Darıdağ Arsenli mineral suyunun ərazisində yeni kompleksin salınması buranın müalicə-turizm imkanlarını artıracaq - FOTOLAR

A- A A+

Muxtar respublika ərazisində 200-dən artıq mineral su mənbəyi var. Bu sular öz tərkibinə görə müalicə əhəmiyyətli sulardandır. Onlar arasında Darıdağ arsenli suyunun tərkibinə görə bənzəri yoxdur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Darıdağ arsenli suyunda olan minerallar müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Bu möcüzəvi suyun tərkibi insanlarda olan bəzi dəri xəstəlikləri, qan azlığı və digər xəstəliklərin müalicəsinə imkan verir.

Darıdağ arsenli suyunun şöhrəti dünyada məşhurdur. Hər il buraya Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, İran və digər ölkələrdən olan turistlər istirahət və müalicə məqsədi ilə gəlirlər. Bu da Darıdağ arsenli suyunun muxtar respublikada müalicə turizminin inkişafına mühüm töhfəsidir. Artan tələbat nəzərə alınaraq suya yaxın ərazidə yeni müalicə və istirahət kompleksi də tikilir. Yeni tikilən kompleks zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Mərkəzdə qadınlar və kişilər üçün ayrı-ayrı müalicə otaqları, laboratoriya, masaj və fizioterapiya müalicə otaqları fəaliyyət göstərəcək. Həmçinin insanların istirahəti nəzərə alınaraq burada bərbər, gözəllik salonu, restoran da inşa olunur. Artıq binada işlər yekunlaşmaq üzrədir. Naxçıvan-Ordubad magistralından müalicəxanayadək 4 km uzunluğunda yeni yol da çəkilib. Hazırda yolda bərkitmə işləri yekunlaşıb. Yaxın vaxtlarda yola asfalt örtük salınacaq.

Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksində tikinti-quraşdırma işləri yekunlaşdıqdan sonra bura üz tutan yeli və əcnəbi qonaqların istirahəti, eləcə də müalicəsi üçün hər cür şərait yaradılacaq.                                                                      

Qeyd edək ki, Darıdağ arsenli suyu Culfa rayonundakı Şorsu adlanan ərazidə, Darıdağın yamaclarında, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir.

Darıdağ arsenli suyu zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Suyun bir çox xəstəliklərin sağalmasında effektiv təsirli olması kliniki təcrübələrlə sübut olunub. Suyun müalicə məqsədi ilə istifadə olunması diqqətdə saxlanılır. Böyük debitə malik olan Darıdağ arsenli suyunun tərkibi karbonqazlı, mərgümüşlü, yüksək minerallaşmış xlorlu, hidrokarbonatlı natriumdur. Bu suda olan mineralların mütənasibliyi onu dünyadakı digər qeyzer sulardan fərqləndirir.

 Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: