Vüqar vüqarla düşmən üzərinə yeridi

A- A A+

Sentyabrın 27-də başlayıb noyabrın 10-dək davam edən, müzəffər Ordumuzun Qələbəsi ilə nəticələnən Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları  şəxsi şücaəti, fədakarlığı, mübarizliyi ilə tarix yazdılar. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da  bu müharibədə iştirak edib, döyüşlərdə göstərdikləri böyük şücaət və qəhrəmanlıqları ilə seçiliblər. Bu gün onların döyüş yolu hər birimiz üçün çox maraqlıdır. İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən, yeni tarix yazan igidlərimizdən biri də xüsusi təyinatlıların hərbi qulluqçusu Ordubad  rayonunun Aza kəndindən olan baş  gizir Vüqar Həsənlidir.

Vüqar Həsənli deyir ki, uzun illərdir bu arzudaydıq ki, torpaqlarımızı azad edək. Bu barədə evdə də, məktəbdə də təlimatlandırılmışdıq. Vətənpərvərlik hissləri bizim qanımıza hopub. Çox şükür ki, bu arzumuz həyata keçdi. 27-də müharibə başlayandan biz də çalışırdıq ki, gedək, döyüşə qoşulaq. Həmin  gün oktyabrın 17-si bizə nəsib oldu. Getdik və 18-i axşam biz Hadrut istiqamətindən döyüşə başladıq. Ağır döyüşlər nəticəsində ilk azad etdiyimiz Tuğ kəndi oldu. Və əlbəttə ki, əsas istiqamətimiz Şuşaya idi.  

“Qələbəmiz asan qazanılmadı,- deyir igidimiz,- Biz dağlardan, dərələrdən, çaylardan, minalanmış ərazilərdən keçərək bir amala doğru gedirdik: İşğal altında olan  Şuşanı azad etmək. Çünki Şuşa bu müharibənin hədəfiydi. Bu yolda isə heç bir qüvvə bizə mane ola bilmədi.”

Qeyd edək ki, Qarabağın incisi sayılan Şuşa uğrunda gedən döyüşlərdə də naxçıvanlı döyüşçülər əsl vətənpərvərlik nümunəsi göstərdilər. Yüksəklikdə olan düşmənin yağış kimi yağdırdığı mərmilərə, güllələrə, oda, atəşə məhəl qoymadan yalnız irəliyə doğru hərəkət etdilər. Qəhrəmanımız bu zəfər yürüşündə iştirak etdiyinə görə şərəf duyduğunu bildirir:

Noyabr ayının 3-ü biz  gəlib  Şuşanın yoluna çatdıq. İki gün yolu nəzarətdə saxladıq. Ayın 5-i axşamüstü biz Şuşaya girdik. Şuşaya giriş 3 istiqamətdən idi. Bizim istiqamətimiz türmə istiqamətindən idi. Türmədən 300-350 metr qabaqda düşmən    səngərdə bizi gözləyirdi. Əlbəttə ki, onların gözlədiyi kimi olmadı. Biz onların arxa tərəfindən hərəkət elədik. Bir də ayıldılar ki, biz artıq şəhərdəyik. Şəhərdə çox çətin döyüşlər oldu. Onlar həm say olaraq üstün idilər, həm də bütün zirehli texnikalarını ora yığmışdılar. Bizdə isə yüngül silahlar vardı. Odur ki, çox çətin döyüşlər oldu. Ayın 6-sı, 7-si ən qızğın döyüşlər getdi. 2 gün ərzində biz onları Şuşa içində məhv elədik. Bizim Laçın dəhlizində, Xankəndi dəhlizində yolu bağlayan döyüşçülərimiz həm köməyə gələn düşmən texnikalarının qarşısını alırdılar  və  həm də qoymurdular ki, Şuşadan kimsə qaçsın. Demək olar ki, Şuşadan sağ çıxan olmadı.”

Vüqar ordumuzun, döyüşçülərimizin birliyindən, bir-birinə qarşı olan yoldaşlığından da danışdı: “O gülləbaranda, atəş altında kimsə kimsəni unutmadı,- dedi,- Bizim  yaralımız oldu, şəhidlərimiz oldu. Onların heç birini nə döyüş meydanında, nə meşəlik ərazidə qoymadıq qalsın. Çətin bir yer idi. Düşmən əhatəsindəydik. Və o döyüşə girəndə də bilirdik ki, bizə nə təminat, nə də təxliyənin gəlməsi qeyri-mümkündü. Biz düşmənin içindən sızıb Şuşaya girmişdik. Odur ki, onları özümüzlə daşıdıq. Müəyyən bir təhlükəsiz yerə çıxarıb təkrar döyüşə qayıdırdıq. Amma ermənilər öz yoldaşlarını qoyub qaçırdılar. Çox qorxaq millətdilər. Bunun bir daha şahidi olduq. Biz onların üstünə gedirdik, onlar atəş edə-edə qaçırdılar. Əllərində o boyda zirehli texnikaları qoyub qaçırdılar. Onlar Şuşanın girişində 10 yaxın döyüş texnikası, yanında da yüklü kamyonları atıb qaçmışdılar. Biz o döyüş texnikalarından, silahlarından özlərinə qarşı istifadə edirdik.”

“Şuşanı düşməndən azad etmək ayrı bir hissdi, ayrı bir qürurdu. Çünki uşaqlıqdan Şuşa bizim arzumuz olub. Və birinci ora girmək, düşməndən azad etmək ayrı bir qürurdu, fəxrdi. Bayrağı ora sancanda keçirilən hisslər tamam başqa  bir duyğudu. Biz Şuşamızı, qayanın içində bərqərar olan tarixi şəhərimizi düşmən tapdağından azad etmişdik. Düşmən bizim qələbəni qəbul edə bilmirdi. Ayın 10-dək Şuşanı toplarla, minamyotlarla, aviasiya ilə bombardman elədi. Bütün obyektləri vururdular. Elə bilirdilər ki, biz gedib kilsələrdə gizlənərik, kilsələri  də aviasiya ilə vururdular. Amma düşmən bilmirdi ki, Şuşa artıq doğma əllərdədir, əsl sahibi qayıdıb. Daha heç bir qüvvə ona güc gələ bilməz. Şuşanı bizdən qopara bilməz...

Ayın 10-u biz tapşırığa əsasən Xankəndinə girməliydik.  Səhər-səhər biz hərəkətə başlayanda komandirimiz gəldi ki,  müharibə dayanıb. Ermənilər ağ bayrağı qaldırdılar. Düzü inanmadıq.  Radionu açdıq. Prezidentimizin çıxışını dinlədik. Digər torpaqlarımızın şəhid vermədən bizə qaytarılması cənab Prezidentimizin, Ali Baş Komandanımızın siyasətdə üstünlüyünün nəticəsiydi. Böyük qələbəydi. Ona görə çox sevindik, qürurlandıq “.

Baş gizir xüsusilə vurğulayır ki, Qarabağ savaşını bizlərə qazandıran əsasən xalqın birliyi oldu.  Azərbaycan ordusunun arxasında xalq dayanmışdı. Balaca uşaqdan tutmuş şəhid anasınadək hamı  Qarabağ deyirdi.

Ayın 14-nədək biz Şuşanın mühafizəsini təmin edib sonra  ordan ayrıldıq. Biz Şuşadan qayıdanda xalqın yolboyu sevincini gördükcə, Naxçıvana gələndə xalqın qarşılamağını gördükcə, o baxışları, o auranı görəndə bir daha hiss etdik ki, xalqımızın bu sevincə böyük ehtiyacı varmış. Və bu qələbə sevincini  xalqımıza bəxş edən ordumuzun əsgərləri sırasında mən də olduğumla qürur duydum. Bir daha qəlbimdə Ali Baş komandanımıza minnətdar oldum ki, xalqımıza bu sevinci yaşatmaq şansını bizə verdi.”

Torpaqlarımız igid, mərd oğulların qəhrəmanlığı, müzəffər ordumuzun rəşadəti ilə düşmən işğalından azad olundu. Və bu qələbədə payı olan baş gizir Vüqar Həsənli də  şərəflə bu gün “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azadlığına görə” medallarını daşıyır. Deyir ki, bundan sonra da topaqlarımızın qorunmasında, bütövlüyündə həmişə hazır olacağıq.

Hafizə Əliyeva

Naxçıvan Televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: