Naxçıvanda əkinçilərə güzəştli şərtlərlə gübrələrin verilməsinə başlanıldı - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gündən başlayaraq “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətində taxıl istehsalçılarına gübrə verilməsinə başlanılıb. Cəmiyyət bazada olan texnikaları və texnoloji avadanlıqların əkin mövsümünə tam hazır vəziyyətə gətirilməsi üçün də işləri yekunlaşdırıb.
Qeyd edək ki, ötən payızda muxtar respublikada 37 min hektara yaxın sahədə taxıl əkini aparılıb. Ötən il məhsul istehsalçılarına 9 min tondan çox mineral gübrə verilib. Bu il də cəmiyyətin mərkəzi və rayon bölmələrində kifayət qədər gübrə tədarük olunub.
Bitkilərin qida maddələri ilə tam təmin olunmadığı şəraitdə hətta ən yaxşı toxumdan istifadə olunsa, aqrotexniki tədbirlər optimal müddətdə və keyfiyyətlə həyata keçirilsə belə, yenə də gözlənilən nəticəni almaq mümkün deyil. Buna görə də torpaq mülkiyyətçiləri erkən yazdan taxıl sahələrinin gübrələnməsini təmin etməyə çalışırlar. “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən güzəştli şərtlərlə gübrələrin verilməsi təsərrüfatçıların bu sahədə işini xeyli asanlaşdırır.
Mədinə Rəhimli