NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azadlığı istəmədik zərrə-zərrə...” kitabının müəllifi “Şərq qapısı” qəzetinin məsul katibi, jurnalist Muxtar Məmmədoğludur. Kitabda ötən əsrin əvvəllərindən başlayaraq xalqımıza qarşı törədilən soyqırımlardan, deportasiyalardan 20 Yanvar, Xocalı faciələrinədək yaşanan hadisələrə işıq tutan məqalələr bir-birini əvəz edir. Kitabda, həmçinin zəfər və şərəf tariximizin qəhrəmanları müəllifin təxəyyülü, düşüncəsi, özünəməxsus yaradıcılığı ilə sanballı mətbu nümunələrə çevrilib.
Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Azadlığı istəmədik zərrə-zərrə...” kitabı müəllifin oxucularla üçüncü görüşüdür.
Oxucuların ixtiyarına verilən digər bir kitab isə “Naxçıvanım göz nurum” almanaxıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunan kitabdakı şeirlərdə, poemalarda qədim Naxçıvanın ulu keçmişi, əsrlərin yadigarı olan tarixi abidələri, bu torpağın əsrarəngiz təbiəti, eləcə də gündən-günə gözəlləşən, abadlaşan şəhərlərin, kəndlərin inkişafı poetik dillə tərənnüm olunur. Kitabda 80-dən artıq şair və yazıçının 120-yə yaxın yaradıcılıq nümunəsi yer alıb.
Hər iki kitab “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi tərəfindən nəfis şəkildə çap olunub.