“Ümumdünya Hepatitlə Mübarizə Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında 28 iyul “Ümumdünya Hepatitlə Mübarizə Günü”nə həsr olunan elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Xeyrənsə Babayeva bildirib ki, son illər muxtar respublikamızda yoluxucu xəstəliklərin epidemioloji sabitliyinin təmin edilməsi üçün şərait yaranıb. Ötən əsrin sonlarından yayılmış hepatit virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntular yaradır. Hepatitə yoluxmuş insanların çox böyük əksəriyyəti bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicəsi aparılmır. Mərkəzin həkimləri “Hepatit B xəstəliyinin etiopatogenezi, yoluxma yolları və klinikası”, “Hepatit C xəstəliyinin etiopatogenezi, yoluxma yolları və klinikası”, “Hepatit B və C xəstəliklərinin diaqnostikası və müalicəsi” mövzularında çıxış ediblər. Bildirilib ki, qanla keçən infeksiyaların müayinəsinə muxtar respublikada 2006-cı ildən başlanılıb. Hazırda tibb ocaqlarında donorlar, obliqat qruplar, nikaha daxil olanlar, eləcə də könüllü müraciət edənlər bu müayinələrdən keçirlər.
Çıxışlar video-süjet və slaydlarla müşayiət olunub, müzakirələr aparılıb. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mədinə Rəhimli