Ekoloqlar Babək rayonunda biotexniki tədbir keçiriblər - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yabanı faunanın zənginləşdirilməsi və çöl heyvanlarının qidaya olan tələbatlarının qismən ödənilməsi məqsədilə bölgələrdə biotexniki tədbirləri davam etdirir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti tədbir Babək Rayon İcra Hakimiyyəti ilə birgə Əshabi-Kəhf Ziyarətgahına gedən yolun ətraf sahələrindəki meyvə bağlarında olub.
Tədbir zamanı tədarük edilən meyvə-tərəvəz qalıqları bağın ətraf sahələrinə səpilib.
Qeyd edək ki, qış aylarında çöl heyvanlarının qidaya olan tələbatı daha da artır. Bu isə onların alternativ qida məhsulları axtarmasına, bəzən də yeni salınan meyvə bağlarında tinglərin gövdələri ilə qidalanmasına səbəb olur. Bunun qarşısını almaq məqsədilə meyvə bağlarının ətraflarına səpilən tərəvəz və meyvə qalıqları onların qida tələbatının ödənilməsinə şərait yaradır. Muxtar respublikamızın ayrı-ayrı rayonlarında bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Məhəmməd Fərəcov