Bağımda üzüm qaldı...

A- A A+

Üzüm bitkisi kənd təsərrüfatı bitkiləri arasında xüsusi çəkiyə malikdir. Bu, tez məhsul verməsinə, suvarmaya az tələbkar olmasına, meyvəsinin qidalılığına, təzə halda çox saxlana bilməsinə görədir. Üzümdən qurudulmuş halda (mövüc, kişmiş) da istifadə olunur. Eləcə də ondan konserv və şərab da hazırlanır.

Üzüm bitkisi uzunömürlüdür. Plantasiyalarda becərilməklə yanaşı böyük kol forması verilmiş üzüm tənəkləri də yaxşı məhsul verir. ABŞ-ın Koliforniya ştatında 128 yaşlı tənək 0,5 hektar sahəni tutaraq 10 tona qədər məhsul verib. Krımda və Orta Asiyada da 80, 100 yaşlı tənəklərdən belə məhsul alınır. Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayının yuxarı pliosen layında tapılmış daşın üzərində üzüm yarpağının izi olub. 17-18-ci əsrdə indiki Babək rayonunun ərazisinə aid edilən Naxçıvan şəhər dizələrindən, Cəhri kəndindən 7100 axça üzüm bağı və onun məhsulunun  vergisi alınıb. Əliabad kəndində 600-ə yaxın üzüm bağı olub, Nehrəm kəndi isə 2999 axça bağ və üzüm bağı vergisi ödəyib. Mənbələrə görə  1870-ci ildə Naxçıvanda 1454 desyatindən 335 min 167 pud üzüm yığılıb. Qafqaz statistika idarəsinin 1850-1874-cü illərə olan məlumatına görə Ordubad da daxil olmaqla Naxçıvan qəzasında 2454 desyatin üzümlük var idi. M.H.Baharlı 1882-ci ildə Naxçıvan quberniyasında 5 min desyatin üzüm bağı olduğunu qeyd edir.

Mədəniləşdirilmiş bütün bitkilərin yaxşı sortları bir ölkədən digərinə aparılıb. Üzüm də belədir. Bəzi sortlar qərib torpaqlara uyğunlaşmadığı üçün yalnız həmin əraziyə xas olub. Bir çox sortlar isə geniş yayıldığı üçün vətəninin hara olduğu mübahisəlidir. Hər bir xalqın süfrə mədəniyyəti milli-dini adətləri də sortların pasportlaşdırılmasında böyük rol oynayıb. 1813-1828-ci il Rusiyanın işğalından sonra Azərbaycanda üzümçülüyü inkişaf etdirmək üçün alman kaloniyaları yaradılıb. 1830-cı ildə Tiflisdə nəşr edilmiş “VinodeliyenaKafkaze” adlı oçerkdə  “Burada ermənilər də müsəlmanların bağ becərmək üsullarından istifadə edirlər” ifadəsi ermənilərin Qazfqaza, o cümlədən Azərbaycana yeni köçüb gəlmələrini təsdiq edir.

Naxçıvanda sakinlər qədimdə özlərinin istifadəsi və yerli bazar üçün çox qalmayan süfrə üzümlərindən misqalı, hüseyni, xəlili, əsgəri, gülabı və sairə, eləcə də uzağa daşınması əlverişli olan ağ aldərə, sarı aldərə, hənəqırna, haçabaş (tayfı), Naxçıvan qara şanısı, kişmişi sortları və sairə becərirdilər. Qurutmaq üçün kişmişi və əsgəri sortlarından (bəzən inək əmcəyi, keçi məməsi, kürdəşi sortlarının da qurudulmasına kişmiş deyirlər), mövüc üçün isə dənəli və əsasən quru çıxarı çox olan hənəqırna, ağ aldərə (südağı) və sairə sortlarından istifadə edilirdi. 19-cu əsrdə Azərbaycan, o cümlədən Naxçıvan ərazisinə  gətirilib yerləşdirilmiş az sayda ermənilər istər çar Rusiyası dövründə, istərsə də sovet hakimiyyəti qurulduqdan sonra (sonradan bunları alıb kolxozlaşdırdılar) əsasən şərab üçün əlverişli, daha çox şirəli olan qara üzüm sortları əkir və şərab hazırlamaqla məşğul olurdular. Əsas alıcılar isə dini qadağaya görə şərab hazırlaya bilməyən, lakin bu qadağalara baxmayaraq şərab içən müsəlman gəncləri idi. 5-6 kq, yaxşı halda 2-3 kq hənəqırna üzümündən 1 kq mövüc alındığı halda, 1,5 kiloqramından 1 litr şərab alınırdı. Keçmiş SSRİ Ampeloqrafiyasında da bir çox üzüm sortlarının məhz Naxçıvanın yerli sortları olduğu qeyd edilib.

Naxçıvanın yerli üzüm sortları Babək rayonunda da bağlarda becərilirdi. SSRİ Ampeloqrafiyasında qeyd edilmiş Naxçıvanın bir çox yerli sortları məhz Zeynəddin bağlarında qeydə alınıb.

Babək rayonunun kəndlərində üzümlüklər son əsrdə həyətyanı sahələrdə, çöl torpaqlarında salınıb. Bütün kəndlərdə çöl torpaqları bir – birinə yaxın paylandığı üçün kolxozlaşma dövrü üzüm bağları  əhalidən alınaraq kolxoza verildi. Naxçıvanda istər həyətyanı sahədə, istərsə də çöldə bağlar arx (böyük tum) formasında salınırdı. Bu halda dərin arxlar su tutumuna malik olur, kollar isə tumların üstünə yayıldığı üçün günəş şüalarını yaxşı qəbul edir, meyvələr suya dəyib xarab olmurdu.  1964-cü ildən kolxozlar sovxozlarla (üzümçülük) əvəz edildikdə bu cür bağlarda texnikanın gücündən istifadə etmək mümkün olmadığı üçün ləğv edildi. Yeni üsulla salınan bağlarda az qisim yerli sortlardan istifadə edildi. Əsasən müxtəlif ölkələrdən gətirilən üzümlər  özləri ilə müxtəlif xəstəliklər də gətirdilər. Bağlara ən çox ziyan vuran oidium xəstəliyi Amerikadan 1845-ci ildə İngiltərəyə, 1851-54-cü illərdə bütün Avropaya yayılmışdı. Mildiu xəstəliyi isə 1878-ci ildə Fransanın cənubunda tapılmışdı. Avropadan gətirilən tənəklər bu xəstəliyin Naxçıvanda da intensiv yayılmasına səbəb oldu. Təbii ki, 20-ci əsrin ortalarından ekoloji pozuntuların qlobal şəkildə yayılması da xəstəliklərin artmasına səbəb olmuşdur.

Babək rayonunda qədim zamanlardan üzüm bağının şahı kişmişi, xüsusən qırmızı kişmişi hesab edilib. Süfrə üzümü (buna rayonda əlvan üzüm deyirlər) sortlarındanxəlili və hüseyni əsasən (ağ xəlili) hər bağda bir neçə kol əkilərdi. Bu sort faraş yetişər, istər kolun üzərində, istərsə də dərildikdə çox qalmaz. Xəlilidən sonra yetişən kürdəşi üzümü də bağlarda bir neçə kol əkilirdi. Xəlilidən fərqli olaraq kürdəşi kolun üzərində qaldıqca şirinləşər, pas rəngi alar. Dənəsi az olduğu üçün qurudulmuş kişmiş kimi də istifadə edilərdi. Mövüc hazırlamaq, qışa saxlamaq üçün, üzümün mərhələli yetişməsi məqsədilə bağın bir hissəsini hənəqırna, ağ aldərə və sairə gecyetişən üzüm sortları təşkil edərdi.

Gülabı, əsgəri, misqalı, təbrizi, inəkəmcəyi, keçiməməsi, haçabaş (tayfı), Nəbi üzümü, bayan şirə, şəfeyi sortları da üzüm bağlarında geniş yayılıb və bu gün də həyətyanı sahələrdə becərilir. Mələyi, qaraşanı, qarasarma və digər qara üzümlər əsasən doşab hazırlanmasında istifadə olunur.  Abqora hazırlamaq üçün isə daha çox təzə yetişən əsgəri üzümündən istifadə edilir. Xalqın pişik üzümü, itqarası, tulagözüadlandırdığıçoxdənəli üzüm sortları isə çox az becərilir.

Bəndi, qızılüzüm, sahabı (sahibi), qara şanı, Naxçıvan şanısı, nəqşəbi kimi üzüm sortları yüksək qiymətləndirilməsinə  baxmayaraq üzüm bağlarında sayca azlıq təşkil edir.

Üzüm bitkisi Naxçıvan, eləcə də Babək rayonu üçün çox əlverişlidir. Üzüm bağlarımızı və yerli sortlarımızı qorumaq lazımdır.

Zaleh Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: