“Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilən edilən şəhid baş leytenant Telmanlı Allahyar - VİDEO
Telmanlı Allahyar 1992-ci il iyulun 20-də Şərur rayonunun Yengicə kəndində dünyaya göz açıb. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin 8-ci sinfini bitirdikdən sonra sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə verir. 3 illik hərbi liseydəki təhsil illəri Allahyara çox şey qazandırır. Burada bilik, bacarıq və ilkin hərbi biliklərə yiyələnən gənc kursant yoldaşları ilə təhsilini davam etdirmək üçün Bakı şəhərinə yollanır. 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan Telmanlı Allahyar Tərtər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayır.
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixiləşdi.
Telmanlı Allahyar da bu döyüşlərin fəal iştirakçısı olur. Son ana qədər döyüşən Allahyar şəhid olmuş döyüş yoldaşını neytral zonadan çıxarmaq istərkən snayperlə vurulur.
Aprel döyüşləri ordumuzun qələbəsi ilə bitir. Müalicəsi başa çatdıqdan sonra müharibə veteranı baş leytenant Telmanlı Allahyar yenidən xidmətinə qayıdır. Bu döyüşlərdə göstərdiyi şücaətə görə Telmanlı Allahyar "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunur.
2020-ci ilin sentyabrın 27-dən səhər saatlarından növbəti təxribata əl atan Ermənistan ordusuna Milli Ordumuz ikinci Aprel dalğasını yaşadır.
Füzulidən Hadruta qədər şərəfli döyüş yolu keçən baş leytenant Telmanlı Allahyar öz müqəddəs arzusunu Cəbrayılda gerçəkləşdirir: üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı əzəli və əbədi ata-baba yurdunda dalğalandırılır.
Düşmənin şəxsi heyətini, texnikasının darmadağın edilməsində böyük xidmətlər göstərən baş leytenant Telmanlı Allahyar yaralanmasına baxmayaraq, döyüşə davam edir. Hadrut istiqamətində gedən gərgin döyüşlərdə düşmənin növbəti gülləsinə tuş gələn gənc zabit şəhadətə qovuşur.
Ölümündən sonra baş leytenant Telmanlı Allahyar “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilir.
Bu gün onun Babək rayonunun Şəkərabad kənd qəbiristanlığındakı məzarı ziyarətgaha çevrilib. Vətən sevgisini bütün müqəddəsliyi və ülviliyi ilə 26 illik həyatına sığdıran gənc zabitin ömür yolu gənclərə örnəkdir. Bu ömür yolundan hər kəs öz payını götürür: Vətənə sədaqətlə xidmət etmək, vətən torpaqlarını qorumaq və gələcək nəsillərə ötürmək kimi...
Ruhiyyə Rəsulova