Payıza bənzəyən adam-rəssam Məhəmmədəli Ələkbərov - FOTOLAR
Ulu Naxçıvan torpağında bir rəssam var idi. Özünəməxsus görkəmi, həlim gülüşü, başındakı bereti və sirli-sehirli yaradıcılığı ilə qaldı yaddaşımda. Əsl rəssam görkəmi var idi onda... Payızı çox sevərdi, hüsnünə bir payız sükutu çökmüşdü sanki, payız kimi hüznlü, sakit təbiətli idi...
Sağlığında bir neçə dəfə görüşmüşük onunla. Yaradıcılığı ilə bağlı söhbətlərimiz olmuşdu. Özü haqqında çox danışmağı sevməzdi, amma danışdımı, saatlarla dinləmək istəyərdin onu. Bu dünyadan bu qədər tez köçəcəyini bilməzdim. Həyatın qanunudur. Bir gün hamımız köçüb gedəcəyik fani dünyadan əbədi dünyaya. Amma hər kəs də bir iz qoyub getmir axı bu həyatdan? Rəngləri ilə bu dünyada izini, sözünü qoyub getdi Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Məhəmmədəli Ələkbərov.
Bir zamanlar evlərində toxunan xalça, palazlar üçün boyanıb asılan iplərdən axıb yerə tökülən rənglərin bir-birinə qarışaraq dəyişik mənzərələr yaratması onu al-əlvan rənglər dünyasına cəlb etdi, sənətkar olmaq istədi. Hələ ikinci sinif şagirdi ikən rəsmlər çəkdi. 1971 -1977–ci illərdə Əzim Əzimzadə Adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil aldı. Bakıdakı rəssamlarla bir mühitdə olmaq, sərgilərə qatılmaq onu bu sənətə daha çox bağladı. 1980 -1985-ci illərdə Moskvada Qraf Stroqonov adına Ali Rəssamlıq məktəbində keramika üzrə oxudu. 1988-ci ildə keçmiş SSRİ Rəssamlar İttifaqına üzv seçildi, 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı adını aldı, 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə üzv oldu.
Bir müddət Türkiyə və Rusiyada yaşayıb yaradan rəssam yaradıcılığının ilk dövrlərində keramika ilə məşğul olaraq bu sahədə yaratdıqlarını Faensa, Seul və Karkas şəhərlərində keçirilən sərgilərdə nümayiş etdirib. Lakin dünyada rəsm, şeir və musiqidən ülvi bir sənət tanımadı o. Keramika sahəsində təhsil alsa da, ruhunu rəngkarlığa köklədi. Sənətin, rənglərin gözəlliyi onu rəssamlığa bağladı. Duyğu və düşüncələrini ağ kətana köçürərək onu rəngli bir dünyaya çevirdi. Haçadağ, Nəhəcir, Əshabi-Kəhf dağlarının, Əlincə qalasının fərqli mənzərələrini gördü və bu mənzərələri kətan üzərində əbədiləşdirdi.
Bu gün dünyanın müxtəlif ölkələrində rəsmləri olan rəssam Moskvada, Lelinqradda, Riqada, Pribaltika ölkələrində açılan sərgilərə getdi, İstanbulda, Ankarada yaşadı, yaratdı, oradakı tələbələrə rəsm dərsləri verdi. Naxçıvanın adını hər yerdə ucaltdı. Yaradıcı adam öz vətənində yaşamalıdır, dedi və ən gözəl rəsmlərini Naxçıvanda yaratdı.
Məhəmmədəli Ələkbərovun rəsmlərində təkcə sənətin qeyri-adiliyindən deyil, həm də fəlsəfəsindən söz açılır. Qadını bəşəriyyətin anası bilən rəssam tablolarında qadın obrazlarına daha çox yer verdi. Bu qadınların baxışlarında hüzn və kədər var. Ruhunu saza tapşıran qız, emalatxanaya təşrif gətirən mələk, rəssam istəyinin “əsiri” olan model, düşüncələri ilə baş-başa qalan gəlin, körpə nazını çəkən ana, arzularına yuxu şirinliyində yetişən gənc qız, rənglərin vurğunu olan rəssam qız Məhəmmədəli Ələkbərov tablolarının ölməyən obrazlarıdır.
Yaradıcılığı boyu yüzlərlə əsər işlədi, fərqli mənzərələri, balıqları, atları, gülləri, Naxçıvanın daş tarixini yaratdı. “Mələklərin hədiyyəsi” kompazisiyası dahi Cavid yaşantılarına həsr olundu. Özü də boz və sarı rəngin vurğunu oldu rəssam. Bu rənglər onun hər bir rəsmində var oldu. Sarı rəng isə yaradıcılığında bir işığa döndü. “Rəssam və işıq”, “Yaşıl kompazisiya”, “Mavi kompazisiya”, “Qırmızı kompazisiya”... Sirli yaradıcılığı ilə mücərrəd biçimli əsərlər yaratdı o. Abstraksionizm və düşüncə bu əsərlərdə ön mövqedə dayandı. Tamaşaçını hər zaman düşündürən, maraqlı koloriti ilə diqqəti cəlb edən bu əsərlərin gələcəkdə sənətşünaslar tərəfindən də tədqiq ediləcəyi şübhəsizdir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin ən məhsuldar üzvlərindən olan Məhəmmədəli Ələkbərov Almaniya, Cənubi Koreya, Rusiya, İtaliya, Türkiyə, Bakıda və Naxçıvanda həm fərdi sərgilərini təşkil etdi, həm də qarışıq sərgilərin iştirakçısı oldu. Yaradıcılığı boyu 30-a yaxın fərdi sərgi keçirdi. Sənətlə məşğul olan gənc istedadlara köməyini əsirgəmədi, tövsiyələrini verdi. Gələcək rəssamların daha gözəl, daha professional əsərlər yaratması üçün onlara hər zaman tənqidi yanaşdı. Ölümündən əvvəl yenə fərdi sərgisini təşkil etməyi düşünmüşdü. Ancaq ömür vəfa etmədi... Sənətsevərlər bu dəfəki sərgisini onsuz keçirəcəklər- Anım sərgisi olaraq. Bu dəfə o əsərlərindən deyil, əsərləri ondan danışacaq...
Naxçıvan şəhərinin Atatürk küçəsindəki emalatxanasının qapılarını bu dəfə rəssamın özü yox, doğmaları açdı bizim üçün. Divar boyu sıralanan rəsmlər, yarımçıq eskizlər...
Xasiyyətcə sərt, ancaq bir o qədər də kövrək, təmiz ürəyə sahib olan rəssam sənət fədaisi idi. Elə gün olmazdı ki, bu emalatxanaya gəlməyə, hətta hansısa uzaq bir səfərdən qayıdarkən ilk gəldiyi yer emalatxana olardı. Bu emalatxana onun evi, dostu, sirdaşı olmuşdu. Bəzi vaxtlar gecəni səhərə qədər yatmazdı, eləcə rənglərlə əlləşərdi burada, barmaqları hər gün bu rənglərə dəyərdi. İşlədiyi hər bir əsər onu çox həyəcanlandırardı, bəzən bir uşaq kimi sevindirərdi, həyatının hansısa bir anını kətana köçürdümü, dünyalar onun olardı.
Rəssamı Tanrının yerdəki rəqibi bilən Məhəmmədəli Ələkbərov rəssam olduğu üçün bəzən taleyindən narazı da oldu. Ancaq yaratdıqlarına baxanda, dəzgahın önünə keçib kətana rəngləri vurub boyalarla söhbət edəndə dünyanın xoşbəxti oldu. “Gör sən nələr yaratmısan, ey insan oğlu” və “nə yaxşı ki, mən rəssamam” dedi. Hər gün, hər axşam özünə hesabat verdi. Bu gün mən nə etdim, gördüyüm iş hansı səviyyədə oldu. O nələr etdi, nələr yaratdı. 66 illik həyatında gözəl sənətkar, səmimi, dürüst, dosta sadiq, insanlara əl tutan, ailəcanlı, etibarlı insan oldu. Həyatının hər dəqiqəsini yaradıcılıqla qiymətləndirdi.
Müsahibələrinin birində, 2012-ci ildə xalqına qələbə arzulamışdı. 2020-ci ilin bir payız sabahında o qələbə gərçək oldu. Böyük qələbəni gördü və arzusuna çatdı rəssam. Bu mövzuda əsərlər də yaratmaq istədi, qələbə ilə bağlı müxtəlif at eskizləri etdi. Axı at savaşlardakı qalibiyyətin, murada, arzuya çatmağın simvoludur. Amma təəssüf ki, o eskizləri kətana köçürmədi rəssam. Uzun-uzadı sevinə bilmədi böyük qələbəmizə.
2020-ci il dekabrın 19-u elə payızın son günündə vidalaşdı bu həyatla. Beləcə, o payız rəssam ömrünün son payızı oldu.
Ömrünün sonunadək fırçasından ayrı düşmədi o. Rəssamlığı həyatının mənası bildi, rəsmsiz yaşaya, rənglərdən ayrı qala bilmədi. Ölümündən bir neçə ay əvvəl keçirdiyi xəstəlik onu rənglərdən bir müddət ayrı salsa da, 6 ay sonra yenə emalatxanasına qayıdıb son əsərini yaratdı və “axır ki, əlimi rəngə batırıb nəsə bir sey edə bildim”- dedi. Sonuncu dəfə ölümündən bir həftə qabaq olmuşdu emalatxanasında. İndi bu emalatxanadakı boyalar da, rənglər də quruyub, fırçalar qəribsəyib... Daha onları kim bir-birinə calayacaq? Bəlkə də, oğlu Şəmil gələcəkdə atasının yolunu davam etdirəcək. Lakin onun yaratdığı tablolardakı rənglər heç vaxt solmayacaq, insanların gözünü, könlünü oxşayacaq. Çünki sənət adamları yaratdıqları ilə ölməzdi. Həyatı olduğu kimi sevən və sevilən rəssam Məhəmmədəli Ələkbərov millətinin, xalqının sərvətinə dönən yaratdıqları ilə ölməzdi.
Türkanə Əmoyeva