Vətən üçün ya şəhidik, ya qazi... -Mübariz İbrahimovun komandiri olan şəhid mayor Elşən Orucov - VİDEO
Şahbuz rayonunda kiçik bir kənd olan Ayrıncda, dağların qoynunda dünyaya göz açdı Elşən. Vüqarını bu dağlardan aldı. Bu dağların hər qarışında iz qoydu. Adını dağların sal daşlarına da yazdı, lal qayalarına da, qəlblərə də, ən uca zirvələrə də …
Dağ adamları saf və mətin olur. Yavər Orucovun dağların qoynunda böyütdüyü Elşən də qorxmaz, iradəli, mətin, zəhmətkeş bir uşaq kimi böyüdü. Böyüdü və vətənin üzərindən qara buludları çəkən yüzlərlə oğullardan biri oldu. Onun vətən sevgisi dağlar kimi əzəmətli oldu. Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək 35 yaşında canını bu vətənə fəda etdi Azərbaycan Silahlı Qüvvələrinin şəhid mayoru Elşən Orucov.
1985-ci il avqustun 11-də Orucovlar ailəsində dünyaya göz açan Elşən Ayrınc kənd orta məktəbində ilk təhsilini alıb. Torpaqlarımız işğal olunanda Elşən məktəbli idi. Amma bir gün o torpaqları işğaldan azad etmək üçün o da hərbçi peşəsini seçdi. 2001-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil oldu. 2004-cü ildə Liseyi bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirdi. 2008-ci ildə məzun oldu. Bir il sonra Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirdi. Xidmətinə Gəncə şəhərində başlayan Elşən Orucov bir il sonra Ağdam rayonuna göndərildi. 2016-cı ildə Füzuli rayonunun Horadiz qəsəbəsində 3 illik xidmətindən sonra Ağcabədi rayonunda xidmət etdi. Mayor Elşən Orucov Aprel döyüşlərində düşmənin əks-həmlə əməliyyatını qələbə ilə tamamlayan oğullardan oldu. Vətənə xidməti dövründə daim yüksək bacarıqları ilə fərqləndi. Aldığı medallar, rütbələr onun necə bir zabit olmağının sübutudur. Leytenant, baş leytenant, kapitan, mayor rütbəsi, II və III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, Aprel döyüşlərində “Döyüşlərdə fərqlənməyə görə”, Vətən müharibəsində Cəbrayılın, Qubadlının azad olunmasına görə və “Vətən uğrunda” medalları hərbçi kimi onun ünvanına yazıldı. Görünür, Uca Tanrı onun qismətinə ən uca məqamı almağı da yazıbmış - Şəhidlik məqamını…
Torpaqtəpədə xidmət etdiyi dövrdə Milli qəhrəman Mübariz İbrahimovun komandiri olan Elşən Mübariz kimi mübariz oğullar yetirdi bu vətənə. Və Vətən müharibəsində tabor komandiri vəzifəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə öz taboru ilə birlikdə mərd-mərdanə döyüşdü, neçə-neçə əsgərini müharibənin odundan, alovundan qurtarıb onlara ikinci həyat verdi. Döyüşlərdə iki dəfə yaralansa da, yenə səngərə, top-tüfəng səslərinin sükutunu pozduğu o dağlara qayıtdı. Düşmənin onlarla canlı qüvvəsini məhv etdi, xeyli miqdarda silah və texnikasını qənimət kimi ələ keçirdi.
“Vətən üçün ya şəhidik, ya qazi, ya da sağıq” deyən mayor Elşən Orucov müharibənin 25-ci günü oktyabrın 22-i Qubadlının Muradbəyli kəndində snayper atəşi ilə boğazından vurularaq şəhid oldu. Nəşi düşmənlə ağır mübarizə aparılan ərazidən 13 gün sonra - noyabrın 3-ü götürüldü və noyabrın 6-sı doğulduğu kənddə dəfn olundu.
Beləliklə, atasının, anasının ilk göz ağrısı olan Elşən həm də vətənin baş ucalığı oldu.
Əfsanə xanımla 2008-ci ildə ailə həyatı quran Elşənin Aygün və Günəş adında iki qız övladı özündən sonra əmanət qaldı.
Cənab mayor qardaşı Rövşənə də hərbçi peşəsini seçməyi tövsiyə edib, qardaşını da özü kimi hərbçi görmək istəyib. Rövşən Əlahiddə Ümumqoşun Orduda MAHHXQ-dir. Müharibə vaxtı o da döyüşlərə könüllü yazılıb. Ancaq kiçik qardaşına qıymadı Elşən. Döyüşlərdə olarkən sonuncu dəfə qardaşı Rövşənlə telefonla danışdı. “Valideynlərimizin bizdən başqa oğul övladı yoxdu. Birimiz şəhid olsaq, birimiz sağ qalmalıyıq”,- dedi. İndi onun bir amalı var. Qardaşının və minlərlə vətən oğlunun qanı, canı bahasına alınan o vətən torpaqlarını göz bəbəyi kimi qorumaq!
İki qardaşın bir bacısı olan Gülşən müharibə vaxtı düşünürdü ki, qardaşı Elşən Aprel döyüşlərində olduğu kimi bu döyüşlərdən də sağ salamat qayıdacaq. Elşən müharibədən qayıtdı. Ancaq üçrəngli bayrağa bürünmüş tabutu ilə, onlarla insanın çiyinləri üstündə, gül çiçəklə, alqış sədaları ilə qayıtdı. İndi qardaşının adı ilə qürur duyan bu bacının səsində bir məğrurluq var... “Düşünürdüm ki, qardaşım bu qələbəni öz gözləri ilə görəcək. Amma qismət olmadı onun dəfnindən iki gün sonra Ordumuz zəfər çaldı. Şükürlər olsun ki, qardaşımın qanı yerdə qalmadı, Elşən mənim fəxrim, qəhrəmanımdı. O həmişə fərqləndi, bu dünyadan gedişi də fərqli oldu, o torpaqlara bayraq sancmaq da ona qismət oldu, şəhidlik də… Onu Tanrı da seçdi. Ən uca zirvəyə yüksəltdi. Adına layiq bir yerdədi qardaşım”.
Bəlkə də dağlar Vətənə sipər olan oğulların vüqarının, qətiyyətinin, gücünün göstəricisidir. Elə dağların qoynunda dəfn olunan Elşən mamır olub yurdunun qayasında bitdi, şimşək olub göylərin ənginliklərində çaxdı, coşqun axan dağ çayına dönüb düşməni boğdu. Ayrıncı şəhid kəndi, Orucovlar ailəsini şəhid ailəsi etdi. Ömrü əbədiyyətə qovuşsa da, dünyada əbədi bir nəğmə kimi qalan Elşən kimi igidlərin tarixdə izi, sözü qalacaq. Sabahımız üçün neçə-neçə oğullar dünyaya göz açacaq və gələcək nəsillər onlardan öyrənəcəklər - Vətən necə sevilər, necə qorunar, necə yaşadılar.
Türkanə Əmoyeva