Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, Vergi Məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Bəs, vəfat etmiş, fəaliyyət qabiliyyətini itirmiş və ya itkin düşmüş fiziki şəxslərin vergi öhdəlikləri necə yerinə yetirilir?
- Vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.
- Varis (varislər) olmadıqda vəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri silinir (ləğv edilir).
- Məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayılan fiziki şəxsin vergi öhdəliklərini itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş şəxsin əmlak sərəncamçısı kimi səlahiyyətləndirilən şəxs həmin əmlakın hesabına ödəyir.
- Qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş kimi tanınan fiziki şəxsin əmlakı onun vergi öhdəliklərini ödəmək üçün kifayət deyilsə, vergilərin əmlakın çatışmaması ilə əlaqədar ödənilməyən hissəsi, bu Məcəllənin 93-cü maddəsində göstərilən qaydada silinir.
- Fiziki şəxsin itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş kimi tanınmasının ləğv olunmasına dair məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edildikdə, əvvəllər silinmiş vergi öhdəlikləri bərpa edilir, lakin fiziki şəxsin itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldığı vaxtdan bu cür tanınmanın ləğv olunduğuna dair qərar qəbul edildiyi vaxtadək olan dövr ərzində faizlər hesablanmır və maliyyə sanksiyaları tətbiq edilmir.