NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunun Aşağı Daşarx kəndində “Yeni ailə təsərrüfatlarının üzə çıxarılması və kənd təsərrüfatı sahəsində əldə olunan uğurlar” mövzusunda zona müşavirəsi keçirilib.
Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Zeynalov bildirib ki, qədim əkinçilik diyarında 17 min 115 hektar ümumi əkin sahəsi var. Bunun da 12 min 486 hektarı suvarılan torpaqlardır. Torpaqlardan səmərəli istifadənin nəticəsidir ki, ötən il 1350 hektar sahədə kartof əkilib, hektardan məhsuldarlıq 168 sentnerə çatdırılıb. İstehsal olunan məhsulun 3 min tona yaxını soyuducu anbarlara tədarük edilib. Hazırda bu məhsullar bazar və yarmarkalara çıxarılır. Həmçinin 1218 hektar qarğıdalı əkini sahəsinin hər hektarından 103 sentner məhsul götürülüb. Bölgədə meyvəçilik və üzümçülüyə də diqqət artırılıb. Ötən il rayon ərazisində 20 hektardan artıq sahədə yeni meyvə və üzüm bağları salınıb.
Anar Zeynalov bildirib ki, rayonda qiymətli texniki bitki olan tütünçülüyə də maraq artıb. Ötən il 4,5 ton quru tütün əldə edilib. Bu il tütün əkini sahələrinin artırılması nəzərdə tutulub. Rayonda istehsal edilən məhsulların qış aylarına saxlanılması üçün 6 min 680 ton ümumi tutumu olan 20 soyuducu anbar fəaliyyət göstərir. Həmçinin ayrı-ayrı sahibkarlar tərəfindən yaradılan istixana kompleksləri də əhalinin qış aylarında faraş meyvə-tərəvəz məhsullarına olan tələbatını ödəyir. Bildirilib ki, muxtar respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da ailə təsərrüfatlarına dəstək göstərilir. Belə ki, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə 1 milyon 613 min manat dəyərində 84 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə güzəştli şərtlərlə satılıb. Bölgədə strateji məhsul olan taxıl istehsalı artırılıb, arı ailələrinin sayı 9 minə çatdırılıb. Həmçinin ailə təsərrüfatı məhsulları yarmarkasında 121 torpaq mülkiyyətçisiinn iştirakı ilə 242 növdə 8 minə yaxın qablaşdırılan məhsulun satışı təmin edilib. Ötən il 566 ailə təsərrüfatçısına 2 milyon 730 min manat məbləğində güzəştli kredit verilib. Bu isə onların səmərəli fəaliyyətinə və kiçik sahibkarlıq subyektlərinə çevrilməsinə şərait yaradıb.
Tədbirdə Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin müdiri Məhərrəm Qədimov “Ailə təsərrüfatları tərəfindən istehsal olunan məhsulların standartlara uyğun qablaşdırılması” mövzusunda çıxış edərək təmizlik və gigiyenik qaydalara əməl olunmasının vacibliyini önə çəkib. "Araz" Elm-İstehsalat Birliyinin Şərur dayaq məntəqəsinin mütəxəssisi Bəhman Məmmədov "Yerli və keyfiyyətli toxum sortları", Ailə Təsərrüfatları üzrə İctimai Birliyin sədri Mübariz Şirəliyev "Tütün və sarımsaq əkinlərinin aqrotexniki qaydalara uyğun aparılması və onların iqtisadi səmərəsi" mövzularında çıxış ediblər.
Sonda ailə təsərrüfatçılarını maraqlandıran suallar cavablandırılıb.
Məhəmməd Fərəcov