Ombudsman Ermənistanın azərbaycanlı əsir və girovlarla rəftarı ilə bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müvafiq beynəlxalq təşkilatlara 2020-ci il sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, həmçinin 2014-cü ildən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslərlə rəftara dair hesabat ünvanlayıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Hesabatda deyilir: “Məlum olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında dekabrın 14-dən hərbi əsirlərin, eyni zamanda, girovların dəyişdirilməsi prosesi başlanıb. Ombudsman Səbinə Əliyevanın geri qaytarılan hərbi əsir və girovlarımıza baş çəkərkən apardığı fərdi söhbətlər zamanı onlar Ermənistanda məruz qaldıqları işgəncə və qeyri-insani rəftar halları barədə məlumat veriblər. Hesabatın hazırlanması zamanı həmin əsir və girovların ifadələri, sosial şəbəkələrdə yayılmış materiallar və əldə olunmuş digər faktlardan istifadə edilib”.
Hesabatda Ermənistan tərəfindən əsirlikdə və girovluqda saxlandıqları müddətdə azərbaycanlılara qarşı işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar halları sübutlarla təqdim olunub.
Eyni zamanda, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə qarşı münasibət və onların hüquqlarının təmini vəziyyətinin Azərbaycan Ombudsmanı tərəfindən monitorinq edildiyi diqqətə çatdırılıb.
Yekunda Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq humanitar hüquq normaları, xüsusən Cenevrə konvensiyalarının müddəalarını kobud şəkildə pozmaqla törətdiyi cinayətlərlə bağlı müvafiq beynəlxalq qurumlara çağırış edilib və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi tələb olunub.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycanda mülki əhali və obyektləri hədəfə alan hücumları ilə bağlı Azərbaycan Ombudsmanı tərəfindən beynəlxalq təşkilatlara ümumilikdə 8 hesabat, 8 bəyanat və videomüraciətlər də daxil olmaqla, 14 müraciət ünvanlanıb.