Üç bacının qəhrəman qardaşı - VİDEO

A- A A+

Bir üzük, bir qələm, bir cüt ayaqqabı, bir cüt çəkmə, hərbi geyim, bir cüt saat, onlarla şəkil, üçrəngli bayraq bir ömürlük xatirə qaldı şəhid leytenant Cavid Nuriyevdən. Bundan sonra bu xatirələr yaşadacaq onu hər zaman qəlblərdə. Bir də qəhrəman adı qaldı ondan geriyə...

Özü bəzəyəcəkdi bu otağı, Cavidin bəy otağı olacaqdı bu otaq.

Nəvə baladan da şirindir, deyirlər. 41 nəvə sahibidir Zeynəb nənə. Nəvəsi Cavidlə hər gün söhbət edir bu otaqda. Qürurla baxır onun divardan boylanan rəsmlərinə. Nəvəsinin yoxluğu ona çox təsir edib. Cavidin baxışı, duruşu, oturuşu gözlərinin önündən getmir bu nurani qocanın. Cavid də çox sevərdi nənəsini. Toy-düyündə nənəyə aid  mahnı ilə oynadardı onu. Amma öz  toyunda oynada bilmədi  Zeynəb nənəsini.

Xocalı faciəsini, 20 yanvar hadisələrini ekranlardan, torpaqlarımızın işğal tarixini qara hərflərlə dərsliklərə həkk olunan yazılardan görüb bilmişdi Cavid. Düşmənə nifrətini barıt tək qəlbinə gömüb, orada böyütmüşdü. Torpaq, bayraq sevgisi hələ balaca bir məktəbli ikən baş qaldırmışdı onun qəlbində. Bu məktəbdə,  bu sinifdə oxumuşdu. İlk dəfə Tamam müəllimə  duyub hiss etmişdi ondakı bu sevgini.

2012-ci ildə öz istəyi ilə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil oldu, 2015-ci ildə  buradakı təhsilini bitirib Bakıdakı Ali Hərbi Məktəbə getdi və 2019-cu ildə  leytenant oldu O. Geydiyi zabit mundirindən, ay-ulduzlu paqonlardan qürur duydu.

Şəhid leytenant Cavid Nuriyev hərbçi kimi Mingəçevir şəhərində Vətəninə xidmət etdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində şücaət göstərərək Murov dağı, Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdi. Cənab leytenant oktyabrın 7-də şəhid oldu. Nəşi 20 gün neytral zonada qaldı.                                                           

1998-ci ilin 3 mart tarixində doğuldu, ilıq bir bahar günü Cavid o gedən getdi ata evindən. Bir də geri dönmədi. Ancaq telefonla danışdı doğmaları ilə. Son zəngi isə oktyabrın 6-da oldu. Nuriyevlər ailəsi oğullarının şəhidlik xəbərini oktyabrın 29-da aldı. 2020-ci il noyabrın 30-u Şərur Şəhidlər Xiyabanında dəfn edilən  Cavid qisasını özü aldı mənfur düşməndən. 4 erməni hərbçisini məhv etdikdən sonra snayperlə vuruldu.

Əşrəf Nuriyev inana bilmir oğlunun yoxluğuna. Elə bilirəm ki, sağdır, deyir. Axı şəhidlər ölmür…

Atasına arxa, kömək olacaqdı Cavid. Amma o qəhrəman bir oğul kimi vətənin dar gününə dayaq oldu. Gözünün ağı-qarası bir oğul itkisi çətin olsa da, Vətən sağ olsun, deyir ata.

Ulu babalarımızdan yadigardır bu üçrəngli bayraq. O vətəndir. Uğrunda kimlər canından keçməyib ki? Yüzlərlə şəhid oğullarımızın tabutunun örpəyi olub, onu əbədi var etmək, vətən torpağında dalğalandırmaq üçün canını verəni, qanını tökəni köksündə son mənzilinə yola salıb bu al bayraq.

Bir ana nə böyük arzu, diləklərlə böyüdür övladını. Bir vaxtlar Cavidin saçına, indi isə yatağı üzərinə açılan üçrəngli bayrağa sığal çəkir, bu üçrəngli bayrağa baxanda sanki oğlunu görür. Axı o, bu bayraq uğrunda şəhid olub, bu bayraqla gəlib ata evinə, Vüsalə xanımı şəhid anası edib.

Qardaş yoxluğu onlar üçün çox çətindir. Amma qürurludurlar. Üç bacının qəhrəman qardaşıdı Cavid. Kiçik bacısı Kənarə hələ məktəblidir. Cavid ən çox onu əzizləyib, ərköyün edib. İndi o,  qəhrəman qardaşının bu rəsmini fəxrlə, qürurla daşıyır sinəsində. Məktəbə yeni qədəm qoyan uşaqlara, gələcək nəsillərə qardaşımdan, onun  qəhrəmanlığından hər zaman qürurla danışacağam, deyir.

Sevgi dolu bu sətirlər, illər əvvəl bir vərəqdə çəkdiyi şəkildə var olan yarımçıq ürək Cavidin nakam sevgisinin nişanələridir. O hiss etmişdi sevgisi qəlbində tumurcuqkən torpağa gömüləcəyini.

Cavid kimi oğullar dünyaya gələndə təkcə ailələri sevindi, baxışları analarının, atalarının baxışları ilə isindi. Dünyadan köçəndə isə arxalarınca milyonlar göz yaşı tökdü. Bu dünyada, bu həyatda neçələri əbədilik yaşaya bilər ki? Onlar bacardılar, Vətənə layiq olmağı, ürəklərdə Vətən sevdası adlı bir tonqal qalamağı, bu tonqalın ətrafına minləri, milyonları toplamağı, Vətəni də azadlığa qovuşdurmağı…

Naxçıvan televiziyasının əməkdaşları şəhid leytenant Cavid Nuriyevlə bağlı reportaj hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin reportajı təqdim edir:

 

Türkanə Əmoyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: