Badamlı qəsəbəsinin qəhrəman şəhidi Ramin Bağırov - VİDEO
Vətən müharibəsində Şahbuz rayonunun yetirmələri döyüşlərdə iştirak edərək torpaqlarımızın işğaldan azad olunmasında şücaət göstərib. Onlardan 9-u igidlik göstərərək şəhidlik məqamına yüksəlib. Onlardan biri də Badamlı qəsəbəsindən olan şəhid Ramin Bağırovdur. Şəhid Ramin Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasında böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.
İlk təhsilini Badamlı qəsəbə tam orta məktəbində alan Ramin elə məktəb illərindən hərbiyə marağı ilə müəllimlərin diqqətini cəlb edib. Onun bu peşəyə marağı təhsilini Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə davam etdirməsinə gətirib çıxarıb.
Ramin Bağırov hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində başa vurmaq, zabit kimi yetişmək arzusunda idi. Hətta müəyyən səbəblərə görə hərbi təhsilini yarıda qoysa da, sevdiyi Vətəni qorumaq arzusuna son qoya bilmədi. Hərbi xidməti bitirdikdən sonra hər şeydən çox sevdiyi peşənin arxasınca getməyə qərar verir. Müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Əlahiddə Ümumqoşun Ordunun Xüsusi təyinatlılar bölüyünə qəbul olunur. Cəsur Vətən oğlu burada keçirilən kurslarda müvəffəqiyyət qazanaraq nümunəvi hərbçi kimi yetişir.
Ötən il sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə Ordumuz haqq savaşına başlayanda Ramin də cəsur döyüşçü kimi Ana vətən uğrunda döyüşlərə atılır. Döyüş yoldaşları ilə birlikdə Füzuli və Cəbrayılın azad olunmasında böyük şücaət göstərir. Xocavənd istiqamətində gedən şiddətli döyüşlər isə onun qəhrəmanlıq dastanının epiloqu olur. Oktyabrın 27-də şəhadətə qovuşan Ramin Bağırov indi təkcə ailəsinin yox, onu tanıyan hər kəsin, bütövlükdə Azərbaycanımızın qəhrəman övladıdır.
Şəhid Ramin Bağırov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyinə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Naxçıvan televiziyasının əməkdaşları şəhid Ramin Bağırovla bağlı reportaj hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin reportajı təqdim edir:
Novruz Məmmədov