Ölüm ayağında olan, günlərdir sistem qoşduğum ağır xərçəng xəstəsindən necə olduğunu soruşdum. Cavab verdi ki, yaxşıyam, oğlum, çox sağ ol, sadəcə hiss edirəm ki, tükənmişəm, nəfəs almağa taqətim yoxdur, elə danışmağa da, hərəkət etməyə də.
Xəstəni diqqətlə müşahidə edirdim. Hiss edirdim ki, hətta damarlarında qan da güclə axırdı. Döyünən ürəyinin də həyat eşqi sönmüşdü, məcbur edilirmiş kimi hərəkət edirdi. Müstəqil həkim kimi yeni fəaliyyətə başladığım Salyan rayonunda yaşadığım bu hadisədən 10 il ötüb, amma dünənki kimi yadımdadır...
İnsan niyə ölür?
- Hərəkəti dayandığı üçün. Bədənin aktivliyi, enerjisi sıfıra düşdüyü üçün.
Bəs insan necəsə canlana, daha da cavanlaşa bilərmi?
- Bəli, hərəkətə gələrsə, aktivliyi-enerjisi artarsa...
Hər günkü fəaliyyətimiz və ya fəaliyyətsizliyimiz ya enerjimizi artırır, ya da azaldır. Gündəlik fəaliyyətimiz isə özümüzdən asılı olaraq dəyişir, günümüzü aktiv şəkildə və ya süst, az hərəkətli keçirə bilərik. Təəssüf hissi ilə qeyd etməliyik ki, əksər vaxt biz ikincini seçirik.
İllər keçdikcə hərəkət tempimiz azalır. Diqqət etsək, görərik ki, uşaqlıqda malik olduğumuz aktivlik 20 yaşımızda yoxdur, 20 yaşdakı aktivliyimiz 30 yaşımızda və s. Ona görə yox ki, fiziki yaşımız enerjimizi azaldır. Sadəcə zaman keçdikcə özümüz hərəkətlərimizi, aktivliyimizi azaldırıq.
Kim deyib, harada yazılıb ki, yaş artdıqca hərəkətlərimizi azaltmalı, ağır olmalıyıq. Toyda rəqs etməməli, parkda qaçmamalı, velosiped sürməməliyik, 30 yaşında özümüzü 70 yaşlı ağsaqqal (ağbirçək) kimi aparmalıyıq? Və ya 60-70 yaşlı insan pozitiv-şən olmamalı, üzündə təbəssüm olmamalıdır?
Kişi ağır təbiət olar, kişi gülməz. Qız uşağı ağır oturar, batman gələr və s. Axırda da bu qaradinməz təbiətinə görə ölüb gedər. Bax beləcə, aylarla, illərlə, zaman keçdikcə biz hərəkətlərimizi azaldırıq və bir gün enerjimiz sıfıra düşəndə ölürük. Əslində bu deyimlərin dərin fəlsəfi mənaları vardır və hərəkətlərimizi azaltmağa dəlalət etmir. Sadəcə xarakterimizi tənzimləmək üçün deyilmiş ifadələrdir. Təbii ki, hər bir hərəkət, davranış yerində gözəldir.
Artıq bütün dünya piylənmə, infarkt, insult və bir çox xəstəliklərin, sağlamlıq problemlərinin az hərəkətlilikdən (hipodinamiya) və ya hərəkətsizlikdən (adinamiya) yarandığını, əgər qeyd edilən problemlər varsa, ağırlaşdığını bilir, qəbul edir.
Övladlarımızı-balacaları müşahidə edək. Necə də həyat eşqi ilə dolub daşırlar, nə yorulmaq bilirlər, nə tükənmək. Bəzən bizi görən kimi tutub əlimizdən dartırlar. Ata (ana), gəl oynayaq, bunu edək, onu edək, filan yerə gedək və s.
Biz nə deyirik əksər vaxt?
- Oğlum (qızım), sən oyna, mən baxım.
- Sən get, mən yorğunam...
Diqqətli olsaq, uşaqların bizi cavanlaşdırmaq üçün göndərilmiş gözəl vasitə olduğunu anlaya bilərik. Onlar var gücləri ilə bizi şənləndirir, qaçırdır, oynadır, enerjimizi artırmağa çalışır. Biz isə onlara qoşulmamaq azmış kimi hələ onları da özümüzə oxşatmağa çalışırıq; sakit dur, dəcəllik etmə, dinc otur, qaçma və s. deyərək enerjilərini azaltmaq, onları tez qocaltmaq istəyirik. Həmçinin müxtəlif subyektiv səbəblər üzündən az hərəkətli həyat tərzini seçir, özümüzə bəraət qazandırmaq üçün işimizin ağırlığını, maddi problemləri, vaxt azlığını, hava şəraitini və s. bəhanə gətiririk. Nə qədər təəccüblü olsa da, həyat şəraiti yaxşılaşdıqca hərəkətlərimizin miqdarı azalır, bu isə nəticə etibarilə sağlamlığımıza mənfi təsir göstərir.
Bir çox araşdırmalarda müntəzəm olaraq fiziki aktivliklə məşğul olmağın-qaçmağın qocalmağın qarşısını aldığı, gecikdirdiyi sübut olunmuşdur. 50-60 yaşlı idmanla məşğul olan insanların iş qabiliyyətinin 30-40 yaşlı az hərəkətli insanların iş qabiliyyətindən çox olduğu araşdırmalar nəticəsində sübut olunmuşdur. Bundan əlavə daha çox fiziki aktivlik daha az stress deməkdir. Belə ki, fiziki aktivlik beyində xoşbəxtlik hormonunun sintezini artırır və insanın stressdən, depressiyadan uzaq, xoşbəxt olmasına səbəb olur. Sinir yorğunluğundan fərqli olaraq əzələ yorğunluğu əhval-ruhiyyənin artmasını təmin edir. Sinir sisteminin daha gərgin olduğu müasir həyatda idmanla məşğul olmağın nə qədər əhəmiyyətli olduğu aydın olur.
Dünya rəqs etmək, gülümsəmək, sevmək, sevilmək, qaçmaq, idman etmək, hərəkətli olmaq üçün bizə hər gün minlərlə şans verir. Görmək, istifadə etmək isə bizim ixtiyarımızdadır.
Odur ki, daha çox enerjili, daha çox hərəkətli yaşayaq, vaxtından əvvəl xəstələnməmək, qocalmamaq və ölməmək üçün!
Fariz Məmmədov
Əlahiddə Ümumqoşun Ordunun zabiti,
tibb xidməti kapitanı