Muxtar respublikada ötən ay 27 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin edilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin icrası davam etdirilir. Belə ki, özünüməşğulluq proqramının icrası ilə əlaqədar yanvar ayında muxtar respublika üzrə, ümumilikdə 27 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 16 nəfərin hər birinə 2 baş iribuynuzlu, 7 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə döşəmə hamarlayan dəzgah və 3 nəfərə isə mini yerşumlayan aqreqat verilib. Ötən ay, özünüməşğulluğu təmin edilmiş şəxslərdən 3 nəfəri gənc, 1 nəfəri şəhid ailəsi üzvü olub.

Bununla əlaqədar keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi dövlət proqramlarının icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb.

Verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirən Şərur rayon Çomaxtur kənd sakini Rüfət Əliyevə arpa-buğda qıran aqreqat verilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsi təmin edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: