Böyük Britaniyada koronavirusun üç klassik əlamətindən (yüksək hərarət, öskürək, iybilmə və dadbilmə hisslərinin itirilməsi) fərqli simptomlar müzakirə mövzusuna çevrilib. Hazırda bu ölkədə koronavirusun mutasiyaları prosesinin fəallaşması müşahidə olunur: Britaniya (kent) ştammına və onun Cənubi Afrika variantına yoluxma hallarının artması qeydə alınır.
Yerli ictimai səhiyyə sisteminin rəhbərləri yeni şəraitdə həmvətənlərinin koronavirusa yoluxmanın mümkün simptomları barədə mümkün qədər tez xəbər tutmağı öyrənməyi tövsiyə edirlər.
NUHÇIXAN İnformasiya Agentliyi həmin mütəxəssislərin “Express” nəşrində dərc edilmiş fikrinə istinad edərək bildirir: “İnsanların yalnız Britaniya Milli Səhiyyə Xidməti tərəfindən qeyd edilmiş üç simptom – yüksək hərarət, yeni, fasiləsiz öskürək, həmçinin iybilmə və dadbilmə hisslərinin itirilməsi əlamətləri barədə məlumatlı olması təhlükəsi artır. Belə məhdud yanaşma ciddi səhvdir, çünki insanlar özünütəcrid rejiminə keçmək əvəzinə özləri də bilmədən virusu yaya, özlərini və başqalarını yoluxdura bilərlər”.
Mütəxəssislər koronavirusun klassik əlamətləri çərçivəsindən kənara çıxan yeddi mümkün simptomunu göstərirlər: bədəndə ümumi ağrı, boğaz ağrısı, diareya, konyunktivit, başağrısı, dəridə səpmə, əl və ya ayaq barmaqlarının rənginin dəyişməsi.
Nəşrdə daha sonra bildirilir ki, 140-dan çox britaniyalı həkim səhiyyə xidmətini COVID-19 xəstəliyinə yoluxma hallarının təyin edilməsi üçün simptomların rəsmi siyahısını yeniləməyə çağırıblar. Onlar Londondakı Kraliça Mariya Universitetinin ilkin tibbi-sanitariya yardımı kafedrasının fəxri baş müəllimi doktor Aleks Soxal tərəfindən tərtib edilmiş açıq məktubu imzalayıblar. Məktubda koronavirusa yoluxma əlamətlərinin rəsmi siyahısına aşağıdakı yeddi fiziki dəyişmənin daxil edilməsi tövsiyə olunur: zökəm, burunun tutulması, boğaz ağrısı, başağrısı, ümumi yorğunluq, xırıltılı səs, əzələ ağrısı.