Ötən il Atıcılıq Federasiyasına 60 yeni üzv qəbul olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda Federasiyanın sədri Səhət Həbibbəyli atıcılıq idman növünün inkişaf etdirilməsi, kütləviliyin artırılması üçün 2020-ci il ərzində görülmüş işlərlə bağlı məlumat verib. Qeyd olunub ki, ötən ilin mart ayında Naxçıvanda keçirilmiş idman festivalında Atıcılıq Federasiyası da uğurla təmsil olunub. Koronavirus pandemiyası keçirilən yarışların intensivliyinə təsir etsə də, stend, TİR atıcılığı və peyntbol üzrə 4 idman yarışı təşkil edilib.

Vurğulanıb ki, Atıcılıq Mərkəzinin peyntbol meydançasında maneələr yenidən qurulub, stend atışı üçün meydança müasir tələblərə tam uyğunlaşdırılıb, TİR atıcılığı üçün yeni hədəflər quraşdırılıb, müasir görkəmi ilə seçilən kafe istifadəyə verilib, ərazidə abadlaşdırma işləri aparılıb, yeni ağac və gül kolları əkilib. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Naxçıvan şəhərindəki  Atıcılıq  Əyləncə Mərkəzində yeni oyun qurğuları quraşdırılıb, TİR atış salonu yeni qurğularla zənginləşdirilib.

Atıcılıq idman növünə marağın artırılması, gənclərin fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə daha yaxşı hazırlanması üçün Naxçıvan Dövlət Universitetində TİR salonu yaradılıb. Bu məqsədlə ali təhsil ocağına  “Hatsan” markalı 2 ədəd TİR tüfəngi və 1 ədəd TİR tapançası verilib, mexaniki şəkildə idarə oluna bilən hədəflər qurulub. Federasiya tərəfindən Naxçıvan Qarnizonu tam orta məktəbində yaradılan TİR salonuna da 2 ədəd müasir TİR silahı hədiyyə olunub.

Muxtar respublikanın şəhər və rayonlarında atıcılıq idman növünə artan marağın nəticəsidir ki, ötən il Federasiyaya 60 nəfərə yaxın yeni üzv qəbul olunub, qızların və paralimpiyaçıların idmana cəlbi, perspektivli idmançıların müəyyənləşdirilməsi üzrə işlər diqqətdə saxlanılıb.

Atıcılıq federasiyasının sədr müavini Vasib Abdullayev federasiyanın 2021-ci il üçün müyyən olunmuş tədbirlər planı və təqvim planı barədə məlumat verib. Qeyd olunub ki, bu il ərzində atıcılıq idman növləri üzrə 15 müxtəlif yarışın, o cümlədən stend üzrə beynəlxalq turnirin keçirilməsi nəzərdə tutulub.

İclasa yekun vuran federasiyanın sədri Səhət Həbibbəyli bildirib ki, muxtar respublika rəhbərliyi tərəfindən idmana göstərilən qayğıdan bəhrələnərək Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası fəaliyyətini daha da gücləndirəcək, atıcılıq idman növləri üzrə kütləviliyin artırılması, perspektivli idmançıların müəyyənləşdirilərək yarışlara hazırlanması, gənclərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində səylər artırılacaqdır.

 

Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: