Zəngin flora və faunaya malik olan muxtar respublikamızda bu ehtiyatların qorunması və artırılması istiqamətində görülən işlərdə ekoloqların rolu danılmazdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekoloqlar bu dəfə Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində, Culfa rayonundakı Darıdağ ətrafında biotexniki tədbirlər həyata keçiriblər.
Yegerlər tərəfindən çöl heyvanlarının daha çox olduğu yerlər seçilib, dağlıq ərazilərə daş duz və qaba yem qoyulub. Bu da qış aylarında yem sahəsində çətinlik çəkən çöl heyvanlarının tələf olmasının qarşısını alır və nadir heyvan növlərinin çoxalmasına gətirib çıxarır.
Qeyd edək ki, Ordubad Dövlət Təbiət Yasaqlığı muxtar respublikada ilk xüsusi mühafizə olunan təbiət ərazisidir. Ərazisi ümumilikdə 40 min hektar olan yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazilərdə sayı kəskin azalan bezoar dağ keçiləri və muflonların qorunması olub.
Muxtar respublika ərazisində son 25 ildə ekoloji tarazlığın qorunması məqsədilə aparılan tədbirlərdən sonra insan sağlamlığı üçün mühüm amil olan yaşıllıqların, meşə ehtiyatlarının sahəsi ümumilikdə 20 faizə çatdırılıb. Ekoloji tarazlığın qorunması məqsədilə görülən müxtəlif tədbirlər ətraf mühitə olan neqativ təsirləri də son illərdə minimuma endirib.
Ərhan Novruzov