Naxçıvan Muxtar Respublikası-97 AZTV-də - FOTOLAR
Azərbaycan Dövlət Televiziyasının "Jurnalist araşdırması" verilişinin növbəti buraxılışı Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümünə həsr olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, verilişin yaradıcı heyəti bununla bağlı muxtar respublikada çəkilişlər aparır.
Heyət “Əcəmi” seyrəngahı, “Naxçıvanqala” Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksində, Heydər Əliyev muzeyində, Əlincəqalada, muxtar respublikanın digər görməli yerləri və tarixi abidələrində Naxçıvanın zəngin tarixini, sosial-iqtisadi, ictimai-mədəni həyatını əks etdirən çəkilişlər aparır. Müəllif muxtar respublikanın bir əsrə yaxın inkişaf yoluna nəzər salacaq. Bu məqsədlə çəkilişlər muxtar respublikanın iri sənaye müəssisələrində, istehsal sahələrində, su və günəş elektrik stansiyalarında, yeni yaradılan Külək-Günəş hibrid elektrik stansiyasında da davam etdirilib.
Çəkiliş zamanı AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi həyatı ilə bağlı müfəssəl məlumat verib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümünə həsr edilmiş "Jurnalist araşdırması" verilişi fevralın 9-da Azərbaycan Dövlət Televiziyasında efirə yayımlanacaq.
Novruz Məmmədov