Soyuq bir yanvar sabahıdır. Babək şəhəri dünən axşam yağan aramsız qardan sonra bəyaz don geyinib. Hər tərəf ağ örpəyə bürünüb. Qarla müşayiət olunan soyuq, necə deyərlər, insanın iliyinə işləyir. İti addımlarla şəhərdəki yeni tikilən yaşayış binasına tələsirəm. Müsahiblərimlə sözləşdiyim vaxtda görüşürəm. Budur, gənc ailənin – Razim İsmayıllı və Aysun Məmmədlinin qonağıyam. Hər ikisi mətbuatın, daha doğrusu, Naxçıvan Dövlət Televiziyasının tanınan simalarıdır. Ötən il Milli mətbuatın 145 illik yubileyi günündə onlara Ali Məclisin Sədri tərəfindən Babək şəhərindəki yeni yaşayış binasından mənzil verilib.
“Gənclər, yeni mənziliniz xeyirli-uğurlu olsun. Xoş günlər yaşayasınız, toy-bayram edəsəniz”,– deyirəm həmkarlarıma. Çünki gənclik ömrün elə bir çağıdır ki, hər bir insan onu qayğısız keçirmək, xoş yaşamaq istəyir. Xüsusən, ailə həyatı qurduqdan sonra mənzilllə bağlı qayğı çəkməmək insanı çalışdığı sahəyə daha möhkəm bağlayır, o an bütün güc və qüvvəni işinə həsr edirsən. Gənc ailə haqqında qısa bir arayış təqdim edərək deyim ki, Razim Babək rayonunun Naxışnərgiz kəndindən, Aysun isə Naxçıvan şəhərindəndir. Tale onları Naxçıvan Dövlət Televiziyasında qarşılaşdırıb və gənclər bir neçə il sonra ailə həyatı qurmağa qərar veriblər. Razim rejissor kimi, televiziyanın “Xəbərlər” və “İctimai-siyasi məsələlər redaksiyası”nda ən baxımlı süjetlərin, verilişlərin, teleetüdlərin, qısa metrajlı filmlərin müəllifi kimi tanınır. Onun ərsəyə gətirdiyi materialları sona çatmamış, müəllif imzası göstərilməmiş tanımaq mümkündür. Çünki onun rejissor kimi ayrı bir üslubu, materiallara yanaşma tərzi, yaradıcılıq yolu vardır.
Aysun isə “Təhsil və sosial məsələlər redaksiyası”nda redaktor vəzifəsində çalışır. Onlara media sahəsindəki səmərəli fəaliyyətləri və gənc ailə olmaları nəzərə alınaraq Babək şəhərindəki binadan mənzil verilib. Özü də hər bir jurnalist üçün əlamətdar bir tarixdə – iyulun 22-si, Milli mətbuatın 145 illik yubileyi günündə. Bu, Naxçıvanda həm media, həm də gənclərə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən hərtərəfli diqqətin nümayişidir.
Ailə başçısı Razim söhbətə başlayır: “İnsan bəzən həyatda elə hədiyyə alır ki, ona çox sevinir, amma zamanla unudur. Dövlət tərəfindən mənzillə təmin olunmağın qüruru, sevinci isə bir başqadır. Mənzil ailənin gələcək həyat yolunu müəyyən edir. Çox sevinirəm ki, gənc yaşımızda əməyimizə yüksək qiymət verilib, Ali Məclisin Sədri tərəfindən bizə mənzil təqdim olunub. İndi yaşadığımız bu isti yuva bizim üçün çox dəyərlidir və bu evin bizə təqdim olunduğu anı heç vaxt unutmayacağıq. Həyatda elə insanlar var ki, ev almaq üçün illərlə çətinliklərə qatlaşmalı olurlar, amma Naxçıvanda dövlət bizim mətbuat sahəsindəki 10 illik səmərəli fəaliyyətimizi mənzillə mükafatlandırıb.
Qarşıdan “2 fevral – Gənclər günü” gəlir. Naxçıvanda son illər bir neçə “Gənclər şəhərciyi” yaşayış kompleksləri salınıb, gənclərin ipoteka kreditləri ilə mənzil sahibi olmaları üçün dövlət tərəfindən addımlar atılıb. Babək şəhərindəki bu müasir binada bizə verilən mənzil də qədim diyarda gənclərə olan dövlət dəstəyindən xəbər verir. Ailə üzvlərim adından dərin minnətdarlığımı bildirirəm. Bundan sonra da Naxçıvan mediasına xidmətdə olacağam.”
Ailənin xanımı Aysun Məmmədli: “Televiziya mənim üçün çox doğmadır. Teleradio iş yeri olmaqla yanaşı, həm də həyat məktəbidir. Ötən 10 il ərzində işi televiziyada çalışan peşəkar jurnalistlərdən öyrənmişik, yaradıcı mühitdən bəhrələnmişik. İşini sevən, işinə qayğı göstərən hər bir gəncə televiziyamızda yer var. Naxçıvanda təkcə teleradio deyil, bütün sahələrdə fərqlənən insanların əməyi yüksək qiymətləndirilir. Çox sevinirik ki, o insanlar arasında biz də varıq. Milli mətbuatımızın 145 illik yubileyi bizim üçün peşə bayramı olmaqla yanaşı, unudulmaz bir hadisə ilə yadda qaldı. Mənə mənzilin orderini Ali Məclisin Sədri cənab Vasif Talıbov şəxsən özü təqdim etdi. Bu, indiyədək aldığım ən gözəl və ən dəyərli hədiyyədir”.
Çay süfrəsi arxasında qeyri-ixtiyari gözümün qarşısında bir tablo canlanır. Xoşbəxt ailə tablosunda gənc rejissor Razim İsmayıllı, xanımı Aysun Məmmədli və övladları Altay var. Soyuq qış günündə bir ocaq başına, isti yuvaya cəm olublar. İş-güc, mənzil sahibi olan gənc ailə üçün bundan böyük xoşbəxtlik varmı?!
Həsrət Nağıyeva
“Şərqin səhəri” qəzeti