Naxçıvan şəhər bələdiyyələri üçün seminar keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən seminar Naxçıvan şəhər Qaraçuq kənd mərkəzində olub. “Bələdiyyə əmlakının idarəolunması və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin vəzifələri” mövzusu ilə bağlı olan seminarda iştirakçılara Bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları və torpaqların münbitliyinin təmin olunması sahəsində yerli özünüidarəetmə orqanlarının vəzifələri haqqında məlumat verilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na əsasən bələdiyyələr həmin tədbirlərin yerinə yetirilməsi üçün öz səy və imkanlarını artırmalı, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında maarifləndirmə tədbirləri keçirməlidirlər.
Sonda seminar iştirakçılarına “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsinin xüsusiyyətlərinə dair” metodiki vəsait təqdim edilib, verilən suallara aydınlıq gətirilib.