Xalq təqvimində qış üç hissəyə bölünür. 22 dekabr-30 yanvar “Böyük çillə”, 31 yanvar-19 fevral “Kiçik çillə” və 20 fevral-20 mart “ Boz ay”a (çillə beçələr) bölünür. Yanvar ayının 31-də Kiçik çillə başlayır. Adətən, Böyük çillədən fərqli olaraq Kiçik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Ona görə də Kiçik çilləyə bəzən “qışın oğlan çağı” da deyirlər. El arasında Kiçik çillə başlayandan sonra deyirlər ki, qışın üçdə ikisi gedibdir. Çünki Kiçik çillə çıxdıqdan sonra boz ay (bayram ayı) başlayır.
Xalq arasında iki çillənin birbirini əvəz etməsi “təhvil-təslim dövrü” adlanır. Ordubad və Culfa bölgələrində əhali qışın ən qorxulu dövrünü “cahar-cahar” adlanan dövr hesab edir ki, bu da dörd gün Böyük çillədən, dörd gün isə Kiçik çillədən götürülür. Xalq meteorologiyasına görə, böyük çillənin son, kiçik çillənin isə ilk dörd günləri qışın ən sərt günləridir. Culfa bölgəsindən topladığımız etnoqrafik çöl materiallarına görə, bu bölgədə böyük çillə qurtarıb, yerini kiçik çilləyə verdiyi dövrdə (“cahar-cahar” adlanan dövr nəzərdə tutulur) “Çillə kəsdi” oyunu və ya şənliyi keçirilərmiş. Oyun zamanı qardan heyvan fiqurları düzəldib, onun ətrafına yığışar, şənlik edərdilər. Məqsəd qışdan qorxmamaq, qışa sinə gərməkdir.
Xalqın yaddaşında bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilən Böyük və Kiçik çillələr bir-birinə qarşı qoyulur. Böyük çillə nə qədər yumşaq təbiətli obrazlaşdırılırsa, Kiçik çillə onun əksinə olaraq öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə edilir. Maraqlı cəhətlərdən biri də odur ki, xalq özünün şərə, pisliyə münasibətini də milli təfəkküründəki Kiçik çillə ilə bağlı poetik tərzdə ifadə edir. Bəzi informatorlar belə deyərlər ki, evin, ailənin kiçik övladı kimi, Kiçik çillə də öz ərköyünlüyünü nümayiş etdirir. Bu ərköyünlüyü poetikləşdirən xalq ona animist yanaşmasını belə ifadə edir:
Kiçik çillə...
Boyu bir belə...
Hikkəsi bir belə...
Gəlişi oldu Hayınan.
Gedişi oldu Vayınan.
Əlində qırmanc
Eli-günü yandırdı,
Neçə günahsız
doqqaz bağladı,
Neçə alaqapı
Sındırdı.
Kəsdi neçə evin yağmasın,
Pendirin, çörəyin, ağmasın...
Kiçik çillənin ilk onuncu günü Xıdır Nəbi mərasimi qeyd olunur. Buna bəzən “Xıdıra-xıdır” da deyirlər. “Xıdır Nəbi” mərasimi haqqında bir çox etnoqraflar geniş məlumat vermişlər. Naxçıvanda Xıdır Nəbi bayramı müxtəlif vaxtlarda, bəzi kəndlərdə isə bir neçə dəfə keçirilir. “Azərbaycan etnoqrafiyası” kitabındakı “Novruz bayramı” məqaləsində Kiçik çillənin (fevralın) birinci on günlüyünün “Xıdır Nəbi” adlandığı, bu dövrün qışın ən sərt soyuğu və çovğun-boranlı dövrü olduğu qeyd edilir. “Xıdır girdi, qış girdi, xıdır çıxdı, qış çıxdı” kimi bir atalar sözü də məhz buradan yaranıb. Xıdırın yaşıllıq, bahar hamisi olan Xızırla və əksər xalqlarda su, yağış, çay, dəniz hamisi bilinən İlyasla da əlaqəsi olduğu qeyd edilir.
Xıdıra Xıdır deyərlər,
Xıdıra çıraq qoyarlar.
misrası da Xıdırın od hamisi olmasına işarədir.
Bu məqamda qeyd etmək istəyirik ki, bir çox hallarda “xıdır” və “xızır” sözləri arasındakı oxşarlıq çaşqınlıq yaradır. Xıdır Nəbi bilavasitə Kiçik çillənin ilk ongünlüyündə keçirilən xüsusi mərasimlə bağlı olduğu halda, Xızır, yaşıllıqla, baharla bağlıdır, əslində bunların bir-biri ilə heç bağlılığı yoxdur. Etnoqraf Asəf Orucov da “Xalq təqvimi” kitabında qeyd edir ki, “Xıdır Nəbi” mərasiminin su və yaşıllıqla heç bir əlaqəsi ola bilməz. Naxçıvanın dağlıq bölgələrində bu dövrdə bir metrə qədər qar olur. Deməli, fevral ayında keçirilən “Xıdır Nəbi” bayramı ilə mayda keçirilən “Hıdır-Ellezi” qarışdırmaq o qədər düzgün olmazdı. Müəllif sonra qeyd edir: “Təkcə Azərbaycan türkləri deyil, digər türk xalqlarında da bu bayram qeyd edilir. Anadolu türklərində bayram “Hıdır-Ellez” adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında isə aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İqdir bölgəsində isə “Xıdır Nəbi” bayramı Naxçıvanda olduğu kimi fevral ayında qeyd edilir”.
Naxçıvan şəhəri və ətraf kəndlərdə “Xıdır Nəbi” Kiçik çillənin ikinci cümə axşamı və ya Kiçik çillənin yarı olmasına yaxın olan cümə axşamı keçirilir. Babək rayonunun əksər kəndlərində isə “Xıdır Nəbi” Kiçik çillənin yarısına yaxın çərşənbə axşamı (eyni çərşənbələr kimi) qeyd edilir. Mərhum professor, folklorşünas Məhərrəm Cəfərli çərşənbə günü keçirilən bayramı “bəy”, cümə axşamı keçiriləni isə “rəiyyət Xıdır Nəbisi” adlandırırdı.
“Xıdır Nəbi” mərasiminin keçirilmə forması demək olar ki, hər yerdə oxşardır. Adətən, Xıdıra yay dövründən hazırlıq gedir. Çətənə, küncüt, fındıq,şabalıd, noxud, püstə, badam, cəviz, ərik dənəsi, qarpız toxumu tədarük edilir və Xıdır günü qovurulur. Qovurğanın əsasını isə buğda təşkil edir. Qovurğa qarışığına kişmiş, mövüc, iydə, tut qurusu, xurma qarışdırılır. Qovurğa, əsasən, ağ, yumşaq növ buğdadan hazırlanır. Qovurğa dəstərdə (kirkirə, əl daşı) çəkilir və ya dibəkdə döyülür, qovut hazırlanır. Qovut uzaq səfərə gedən adamlar üçün çörəyi əvəz edən yol azuqəsi kimi də istifadə edilərdi. Qovut axşam pəncərə qabağında sərili qoyulardı ki, gecə Xızır Peyğəmbər qovuta əlini və ya çəliyini vursun. Quru halda qovutu yemək çətin olduğu üçün onu yoğurarlar. Qovut yoğurmaq üçün, əsasən, doşabdan istifadə edirlər. Doşabı bal ilə əvəz etmək olar. Heç biri olmadıqda isə şəkər şərbəti hazırlayıb şərbətlə yoğururlar.
Sevindirici haldır ki, qədim diyarımızın sakinləri xalqımızın zəngin adət-ənənələrinə, milli dəyərlərinə hər zaman həssaslıqla yanaşdığı kimi, xeyirxahlıq, ruzi-bərəkət, əminamanlıq diləkli Kiçik çillə və Xıdır Nəbi mərasimini də əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürərək qoruyub yaşatmağa müvəffəq olmuşlar.