Akademik İsmayıl Hacıyev-70

Görkəmli alim, bacarıqlı elm və təhsil təşkilatçısı

A- A A+

Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, bacarıqlı elm və təhsil təşkilatçısı, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Muxtar oğlu Hacıyevin 70 yaşı tamam olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Sədri Vasif Talıbov akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə Tədbirlər Planı  təsdiq etmişdir.

Həyatının kamillik və müdriklik çağını yaşayan akademik İsmayıl Hacıyev çox zəngin və şərəfli bir həyat yolu keçmişdir. 70 il bundan əvvəl, 21 yanvar 1951-ci ildə Culfa rayonunun Xanəgah kəndində müəllim ailəsində dünyaya göz açan İsmayıl Hacıyev gərgin əməyi və zəhməti hesabına sıravi orta məktəb müəllimliyindən akademikliyə, AMEA-nın çox böyük strukturlarından birinin rəhbərliyinə, Milli Məclisin deputatlığına qədər yüksəlmiş, nəinki Naxçıvanda, geniş miqyasda Azərbaycanda, hətta qonşu ölkələrdə tanınmış ictimai xadimə, alimə, Azərbaycan tarix elminin sütunlarından və ağsaqqallarından birinə çevrilmişdir.

İsmayıl müəllimin doğulub boya-başa çatdığı Xanəgah kəndi Azərbaycan tarixində xüsusi yeri olan, xalqımızın əyilməzlik, yenilməzlik simvoluna çevrilən Əlincəqalanın qərb ətəklərində, Əlıncəçayın sahillərində yerləşir. Kənddən azca aralı, şərq tərəfdə inşa olunan Əlincəçay xanəgahında, el arasında “Şeyx Xorasan” adlanan ziyarətgahda isə 1417-ci ildə Əlincədə qətlə yetirilən hürufilik təliminin banisi Fəzlullah Nəimi uyuyur. Belə bir tarixi məkanda böyüməsi, ailə üzvlərindən, kənd sakinlərindən bu abidələr haqqında eşitdiyi məlumatlar İsmayıl Hacıyevin gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmiş, onda tarixçi olmaq həvəsini yaratmışdır. Bu həvəs onu Azərbaycan Dövlət Pedaqoji İnstitutuna aparıb çıxarmışdır. 1974-cü ildə APİ-nin (indiki APU-nun) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra orta məktəb müəllimi kimi fəaliyyətə başlayan İsmayıl Hacıyev 1978-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, dekan müavini, dekan, elmi işlər üzrə prorektor, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. Müəllimliyə ürəkdən bağlı olan İsmayıl Hacıyev bu gün də pedaqoji fəaliyyətini davam etdirir, Azərbaycan tarixi kafedrasının professoru kimi Tarix ixtisasında Azərbaycan tarixindən mühazirələr oxuyur.

Yüksək elmi və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq İsmayıl Hacıyev 2003-cü ilin yanvarında AMEA Naxçıvan Bölməsinin Sədri vəzifəsinə təyin olunmuş, elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vaisf Talıbovun qayğısı ilə AMEA Naxçıvan Bölməsi böyük inkişaf yolu keçmiş, Naxçıvanda elmi mühitin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. 2003-cü ildə 135 əməkdaşla fəaliyyətə başlayan bölmədə, yüksək dövlət qayğısı sayəsində hazırda 263 nəfər – 2 akademik, 4 müxbir üzv, 4 elmlər doktoru, 57 fəlsəfə doktoru, 100-dən artıq elmi işçi çalışır.

Akademik İsmayıl Hacıyev hər şeydən əvvəl Azərbaycan tarixinin müxtəlif problemləri ilə əlaqədar uğurlu və ciddi tədqiqatlar aparan zəhmətkeş alimdir. Onun 1992-ci ildə müdafiə etdiyi tarix elmləri üzrə fəlsəfə doktoru dissertasiyası İkinci Dünya müharibəsi zamanı Azərbaycan qadınlarının arxa cəbhədəki fəaliyyətinə həsr olunsa da, sonrakı dövr tədqiqatlarında Azərbaycan tarixinin ən müxtəlif problemləri ilə məşğul olmuş, bir sıra məsələlərin ilk tədqiqatçısı kimi tariximizə elmi yeniliklər gətirmiş, mübahisəli və qaranlıq məsələləri aydınlaşdırmışdır. Onun 1999-cu ildə uğurla müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın milli dövlətçilik tarixində yeri məsələsinə həsr olunmuşdur. İsmayıl Hacıyev mövzu  üzərində tədqiqatlarını davam etdirmiş, tədqiqatlarının nəticəsi olaraq 2018-ci ildə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı mükəmməl monoqrafiya nəşr etdirmişdir. Elmi ictimaiyyət və geniş oxucu auditoriyası tərəfindən böyük rəğbətlə qarşılanan əsər  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının mükafatına layiq görülmüşdür. Böyük əhəmiyyəti nəzərə alınaraq bu əsər 2020-ci ildə Sankt-Peterburq şəhərində rus dilində nəşr etdirilmişdir.

İsmayıl Hacıyevin bu monoqrafiyası Azərbaycanın dövlətçilik ənənələrinə malik olmaması barədə erməni sayıqlamalarına qarşı tutarlı cavab verən çox sanballı tədqiqatdır. Alim bu əsəri ilə sübut edir ki, Naxçıvan diyarı qədim dövlətçilik ənənələrinə malik olmuş, XI əsrdə Naxçıvanşahlıq kimi feodal dövlət qurumu, 1136-cı ildə Azərbaycan Atabəyləri dövlətini tarix səhnəsinə çıxarmışdır. Naxçıvanşahlığın və təxminən 30 illik bir müddət ərzində  nəhəng imperiyanın paytaxtı olan Naxçıvan şəhəri Hülakülər zamanında mərkəz olmaqla “Naxçıvan tüməni” adlı inzibati-ərazi bölgüsü, XVIII əsrin 20-ci illərində “Naxçıvan sancağı” Nadir şah Əfşarın qətlə yetirilməsindən sonra 1747-ci ildən tariximizdə şərəfli iz buraxan Naxçıvan xanlığı kimi bir dövlət qurumu yaradılmışdır. Naxçıvanın Azərbaycan dövlətçiliyi tarixində fəaliyyəti XX yüzilliyin əvvəllərində də davam etmiş, bölgənin erməni təcavüzündən qorunması üçün 1918-ci ilin noyabrında paytaxtı Naxçıvan şəhəri olan Araz-Türk Cümhuriyyəti yaradılmışdır.

Akademikin elmi fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin, nəzəri irsinin tədqiqi mühüm mərhələ təşkil edir. Onun müxtəlif vaxtlarda nəşr etdirdiyi “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı” monoqrafiyaları və çoxsaylı məqalələri sanballı əsəsrlərdir. Ümummilli liderin nəzəri irsinin öyrənilməsi sahəsində uğurlu fəaliyyəti akademik İsmayıl Hacıyevi dahi şəxsiyyətin həyatı və fəaliyyətini tədqiq edən alimlər içərisində ön sıraya çıxarmışdır.      

XX yüzilliyin əvvəllərində yaranmış çox mürəkkəb vəziyyətdə ermənilərin ərazi iddialarının gücləndiyi bir dövrdə Naxçıvanın muxtariyyət məsələsi  və onun uğrunda mübarizə aparan Behbud ağa Şahtaxtinskinin həyatı və fəaliyyətinin öyrənilməsi alimin fəaliyyətində mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, o, “Behbud ağa Şahtaxtinski: həyatı və fəaliyyətinin mühüm mərhələləri” kitabını yazmış, topladığı yeni və nadir arxiv materialları əsasında 2017-ci ildə “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” adlı irihəcmli kitab nəşr etdirmişdir. Kitabda Behbud ağa Şahtaxtinskinin müxtəlif mətbuat orqanlarında çap olunmuş məqalələri, çıxış və məruzələrinin bir qismi ilk dəfə olaraq geniş oxucu auditoriyasına təqdim edilmişdir. Həmçinin kitabda Behbud ağa Şahtaxtinski ilə əlaqədar olan bir sıra sənədlər, teleqramlar, diplomatik yazışmalar, bağlanmış müqavilələr də öz əksini tapmışdır. Kitaba daxil edilən materialların əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir.

Onun Naxçıvan Muxtar Respublikası tarixinin müxtəlif problemləri ilə əlaqədar yazdığı kitab və monoqrafiyalar, o cümlədən “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı və mədəni inkişafı”, “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “Tarixdə və günümüzdə Naxçıvan” və digər  monoqrafiyaları, çoxsaylı məqalələri mühüm siyasi, elmi-tarixi əsərlər kimi dəyərləndirilir.

Bu cəhətdən alimin müştərək müəlliflərlə hazırladığı “İntibahın 15 ili” kitabı da diqqəti cəlb edir. Naxçıvan Muxtar Respublikasının 1995-2010-cu illər tarixinin salnaməsi və güzgüsü olan bu kitabda muxtar respublikanın inkişaf yolundan, tərəqqisindən bəhs edilmiş, bütün sahələrdə aparılan möhtəşəm quruculuq işlərinin mənzərəsi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Heydər Əliyev siyasi kursuna sədaqətini, dövlətçilik prinsipləri əsasında yorulmaz fəaliyyətini, yüksək tələbkarlığını və prinsipiallığını, eyni zamanda xeyirxahlıq və vətənpərvərliyini əldə olunan nailiyyətlərin əsas şərti kimi qiymətləndirmişdir.

Akademikin elmi fəaliyyətində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” monoqrafiyası əsas yer tutur. Yaradıcılığında muxtar respublikanın müstəqillik dövrü tarixinin öyrənilməsi xüsusi mərhələ təşkil edən akademikin ərsəyə gətirdiyi bu əsər Naxçıvan Muxtar Respublikasının  1995-2020-ci illərdə keçdiyi inkişaf yolu, əldə olunan nailiyyətləri haqqında müfəssəl məlumat verən yüksək səviyyəli monoqrafik tədqiqatdır.

Ermənilərin Azərbaycana, o cümlədən onun qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvana ərazi iddiaları, xalqımıza qarşı törətdikləri soyqırım və deportasiyalar akademik İsmayıl Hacıyevin tədqiqatlarında  mühüm yer tutur. Alim bu məsələyə aid bir çox məqalə və kitablar həsr etmiş, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” adlı monoqrafiya hazırlamışdır. Bu kitab 2016-cı ildə Moskvada rus dilində elmi dövriyyəyə buraxılmışdır.

Akademik İsmayıl Hacıyev 1000-ə yaxın elmi, elmi kütləvi və ictimai-siyasi məqalənin, 54 kitabın müəllifidir. Azərbaycan tarixinin aktual problemlərinə həsr olunmuş bu əsərlərdən 3 monoqrafiya, 1 kitab, 80-ə yaxın məqalə xarici ölkələrdə müxtəlif dillərdə nəşr olunmuşdur. Bütün bunlarla yanaşı, akademik İsmayıl Hacıyev bölmədə hazırlanan bir sıra ümumiləşdirici əsərlərin ərsəyə gətirilməsində də yaxından iştirak etmiş, bu sahədə aparılan işlərə rəhbərlik etmişdir. İki cildlik “Naxçıvan ensiklopediyası”, Azərbaycan və ingilis dillərində işıq üzü görən “Naxçıvan abidələri ensiklopediyası”, 3 cildlik “Naxçıvan tarixi”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas onun iştirakı və müəllifliyi ilə hazırlanmışdır. 2010-cu ildə işıq üzü görən “Naxçıvan tarixi atlası” da akademik İsmayıl Hacıyevin təşkilatçılığı və müəllifliyi ilə hazırlanan, bu sahədə çox mötəbər elmi nəşrlərdəndir. Akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci il 6 avqust tarixdə imzaladığı “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Sərəncamı ilə əlaqədar çox böyük elmi və təşkilati işlər yerinə yetirmiş, çoxcildliyin bir neçə fəslini elmi əsaslarla nəşrə hazırlamışdır.

Akademik İsmayıl Hacıyevin rəhbərlik etdiyi Dissertasiya Şurasında 2006-cı ildən bəri 10 nəfəri elmlər doktoru olmaqla 110-a yaxın alim hazırlanmışdır. Elmdə çox tələbkar olan və güzəştə getməyən alim gənc tarixçi kadrların hazırlanması sahəsində çox səmərəli iş aparır. Alimin rəhbərliyi ilə indiyədək 9 nəfər tarix üzrə elmlər doktoru, 20 nəfər tarix üzrə fəlsəfə doktoru hazırlanmışdır. Akademik İsmayıl Hacıyev Vətən tarixi üzrə Azərbaycanda öz elmi məktəbini yaradan alimlər sırasındadır.

Azərbaycanın və dünyanın bir sıra elmi-tədqiqat müəssisələri və ali məktəbləri ilə bölmənin elmi əməkdaşlığına nail olan akademik İsmayıl Hacıyev Azərbaycan tarix elmini xarici ölkələrdə layiqincə təmsil edir. Dünyanın bir sıra ölkələrində keçirilən 60-dan artıq simpozium və konfransların iştirakçısı olan alim həm də nüfuzlu elmi qurumların və xarici jurnalların redaksiya heyətinin üzvüdür. 2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına layiq görülən, 2002-ci ildə Nyu-York Elmlər Akademiyasına, 2006-cı ildə “Dialoq Avrasiya Platforması”na və “Dialoq Avrasiya” jurnalının redaksiya heyətinə üzv seçilən akademik İsmayıl Hacıyev 2010-cu ildə ABŞ Bioqrafiya İnstitutunun Qızıl Medalı ilə təltif olunmuşdur.  

İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin siyasi kursunun tədqiqatçılarından və təbliğatçılarından biridir. Onun əqidə bütövlüyü, üzvü olduğu Yeni Azərbaycan Partiyasına sədaqəti gənc alim və tədqiqatçılar üçün nümunədir.

Akademik İsmayıl Hacıyev insanlara qarşı son dərəcə həssas, diqqətli, hörmətcil olmaqla özündə yüksək insani keyfiyyətləri və müsbət cəhətləri birləşdirir. II çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən akademik İsmayıl Hacıyevin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Elm sahəsində qazandığı uğurlara görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti”nin 100 illiyi (1918-2018) yubiley medalı ilə təltif olunan akademik İsmayıl Hacıyev 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanına layiq görülmüşdür.

70 illik yubileyi qeyd olunan İsmayıl müəllim həyatının müdriklik və kamillik dövrünü yaşayır. Əminik ki, akademik İsmayıl Hacıyev bundan sonra da səmərəli fəaliyyəti, xeyirxah əməlləri ilə insanların qəlbində mövqeyini daha da möhkəmləndirəcək, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına öz dəyərli töhfələrini verəcəkdir.

 

Hacıfəxrəddin Səfərli

AMEA-nın müxbir üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: