Muxtar respublikada uşaqlara qədim el sənətimiz təbliğ edilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Heydər Əliyev adına tam orta məktəbin kollektivi ilə birgə “Milli dəyərlərimiz müasir dövrümüzdə” mövzusunda tədbir keçirilib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rəşad Xudiyev bildirib ki, tədbirin keçirilməsində məqsəd xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma, metal üzərində bədii döymə kimi qədim el sənətlərimizi məktəblilər arasında tanıtmaq və bu dərnəklərə uşaq cəlbini artırmaqdır. Belə tədbirlər, həmçinin istedadlı uşaqları üzə çıxarmaq baxımından da önəm kəsb edir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, etnoqrafiya və arxeologiya institutunun şöbə müdiri Asəf Orucov “Heydər Əliyev və milli dəyərlərimizin qorunması” mövzusunda, Heydər Əliyev adına tam orta məktəbin direktoru Elmira Həsənova isə “Milli dəyərlərimizin tarixi abidlərdə əksi” mövzularında çıxış ediblər.
Tədbirdə xalqımızın milli dəyərlərini özündə əks etdirən videoçarx da nümayiş olunub. Sonra iştirakçılar mərkəzdə milli dəyərlər, toxuculuq və dekorativ tətbiqi sənət şöbəsində fəaliyyət göstərən xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma, metal üzərində bədii döymə və bədii tikmə dərnəkləri ilə yaxından tanış olublar.
Xosrov İbrahimov