Naxçıvan: tarixi reallıq və muxtariyyət statusu - FOTOLAR

A- A A+

Muxtariyyət sözünün mahiyyətində fərqlilik əks olunub. Dövlətlərarası münasibətlərdə isə muxtariyyət çox vaxt özünü milli-etnik, linqvistik, dini, coğrafi və digər fərqliliklərin və ya azlıqların hüquqlarının xüsusi olaraq qorunması müstəvisində göstərir. Tarixin qədim dövrlərindən etibarən beynəlxalq münasibətlər sistemində muxtariyyət statusuna malik dövlət quruluşları mövcud olmuşdur. Belə ki, hələ eramızdan əvvəl yunan şəhər dövlətləri muxtariyyət hüququna malik olmuşlar. Yunanıstanın əsas ərazisindən – Balkan yarımadasından kənarda Kiçik Asiyada, Qara dəniz sahillərində yaranmış yunan şəhər dövlətləri – polislər, məhz muxtar idarəetmə sayəsində əsas ərazidən uzaqda olsa belə, öz mövcudiyyətlərini uzun müddət davam etdirə bilmişlər.

Hazırda dünya dövlətlərinin hər birində müxtəlif dil, din, etnos və digər fərqli dəyər daşıyıcıları­nın birgəyaşayışını tənzimləyən idarəetmə quruluşu mövcuddur. Belə ki, BMT-nin üzvü olan 193 dövlətdən 27-si federativ, qalan­ları isə unitar dövlətlərdir. Unitar dövlətlərdən 32-nin tərkibində isə müxtəlif səviyyəli və mahiyyətli muxtar ərazilər və ya regionlar mövcuddur. Avropadakı 6 fede­ral dövlətin və tərkibində müxtəlif səviyyəli muxtariyyət hüquqlu ərazilər olan 9 unitar dövlətin muxtariyyət statuslarında əsas fak­torlardan biri milli-etnik fərqliliklərdir. Hətta İtaliyanın tərkibindəki Sardi­niyada, Siciliyada və ya Fransanın tərkibindəki Korsikada da müəyyən tarixi-etnik fərqliliklər özünü göstərir. Mahiyyət etibarı ilə hətta konfessio­nal fərqliliyinə görə də muxtariyyət hüququ olan ərazi quruluşlarına rast gəlinir. Belə ki, Yunanıstanın inzibati quruluşunda “Müqəddəs Dağ (Afon) Keşiş muxtar dövləti” adlı pravoslav keşiş ərazisi mövcuddur. Bu baxım­dan, Avropada təkcə Portuqaliyanın muxtariyyət statuslu ərazilərini coğ­rafi quruluşla əlaqələndirmək olar. Portuqaliyanın Atlantik okeanında yerləşən Azor adalarının və Madey­ra arxipelaqının əhalisi ölkənin əsas ərazisi ilə eyni milli-etnik, din və dil daşıyıcılarıdır.

Beləliklə, beynəlxalq təcrübəyə etdiyimiz bu qısa ekskurs nəticəsində qeyd edə bilərik ki, Azərbaycan Respublikasının tərkibində Naxçıvanın muxtariyyət statusu tamamilə fərqli məna daşıyır. Bu muxtariyyət Naxçıva­nın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını təsbit etmək üçün yaradılmış hüquqi statusdur. Bu mənada, Naxçıvanın muxtariyyət statusunu bütün dünya miqyasında unikal adlandırmaq olar. Naxçı­vanın muxtariyyəti tarixi zərurət və coğrafi faktorun təsiri altında yaranmışdır. Başlıca mahiyyəti sovet rəhbərliyi tərəfindən tarixi torpaqlarımızın ermənilərə verilməsi nəticəsində Azərbaycanın əsas hissəsi ilə coğrafi cəhətdən ayrı salınmış eksklav (anklavın bir növü) ərazinin Azərbaycandan ayrılmazlığı üzərində qurulmuşdur.

Zəngəzurun işğalı nəticəsində yaranmış tarixi zərurət

Naxçıvanın muxtariyyət taleyində, ilk növbədə, tarixi zərurət prinsipi həlledici rol oynayır. XX əsrin əvvəllərində, xüsusən də 1918-1920-ci illərdə regionda baş verən hadisələrə baxanda görünür ki, Naxçıvanın taleyi, ilk növbədə, yerli əhalinin qeyrəti və əyilməzliyi hesabına qorunurdu. Həm 1905-ci ildə, həm də cümhuriyyət dövründə müxtəlif xarici qüvvələrin silahlandır­dığı erməni quldur dəstələri qar­şısında yerli əhali bir çox hallarda təkbaşına mübarizə aparmalı olmuş­dur. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu zaman İrəvan Ermənistana güzəşt edilmiş, Zəngəzur Azərbaycanla Ermənistan arasında mübarizə meydanına çevrilmiş, Qarabağ isə ermənilərin xəyanətinə məruz qalmışdır. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvandakı hadisələrə müdaxilə etmək imkanı demək olar ki, yox dərəcəsində idi. Digər tərəfdən isə Türkiyə Birin­ci Dünya müharibəsində məğlub tərəf olduğundan, bu məsələdə tam dəstək göstərə bilmirdi. Bölgədə müxtəlif xarici qüvvələrin himayədarlığı ilə erməni dəstələri tez-tez özbaşınalıq etməyə cəhd edirdilər. Yalnız yerli azərbaycanlı özünümüdafiə qüvvələri erməni quldurlarına müqavimət göstərirdilər. 1918-ci ilin noyabr ayından 1919-cu ilin mart ayına qədər isə Naxçıvan, Şərur-Dərələyəz, Sürməli, Uluxanlı, Sərdarabad, Qəmərli, Vedibasar və Mehri bölgələrini əhatə edən, təxminən, 1 milyon əhalinin yaşadığı Araz-Türk Respublikası mövcud olmuşdur.

Andranik Ozanyanın başçılığı al­tında erməni daşnak quldur dəstələri tərəfindən Naxçıvanda, Zəngəzurda yüzdən çox azərbaycanlı kəndi da­ğıdılmış, minlərlə insan qəddarlıqla qətlə yetirilmişdir. Naxçıvan Milli Şu­rasının özünümüdafiə dəstələrinin və Kazım Qarabəkir Paşanın rəhbərliyi ilə köməyə gələn türk ordusunun qüvvələri hesabına 1920-ci ilin ortalarına doğru Naxçıvan erməni daşnak qüvvələrindən təmizləndi. Bununla belə, 1918-1920-ci illərdə Zəngəzurda, Dərələyəzdə və Vediba­sarda həmin dövrün beynəlxalq güclərinin himayəsi ilə ermənilər növbəti işğalçılıq planları üçün əsas yarada bildilər. Təsadüfi deyildir ki, Cənubi Qafqaz dövlətləri sovet işğalına məruz qalandan sonra əzəli Azərbaycan torpağı olan Zəngəzur yeni yaranmış sovet Ermənistanına verildi. Bununla da Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa əlaqəsi kəsildi və bu region siyasi-coğrafi cəhətdən eksklava çevrildi.

Bütün bunları nəzərə alaraq qeyd etməliyik ki, Naxçıvanın muxtariyyəti, ilk növbədə, tari­xi zərurətdən yaranmışdır. Ulu öndər Heydər Əliyev bununla bağlı deyirdi: “Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi” (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 24-cü kitab. Bakı, 2005, səh.75).

Məlumdur ki, həmin dövrdə, hətta Naxçıvanın da Ermənistana verilməsi ilə bağlı cəhdlər olmuşdur. Ermənistan tərəfi müxtəlif təxribatlara əl atırdı. Ermənistan sovetləşdiriləndən sonra belə Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı Azərbaycanın bir hissəsi kimi deyil, müstəqil sovet respublikası kimi ta­nımışdır (İsmayıl Hacıyev. Naxçıvan Azərbaycanın dövlətçilik tarixində. Bakı, 2018, səh. 173). Lakin hər zaman qətiyyət göstərən Naxçı­van diyarının əhalisi Azərbaycanın tərkibində muxtariyyət tələb edir­di. Naxçıvan, ilk növbədə, yerli əhalinin mübarizəsi və qətiyyəti hesabına Azərbaycanın tərkibində qalmış oldu. 1921-ci ilin yanva­rında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin iştira­kı ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi.

Anklav region olmağın çətinlikləri

Naxçıvanın muxtariyyət statusu­nu zəruri edən ikinci amil isə coğrafi, daha doğrusu, siyasi-coğrafi faktor olmuşdur. Zəngəzurun itirilməsindən sonra Naxçıvan eksklav əraziyə çevrildi. Tarixi təcrübə göstərir ki, bü­tün dünyada bu cür coğrafi şəraitdə yerləşən əksər ərazilərin müstəsna inzibati-idarəetmə sistemi və bir çox hallarda muxtariyyət statusu olur. Dünya təcrübəsində bu tip ərazi quruluşlarının yaranması tarixinin, siyasi və coğrafi səbəblərlə əlaqədar olması müşahidə edilir. Bu yerdə qeyd etmək istərdik ki, diplomati­ya tarixində “anklav” sözünün əks olunduğu ilk sənəd 1526-cı il Madrid Sazişidir. 1521-1526-cı illərdə bir tərəfdən Fransa, Venesiya Respub­likası, digər tərəfdən isə İspani­ya, Müqəddəs Roma imperiyası, İngiltərə Krallığı arasında baş verən müharibənin nəticələrinin əksini tapdığı bu sazişdə Avropanın yeni siyasi səhnəsində mərkəzdən uzaq düşən anklavlar anlayışı ortaya çıxmışdır.

Hazırda dünyada siyasi, tarixi, coğrafi səbəblərdən yaranmış müxtəlif ölçüdə 283 anklav ərazi mövcuddur. Azərbaycan Respub­likasının əsas ərazisindən ayrı düşən və üç ölkə – Türkiyə, İran və Ermənistan ilə əhatə olunan Naxçıvan Muxtar Respublika­sı eksklav ərazi hesab olunur. Keçən əsrin 20-ci illərində sovet Rusiyası tərəfindən Qafqaz işğal olunarkən, bu regionda yara­dılmış müttəfiq respublikaların sərhədlərində dəyişikliklər edilmişdir. Tarixi Azərbaycan torpaqları olan Zəngəzurun, Dərələyəzin sovet rəhbərləri tərəfindən Ermənistan SSR-ə hədiyyə edilməsi hesabına Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsi kəsilmiş oldu. Beləliklə, eksklav ərazi mövqeyinə düşməsi Naxçı­vana Azərbaycan Respublikasının tərkibində muxtar respublika statusu verilməsi ilə nəticələndi.

Kazım Qarabəkir Paşanın “Şərqin qapısı”, Mustafa Kamal Atatürkün isə “Türk qapısı” adlan­dırdıqları Naxçıvanın muxtariyyət statusu beynəlxalq müqavilələrlə təsbit olunmuşdur. 1921-ci il martın 16-da Türkiyə ilə Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) arasında imzalanmış “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsində Naxçıvanın heç bir dövlətə güzəştə gedilməməsi şərtilə Azərbaycanın tərkibində saxlanılması razılaşdırılmışdır. 1921-ci il oktyabrın 13-də RSFSR-in nümayəndəsinin iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR ilə Türkiyə arasın­da imzalanan Qars müqaviləsinə əsasən Naxçıvanın ərazisi, sərhədləri müəyyənləşmiş və həmin sərhədlər daxilində Azərbaycanın himayəsi altında muxtariyyət statusu təsbit olunmuşdur. Hər iki beynəlxalq müqavilə müddətsiz imzalanmışdır və həmin müqavilələr onu imzalayan dövlətlər tərəfindən birtərəfli qaydada ləğv edilə bilməz.

Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusu­nun həyati əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

Qeyd etmək lazımdır ki, Nax­çıvanın statusunun toxunulmaz­lığına beynəlxalq zəmanət olsa belə, həmin dövrdə sovet rəhbərliyi tərəfindən Moskvadan muxtariyyətin təsbitinə ciddi maneələr olmuşdur. Bunun nəticəsidir ki, muxtariyyət statusu yalnız 1924-cü ildə rəsmi olaraq təsdiqini tapmışdır. Belə ki, Azərbaycan MİK-in 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsbit olunmuşdur. Bu status 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyasında əksini tapmışdır.

Naxçıvanın muxtariyyət statusu ilə bağlı pozulan beynəlxalq hüquq və erməni işğalı

Naxçıvan Muxtar Respublika­sına aid ərazilər Moskva və Qars müqavilələrinə əsasən beynəlxalq zəmanət qazanmış olsa da, sovet hakimiyyəti dövründə daim ermənilərin əsas hədəflərindən biri olmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi XX əsrin müxtəlif illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Muxtariyyət təsbit olunduqdan sonra Naxçı­vana aid torpaqların Ermənistana verilməsi ilə bağlı ilk hadisə 1929-cu ildə baş vermişdir. 1929-cu il fev­ralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanın 657 kvadratkilometr ərazisi – Şərur qəzasının Qurdqu­laq, Xaçik (Daqin Almalı), Horadiz (Qaradüz), Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan (Qarsevən) kəndi və Kilit kəndi tor­paqlarının bir hissəsi Ermənistana verilmişdir (A. Paşayev. XIX-XX əsrlərdə ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, soyqırımları və deportasiyaları. Bakı, 2011, səh. 210). Tarixdə heç vaxt ermənilərin yaşamadığı, yalnız Türkmənçay müqaviləsindən sonra İranın Salmas vilayətindən köçürülmüş ermənilərin sayəsində Şərur-Dərələyəz ma­halının bu kəndlərinin adları da sonrakı dövrlərdə erməniləşdirildi. Türk mənşəli toponimlərin tamamilə xəritələrdən silinməsi ermənilərin məkrli təcavüzkarlıq siyasətinin tərkib hissəsi olmuşdur. Tarixi saxta­laşdırmaq, Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirmək regionda türk irsinin silinməsinə yönəlmişdir. Təsadüfi deyildir ki, Ermənistana verilmiş bu 9 kənddən Sultanbəy kəndinə 1935-ci ildə Bartsiruni, Qurdqulaq kəndinə 1946-cı ildə Bo­loraberd, Horadiz kəndinə 1968-ci ildə Oradis, İtqıran kəndinə 1991-ci ildə Nor Aznaberd kimi qondarma adlar verilmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə adları dəyişdirilən bu kəndlərdən 1928–1930-cu illərdə yerli azərbaycanlı əhali demək olar ki, tamamilə köçürülmüşdür. İndi xara­ba kənd olan Almalıdan 1938-39-cu illərdə azərbaycanlılar köçürülmüş, 1939-cu ildə isə kənd ləğv edilmiş­dir. Oğbin kəndindən SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra 1948-ci ildə azərbaycanlılar zor­la Azərbaycana köçürülmüşdür. Qədim adı Ağarxac olmuş Ağxəç kəndindən də 1928-29-cu illərdə azərbaycanlılar sıxışdırılaraq çıxa­rılmışdır.

Beləliklə, Naxçıvan Muxtar Respublikasına məxsus ərazilərin statusu beynəlxalq müqavilələr əsasında zəmanət altında olsa belə, həmin müqavilələri imzalayan tərəflərin heç bir razılığı olmadan bu torpaqların Ermənistana verilməsi ilə beynəlxalq hüquq prinsipləri pozulmuş oldu. Həmin kəndlərin adlarının dəyişdirilməsi, əzəli Azərbaycan toponimlərinin silinməsi isə beynəlxalq hüquqla bərabər tarixə də ləkə gətirdi.

1930-cu ildə Naxçıvana məxsus daha 3 kənd Ermənistana verildi. Lehvaz, Astazur və Əldərə (Aldərə) kəndləri yenə də beynəlxalq zəmanət verilmiş muxtar respublika ərazilərindən ayrılaraq Ermənistana verildi. Bir tərəfdən Naxçıvandan, digər tərəfdən Zəngilandan ayrıla­raq Ermənistana verilmiş torpaqlar hesabına Mehri rayonu yaradıldı. Sonrakı dövrlərdə həm Zəngilan, həm də Naxçıvan istiqamətlərində Ermənistan Mehri dəhlizini daha da genişləndirmək üçün daim cəhdlər etmişdir.

Qeyd etməliyik ki, həmin illərdə sovet rəhbərliyi tərəfindən Moskvadan gələn təlimatlarla bir tərəfdən Azərbaycan əraziləri Ermənistana verilir, digər tərəfdən isə azərbaycanlı əhaliyə qarşı təzyiq və təqiblər nəticəsində azərbaycanlıların say nisbətinə müdaxilələr edilirdi. Belə ki, 1930-cu illərdə Naxçıvan əhalisi sovet rejimi tərəfindən deportasiya və sürgünlərə də məruz qalırdı. Həmin illərdə Naxçıvanda 1000-dən artıq ailə – 35 mindən çox əhali Qaza­xıstana və Sibirə sürgün edilmişdir. Bundan başqa, həmin illərdə Türkiyə və İrana mühacirət edənlərin də sayı kifayət qədər çoxluq təşkil edirdi. Məqsəd bəlli idi. Qədim Azərbaycan torpaqları olan Naxçıvanda yerli əhalinin demoqrafik çoxluğunun və inkişafının qarşısını almaq. Bununla belə bütün bu təzyiqlərin fonunda Naxçıvan əhalisi sovet dövlətinin zorakılıq siyasətinə qarşı ciddi mübarizə aparırdı, hətta zaman-za­man silahlı üsyanlar baş verirdi.

1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək və Kərki kəndlərinə məxsus əkin sahələrinin bir hissəsi Ermənistana verildi. Bununla da xəritəmizdə yeni bir anklav – Kərki anklavı yaradıl­mış oldu. Kəndin əhalisi ancaq azərbaycanlılardan ibarət olduğuna görə Sovet hökuməti yerli əhalinin narazılığı qarşısında kəndi verə bilmədi. Lakin Kərkinin anklava çevrilməsi 1990-cı ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayan kimi kəndi çətin vəziyyətə qoydu. 1990-cı il yanvarın 19-da hər tərəfdən düşmənlə əhatə olunan Kərki kəndi işğal olundu.

Beləliklə, sovet hakimiyyəti illərində Naxçıvanın 12 kəndi Ermənistana verilmiş, bu kəndlərdən yerli azərbaycanlı əhali çıxarılmış, yer adları dəyişdirilmişdir.

Vətən müharibəsinin Naxçıvana açdığı dəhliz

2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixlərində 44 gün davam edən Vətən müharibəsi müstəqil Azərbaycanın həyatında yeni bir səhifənin açılması ilə nəticələndi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməklə, pozulmuş beynəlxalq hüquq normalarını da bərpa etmiş oldu. Ermənistan tərəfindən törədilmiş növbəti hərbi təxribatın qarşısını almaq məqsədilə Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində tarixi ədalət bərpa olundu. “Qara­bağ Azərbaycandır və nida işarəsi!” məfkurəsi hər bir Azərbaycan vətəndaşı və dünya azərbaycanlıları üçün qələbə şüarı oldu.

Vətən müharibəsində Azərbaycanın qələbəsi regionda 30 ilə yaxındır donub qalmış digər böyük problemlərin də həlli üçün zəmin yaratdı. Regionda sülh və təhlükəsizlik Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya əlaqələrinin və qovşaqlarının ya­ranmasını şərtləndirə bilər. Bununla bağlı müddəa Azərbaycan Respubli­kasının Prezidenti, Ermənistan Res­publikasının Baş naziri və Rusiya Federasiyası Prezidentinin imza­ladıqları bəyanatın 9-cu bəndində əksini tapmışdır: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respubli­kasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.” Bu, Azərbaycan dip­lomatiyasının gələcəyə hədəflənən strategiyası, eyni zamanda uğu­rudur. Azərbaycan Respublikası Prezidentinin apardığı məqsədyönlü siyasət Cənubi Qafqazda iqtisadi və logistika baxımından tamamilə yeni bir mənzərənin yaranmasına səbəb olacaqdır və bu yeni vəziyyətdə Naxçıvan Muxtar Respublikası blokada şəraitindən çıxaraq əlverişli coğrafi mövqeyə yiyələnə bilər. Naxçıvan Cənubi Qafqazda həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində yaranacaq yeni nəqliyyat marşrutlarında mühüm arteriya olacaqdır.

Beləliklə, muxtariyyətinin 97-ci ili tamam olan Naxçıvan bu dövr ərzində müxtəlif mərhələlərdən keçmişdir. Birincisi, Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycanın əsas ərazisindən ayrı düşmək. İkincisi, sovet hakimiyyəti illərində muxtariyyətə zəmanət verən beynəlxalq müqavilələrin po­zularaq torpaqlarının bir hissəsinin Ermənistana verilməsi. Üçüncüsü, Kərki kəndinin işğalı və Naxçıvanın blokada şəraitinə düşməsi. Nəhayət hazırda yeni bir mərhələyə keçid alırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi və siyasi iradəsi ilə Ermənistanla imzalanan sənəddə Naxçıvanla nəqliyyat əlaqələrinin əksini tapması Muxtar Respublika­nın həyatında yeni bir dövr olacaq­dır. 30 ilə yaxın müddətdə blokada şəraitinin bütün çətinliklərinə bax­mayaraq, yüksək inkişaf səviyyəsinə nail olmuş Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası yaranmış yeni şəraitdə yeni bir intibah yaşayacaqdır.

Ərəstü Həbibbəyli,
iqtisadiyyat üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: