Naxçıvanda ordudan tərxis olunmuş şəxslərin və tətil günlərində işləmək istəyən tələbələrin məşğulluğu təmin olunacaq
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin yanvarın 28-də imzaladığı Sərəncamla təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qeyd olunur. Proqrama əsasən tətil günlərində işləmək istəyən tələbələr mövsümi işlərlə təmin ediləcək, ordudan tərxis olunmuş şəxslərin peşə hazırlığı diqqətdə saxlanılacaq və onlar aktiv məşğulluq tədbirlərinə cəlb ediləcək. Həmçinin Proqrama əsasən məhkumlar peşə kurslarına cəlb ediləcək, azad olunmuş şəxslərin məşğulluğu təmin ediləcək.
Qeyd edək ki, icra müddəti ötən il bitən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən muxtar respublikada 12479 yeni iş yeri açılıb, 14699 işaxtaran mövcud vakansiyalar üzrə işlə təmin edilib, əmək bazarının tələbinə uyğun olaraq təşkil olunan peşə kurslarını 16602 nəfər bitirib. Sosial cəhətdən həssas əhali qruplarının məşğulluqda iştirak payı da yüksəldilib, özünüməşğulluq proqramına 595 ailə cəlb edilib.