət hissləri yaşayır.

Vətən sənə minnətdardır, Vətən sənə heyrandır, Vətən elə sənsən, Şəhidim, ruhun şad olsun!

Naxçıvan televiziyasının əməkdaşları şəhid leytenant İbrahim Əliyevlə  bağlı reportaj hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin reportajı təqdim edir:

 

Elnurə Tahir

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: