Arzusu qəhrəman olmaq olan şəhid-Seymur İbrahimov - VİDEO

A- A A+

Seymur İbrahimov uşaqlıqdan öz qəhrəmanını seçmişdi. Bu qəhrəman ədəbiyyatda hər hansısa obraz deyildi. Gerçək qəhrəman idi: Mübariz İbrahimov. Milli qəhrəmanı özünün idealına çevirən Seymur tarixi filmləri, habelə Xocalı, 20 Yanvar faciəsini izləyər, düşmənə nifrət hissi günü-gündən artardı. Böyüyəcək, döyüş meydanında şücaətini göstərəcəkdi. Niyə də qəhrəmanlar siyahısında  Seymur İbrahimovun adı keçməsin? Axı o vətənini, torpağını çox sevirdi, bu vətən üçün canını belə fəda etməyə hazır idi.

Cüssəcə zəif olsa da, böyük ürəyi vardı. Vətən, bayraq eşqilə döyünən ürəyi. Bu sevgi idi onu hərb peşəsinə bağlayan.

20 yaşı döyüş yoldaşları ilə işğaldan azad etdikləri Azıx kəndində qeyd olunan Seymurun arzusu mədəniyyət beşiyi Şuşanı da işğalçılardan təmizləmək, üçrəngli bayrağın orada da dalğalanmasını görmək idi.  

Füzuli istiqamətindən döyüşlərə atılan Seymur İbrahimov noyabrın 1-i Daşaltı əməliyyatında ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Ölümündən sonra Seymur İbrahimov “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunur.

Noyabrın 6-sı doğulub boya-başa çatdığı Tumbul kəndinə gətirildi. Vətən oğlunu hamı alqışlarla son mənzilə yola saldı. Seymurun vəsiyyətinə uyğun olaraq o, Tumbul qəbiristanlığının ən yüksək yerində dəfn olunur. Hansı ki, oradan Seymurun sevimli torpağı, ana yurdu görünür. Seymur nahaq yerə bu yüksəkliyi seçməmişdi. Elə Vətən sevgisi doğulduğun torpaqdan başlamırmı? Seymurun qoyduğu iki daşın yerində indi iki şəhid məzarı yer alır. Vətənpərvərlik mücəssəməsi olan bu gənclər hər zaman Vətən müharibəsinin qəhrəmanları kimi anılacaq, ziyarət olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: