Ölkəmizdə dinamik iqtisadi inkişafa paralel olaraq sosial sahənin bütün istiqamətlərində mühüm və səmərəli islahatlar həyata keçirilir, vətəndaşların pensiya təminatı ildən-ilə daha da yaxşılaşdırılır. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı təmin edilib, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılıb. Əmək pensiyasının məbləğinin hər il mütəmadi olaraq artırılması da pensiyaçıların rifah halının yaxşılaşdırılmasına əhəmiyyətli şəkildə təsir göstərir ki, bu da vətəndaş məmnunluğunu təmin edir. Qeyd edək ki, ölkəmizdə vətəndaşların minimum və orta pensiyasının alıcılıq qabiliyyəti indeksinin yüksək olması pensiyaçıların sosial təminatını qarşılamağa imkan verir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ötən il orta aylıq nominal əməkhaqqı əhəmiyyətli dərəcədə yüksəlib ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq 2021-ci ildə pensiyaların sığorta hissəsinin həmin faiz qədər indeksləşdirilərək artırılmasını şərtləndirir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında ” 5 fevral 2021-ci il tarixli Sərəncamına əsasən, əmək pensiyalarının sığorta hissəsi ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 1 yanvar tarixinə 11,4 faiz artırılıb. Bu artım pensiyaçıların rifahına ciddi dəstək olan tədbirlərin cari ildə də davam etdiyini göstərir.
Həmin Sərəncamda nəzərdə tutulan tapşırıqların operativ qaydada icra edilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, muxtar respublika üzrə əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsindən irəli gələn vəzifələr barədə şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilib. Fondun yerli qurumları pensiyaların sığorta hissəsinin artırılması prossesini başa çatdırıb, yanvar ayının artımları da daxil olmaqla, fevral ayının pensiya ödənişində əmək pensiyaçılarına ödənilib.
Fond tərəfindən muxtar respublika üzrə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kimi əmək pensiyası alan pensiyaçılar istisna olmaqla, 46 min 388 əmək pensiyaçısına və ya pensiyaçıların 92,3 faizinə şamil edilib. Bu artımların həyata keçirilməsi məqsədilə fondun büdcəsindən hər ay 1 milyon 250 min manata yaxın əlavə vəsait ayrılıb.
Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublikada fərdi uçot sistemində qeydiyyatda olan 179649 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı məbləğləri də indeksləşdirilməklə 2,8 faiz artırılması elektron qaydada həyata keçirilib. Bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir. Belə ki, onların fərdi hesablarındakı pensiya kapitalının həcmi təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək də artırılır. Bu isə sığortaolunanların gələcəkdə yüksək pensiya ilə təmin olunmasına müsbət təsir göstərir.