Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.
Əvvəlcə komissiyanın Sədri Ramilə Seyidova gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.
Bildirilib ki, hesabat dövrü ərzində muxtar respublikada olan bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, təhsilə cəlb olunması, sosial müdafiələrinin təşkili, xüsusi istedadlarının üzə çıxarılması, asudə vaxtlarının təşkili, sağlamlıqlarının qorunması ilə əlaqədar tədbirlər görülüb, monitorinqlər təşkil edilib, müvafiq uşaqlar haqqında məlumat bazası yaradılıb. Belə ki, bir uşaq övladlığa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasının təmin olunması məqsədilə 12 uşaq isə qəyyumluq və ya himayəyə verilib. Bundan əlavə muxtar respublikada yaşayan hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşaq ali məktəbə qəbul olub.
Komitə sədri diqqətə çatdırıb ki, 2020-2021-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 58, distant tədrisin birinci sinfinə 12, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci sinfinə 3, məktəbdənkənar müəssisələrin dərnəklərinə 119, şahmat məktəblərinə 60, idman məktəblərinə 162, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 7 və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə 102 sağlamlıq imkanları məhdud uşaq cəlb edilib. Defektoloji bölmənin və psixoloji dəstək xidmətinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü məşğələlər aparılıb, mərkəzin təlim-tərbiyə üzrə mütəxəssislərinə maarifləndirici təlimlər keçirilib. Hazırda ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 1063, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 9, Distant Tədris Mərkəzində 20, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 75, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında 21 uşaq təhsil alır, 6 uşaq isə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində təlim-tərbiyə alır.
Diqqətə çatdırılıb ki, 2020-2021-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 52 min 286 şagird təhsil alır. Bunlardan da 25 min 489-u qızlardır. Ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1698-i ali təhsil müəssisələrinə, 683-ü orta ixtisas təhsili müəssisələrinə qəbul olub və ali məktəblərə qəbul olunan 275 nəfəri 500-700 arası bal toplayıb ki, bunlardan da 165 nəfəri qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 182 nəfəri isə ali hərbi məktəbə daxil olub. 2019-2020-ci tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 17-si qızıl, 17-si gümüş medala, 34 nəfər isə fərqlənmə attestatına layiq görülüb. Ötən il ərzində keçirilən Azərbaycan Respublika Fənn Olimpiadalarında 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc medal olmaqla, 24 şagird, keçirilən muxtar respublika fənn olimpiadalarında isə 42 şagird qalib olub. Bundan əlavə muxtar respublikada ilk dəfə olaraq Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib, ölkə üzrə ən yüksək nəticə göstərmiş 3 şagird xüsusi sertifikata layiq görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə 2020-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Sonda məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvü Səid Babayev, Sədərək Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Mahirə Adnayeva, Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyanın sədri Təhminə Mustafayeva, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün “İş Planı” müzakirə olunub. Komissiyanın sədri tərəfindən monitorinqlər keçiriləcək uşaq müəssisələri və monitorinqin keçirilməsi üzrə yaradılan ekspert qrupunun tərkibi ilə bağlı iclas iştirakçılarına məlumat verilib və iclasın qərarı təsdiq olunub.
Sonda komissiya sədri Ramilə Seyidova muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanlarının 2021-ci ildə uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması istiqamətində öz fəaliyyətlərinin gücləndirməsinin əhəmiyyətini qeyd edib.
Mədinə Rəhimli