Rəqəmsal vətəndaşlıqda kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə

A- A A+

Rəqəmli texnologiyalar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Ona görə də internetdə təhlükəsizliyin təmini müasir dövrün ən aktual tələblərindən biridir. Təhlükəsiz və pozitiv internet yalnız mühafizə proqramları demək deyil. Bu, ilk növbədə pozitiv kontentin mövcudluğu, adi istifadəçilərin təhlükəsizliyin əsasları və internetdə davranış qaydalarına dair ictimai konsensus barəsində məlumatlı olması deməkdir. Bu, həm də adi istifadəçilərin internet təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulmuş ictimai-dövlət tərəfdaşlığıdır.

Son zamanlar texnologiyanın inkişafı və şaxələnməsi bir tərəfdən insanların işlərini rahatlaşdırsa da, digər tərəfdən təhlükəsizlik baxımından şirkətlərin bu sürətli inkişafın və şaxələnmənin qarşısında dayanacaq güclərinin və maraqlarının olmaması bir sıra problemlər ortaya çıxarır.

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) çox sürətlə inkişaf edərək, həyatımızın ayrılmaz bir hissəsinə çevrilibdir. İKT-nin ən perspektivli sahələrindən biri olan İnternet insanların bir-biri ilə daha tez və asan əlaqə yaratdığı, eyni zamanda, informasiya mübadiləsi apardığı bir məkandır.

Cəmiyyətin qorunmağa daha çox ehtiyacı olan təbəqəsinin – uşaq və yeniyetmələrin İnternetdən geniş istifadəsi onların informasiya təhlükəsizliyi ilə bağlı bir çox problemlərin yaranmasına səbəb olmuşdur.

Qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının (İKT) yeniləşməsi sürətlə davam edir. Bu yeniləşmənin əhəmiyyətinə böyük önəm verən Azərbaycan bu sahəyə xüsusi diqqət yetirir.

Muxtar Respublikada fiber optik kabel xətləri üzərində qurulan iri tutumlu telekommunikasiya şəbəkələri elektron xidmətlərin inkişaf etdirilməsinə, o cümlədən elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin inkişafına təkan verib. Naxçıvanın beynəlxalq transavroasiya fiber optik magistrallarına 2, qlobal internet sisteminə 4 tərəfli çıxışı vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən “Elektron hökumət” portalı yaradılıb. “Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən 33 dövlət təşkilatı tərəfindən hazırda 291 elektron xidmət istifadəçilərə təqdim olunur. Bundan əlavə, 150-yə yaxın dövlət və ictimai təşkilata elektron poçt ünvanları və domen adları verilib, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 20 iyun 2014-cü il Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlərin nəticəsidir ki,  hazırda muxtar respublika üzrə 236 elm və təhsil müəssisəsi, 17 muzey İnteraktiv Təhsil Sisteminə qoşulub. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan Distant Təhsil Mərkəzində fiziki məhdud imkanlı uşaqların sayı 24, audio kitabxanadan mütəmadi istifadə edənlərin sayı isə 375 nəfərdir. Həmçinin Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzi istifadəyə verilib.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində filtrasiya sistemi tətbiq edilib, cəmiyyətdə informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər və bəzi məktəblərdə treninqlər keçirilib.

Ümumilikdə ziyanlı informasiyanın və bilavasitə azyaşlı İnternet istifadəçisinə yönəlmiş təhlükələrin qarşısının alınması məqsədilə müxtəlif texnoloji üsullardan, mexanizmlərdən və proqram vasitələrindən istifadə olunur. Ziyanlı informasiya ilə mübarizə aparmaq üçün kontent filtrasiyası tətbiq edilir. Bu metod həm şirkətlər, həm də ailələr tərəfindən istifadə edilir.

Microsoft şirkəti Windows 7 əməliyyat sistemindən başlayaraq, valideynlərə uşaqların İnternetdə zərərli saytlardan müdafiəsinə və onları nəzarətdə saxlamağa imkan verən “Windows Family Safety” adlı proqram təminatı hazırlayıbdır. Bu proqram vasitəsilə valideynlər İnternetdən istifadə zamanı bir sıra saytlara qadağalar qoya və məhdudiyyətləri tənzimləyə bilirlər. Windows ailəsinə məxsus olan Windows 10-dan əvvəlki əməliyyat sistemlərində təhlükəsizliklə bağlı məsələlər əlavə yazılan proqram təminatı vasitəsilə həyata keçirilirdi. Windows 10 əməliyyat sistemində isə bu problem mövcud deyil və sistemin üzərinə inteqrasiya olunmuş “Windows Hello” kimi proqramlardan istifadə olunur. Sürətli informasiya mübadiləsi və eyni zamanda, şəbəkəyə tez-tez daxil olma kompüterdə virusların aktivləşməsinə səbəb olur.

Viruslardan müdafiə ilə yanaşı, həm də filtrləməyə böyük ehtiyac yaranır. McAfee, Norton, Avg kimi məşhur antivirus proqramları, həm də filtrləmə funksiyalarını yerinə yetirir.

İnternetdə uşaqlar real həyatda olduğundan daha müdafiəsizdirlər. Valideynlərin üzərinə düşən ilk vəzifə özlərinin kompüter savadlılığı və İnternetin resurslarından istifadə bacarıqlarını artırmaqdır. Uşaqları İnternetdəki təhlükələrdən qorumaq üçün onların istifadə etdikləri kompüterlərə “ailə nəzarət sistemləri”, antivirus proqramları yazılmalı, uşaqların müəyyən kontentlərə çıxışı məhdudlaşdırılmalıdır.

Qeyd edək ki, 9 fevral 2021-ci il Təhlükəsiz İnternet Günü kimi qeyd olunur. 2004-cü ildən başlayaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamında dünyanın 70-dən çox ölkəsində qeyd olunan bu gündə “Insafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən təşkil edilən tədbirin məqsədi uşaq və yeniyetmələrin internetdən istifadəsini qlobal səviyyədə dəstəkləmək və diqqəti onların onlayn təhlükəsizliyinin təmini məsələlərinə yönəltməkdir. Həmin gün bütün maraqlı tərəflər – uşaqlar, gənclər, valideynlər, müəllimlər, siyasətçilər və s. bir araya gələrək uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi haqqında geniş fikir mübadiləsi aparır, problemlərin həlli üçün çalışırlar.

Hüseyn Əsgərli

Naxçıvan Dövlət Universitetinin

İnformasiya Kommunikasiya Texnologiyaları

və Elektron təhsil şöbəsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: